“Artıq iki gündür davam edən Kursk döyüşləri Avropada qazın qiymətinin 6% artmasına səbəb olub”.
Bu sözləri Yenicag.az-a açıqlamasında neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban deyib.
Mütəxəssis Ukrayna ordusunun Kursk vilayətinin Sudja qəsəbəsində yerləşən qazölçən stansiyanı ələ keçirməsindən sonra dünyada qazın qiyməti ilə bağlı yaranan rezonansdan söhbət açıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumu fonunda qazın qiyməti London birjasında (Niderlandda təhvil verilməklə) 1000 kubmetr üçün 444 dolları ötüb.
İ. Şaban əlavə edib ki. 2023-cü ilin dekabrından sonra Avropada hələ bu qiymətə hərraclarda qaz ticarət edilməmişdi.
“Bazar iştirakçıları ehtiyat edirlər ki, hərbi əməliyyatlar Rusiya qazının “Sudja” qazölçən stansiyası vasitəsilə nəqlinə neqativ təsir göstərə bilər. Hazırda Rusiya Slovakiya və Avstriyanın ehtiyacları üçün bu marşrutla Avropaya gündəlik 42 milyon kubmetr qaz tədarük edir. Bundan başqa, Urenqoy-Pomarı-Ujqorod qaz kəməri üçün sərhəd yaxınlığında giriş nöqtəsidir. Onun dayanması ilə Rusiya qazının Ukraynadan keçməklə Avropaya tranziti dayana bilər”, – deyə o əlavə edib.
O, vurğulayıb ki, qazın qiymətinin Avropa bazarında artmasının Azərbaycanın gəlirlərinə birbaşa təsiri var:
“Çünki Azərbaycan Respublikasının Energetika Nazirliyinin məlumatlarından çıxış etsək, 2024-cü ilin ilk yarısında qaz satışımızın 51%-i məhz Avropa bazarlarında həyata keçirilib”.
“Bundan sonra Avropa bazarlarında qaz qiymətlərinin artımı iki faktordan asılı olacaq: dünyadakı hərbi-siyasi gərginlikdən və Avropanın özünün iqtisadi durumundan. Bu məsələlər isə çox dəyişkəndir. Ona görə də enerji daşıyıcılarının qiymətlərinin vaxtaşırı enişi və artımının müşahidə olunması daha realdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov