“Avropalılar Ərdoğana dua etməlidir”

98094“Türkiyə uzun müddətdir ki, miqrant probleminə tamamilə fərqli yanaşır. Belə bir ölkəni tək qoymamağımızı məsləhət görürəm”.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban Almaniyanın “Bild” qəzetinə müsahibəsi zamanı deyib.

Baş nazir bildirib ki, avropalılar hər həftə Ərdoğan üçün ayinlər təşkil etməlidir.

Viktor Orban Avropaya gələn miqrantlar barədə danışarkən, onların Yunanıstan, Makedoniya, Serbiya və Avstriya kimi ölkələri bəyənmədiyini söyləyib.

“Qaçqınlar Avropaya müharibə bölgələrindən birbaşa gəlmirlər. Onlar birinci Suriya ilə qonşu ölkələrdə qaçqın düşərgələrində məskunlaşır. Oradakı həyat şəraiti xoşlarına gəlmədiyi üçün Avropaya xüsüsilə, Almaniya və İsveçrəyə üz tuturlar”.

Baş nazir mirqantların təhlükəsiz həyat deyil, daha yaxşı yaşamaq arzusu ilə Avropa gəldiklərini deyib.

Avropada miqran problemi günü-gündən dərinləşməkdə davam edir. Hər gün minlərlə qaçqın Qərb ölkələrinə keçmək üçün Türkiyə və bölgədə yerləşən digər dövlətlərin ərazisində istifadə edirlər.

Xüsusilə Suriyada gedən hərbi əməliyyatlar, İŞİD terrorçularının zülmü insanları öz ölkələrini tərk etməyə vadar edir. Onların əksəriyyətinin üz tutduğu Avropa ölkələrinin çoxunda isə miqrantlar arzuolunmazdırlar. Yerli sakinlər miqrantların gəlişi ilə ölkələrində cinayətkarlığın, işsizliyin artacağını düşünürlər.

Ən gərgin vəziyyət isə Macaqıstan-Serbiya sərhədində yaşanır. Macar polisi ölkəyə gələn miqrantlara qarşı çox sərt tədbirlər görür.

Bir neçə gün əvvəl isə Macarıstanın baş naziri Viktor Orban miqrantları sərt şəkildə tənqid edərək onlara gəldikləri yerə geri qayıtmağı məsləhət görüb.

“Onlar gəldikləri yerə qayıtsınlar. Əslində bu miqrantlar birbaşa hərbi əməliyyatlar aparılan rayonlardan gəlməyiblər, Suriya ilə həmsərhəd ölkələr – Livan, İordaniya, Türkiyənin çadır şəhərciklərindən gəliblər. Onlar orada təhlükəsizlikdə idilər. Ona görə deyirəm ki, bu insanlar təhlükədən qaçmırdılar. Onlar Avropaya sağ qalmaq üçün gəlmirlər, sadəcə daha yaxşı həyat axtarırlar”, – deyə Orban bildirib.