Almaniyadan azərbaycanlı mühacirlərin kütləvi deportasiyası başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Almaniyayada mühacir həyatı yaşayan azərbaycanlılar məlumat veriblər.
Məlumata görə, Alman polisi Frankfurt, Köln, Wiesbaden, Koblens vә Düsseldorf şәhәrlərində 13 ev və obyektə basqın edib. Axtarış zamanı xeyli sənəd ələ keçib və 8 nəfər saxlanılıb. Bu barədə digər yazılarımızda ətraflı məlumat verilib.
Bu gün siyasi mühacir Həbib Müntəzir özünün facebook hesabında “Ən son aldığım məlumata görə bu gecə Almaniyadan, əsasən Bavariya torpağından xeyli azərbaycanlı siyasi mühacir deport olunacaq. Əsasən də Müsavat partiyasının sənədi ilə müraciət edənlər”, yazıb.
Əldə edilən məlumata görə, Almaniya polisinin “mühacir ovu” bununla yekunlaşmayacaq. Alman polisi ölkədə olan azərbaycanlı mühacirələrin böyük əksəriyyətini Azərbaycana deport edəcək.
İddia olunur ki, “mühacir ovu” təkcə Almaniya ilə yekunlaşmayacaq. Avropada olan azərbaycanlı mühacirlərlərin sənədləri yenidən araşdırılacaq və əksəriyyəti öz ölkələrinə göndəriləcək. Bildirilir ki, əsasən də Müsavat partiyası üzvləri xüsusi yoxlanılacaq. Bu da o deməkdir ki, yaxın günlərdə Avropada mühacir həyatı yaşayan insanların böyük əksəriyyəti yenidən öz ölkəsinə məcburi şəkildə dönəcək.
Həbib Müntəzir başqa bir statusunda isə deport edilən şəxslərdən birinin intihara cəhd etdiyini də yazıb:
“Son günlər Almaniyadan deport olunduğu iddia edilən siyasi mühacir azərbaycanlılar:
Geseke şəhərindən Mütəllimov Əfran, Mütəllimova Ülviyyə
Achen şəhərindən müsavatçı Toğrul Məmmədov
Hamm şəhərindən Azər Əliyev, yoldaşı və iki uşağı. Azərin intihara cəhd etdiyi bildirilir.
Bavariyadan Davudov İmran və ailəsi
Bavariya, Gunzenhausen şəhərindən Müsavat AKM üzvü Taryel Rüstəmov”.
Siyasi mühacir Orduxan Teymurxan da öz sosial şəbəkə hesabında mühacir alveri ilə məşğul olan mütəşəkkil şəbəkənin Alman polisi tərəfindən həbs olunduğunu yazıb. O, bildirib ki, kütləvi mühacir deportasiyaları başladı. Bundan əlavə Orduxan Teymurxan qeyd edib ki, mühacirlərin hamısının qapısı döyüləcək. O, bu məsələdən narahat olanlara da şərhində deyib ki, ölkəni tərk edənlər başına bu işlərin gələcəyini də gözə almalıdır.
Məsələ bununla da yekunlaşmır. Mühacirətdə olan Sevinc Osmanqızı isə çıxışlarında Müsavat partiyasının başqanı Arif Hacılını istefaya səsləyib. Yeri gəlmişkən, bu gün Müsavat partiyasının başqanı Arif Hacılı baş verənlərə heç bir münasibət bildirməyib. Jurnalistlərin zənglərini isə cavabsız qoyub. Arif Hacılının facebook hesabında istifadəçilər baş verənlərlə bağlı suallar ünvanlayıb. Ancaq bütün sualları cavabsız qoyub.
Əldə edilən daha bir məlumata görə isə, Azərbaycan höküməti də saxta sənədlərin düzəldilməsi və ölkə vətəndaşlarının xaricə mühacir getməsində əli olan şəxslərlə bağlı da araşdırmaya başlayacaq.