Avropanı bürüyən təhlükəli MİLLƏTÇİLİK DALĞASI: “Başqa xalqlara və mədəniyyətlərə qarşı…”

“İfrat millətçi partiyanın seçkidəki qələbəsi Avropanın başqa ölkələrində də irqçilik və ayrı-seçkilik dalğasının güclənməsinə təkan verəcək”.

Bu fikirləri Niderlandda keçirilən parlament seçkilərində ifrat sağ Azadlıq Partiyasının qalib gəlməsini şərtləndirən amilləri dəyərləndirən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Niderlandda keçirilmiş seçkilərdə qalib gələn partiya radikal millətçi mövqeyi ilə fərqlənir:

“Ümumiyyətlə, dünyada belə tendensiyalarla tez-tez qarşılaşırıq. Özünü demokratik, insan hüquqlarının təminatçısı hesab edən ölkələrin, əslində, tamamilə fərqli siyasi kurs həyata keçirdiyinin dəfələrlə şahidi olmuşuq.

Niderlandda ifrat millətçi partiyanın seçkidəki qələbəsi Avropanın başqa ölkələrində də gələcəkdə irqçilik və ayrı-seçkilik dalğasının güclənməsinə təkan verəcək.

Açıq görünür ki, demokratiya “pərdə”sinə bürünən əksər ölkələr digər xalqlara və mədəniyyətlərə qarşı ayrı-seçkilik siyasəti həyata keçirirlər. Bu isə təhlükəli tendensiya olmaqla yanaşı, müsbət heç nə vəd etmir.

İyirmi birinci əsrdə yaşamağımıza baxmayaraq, Fransa kimi ölkələrin siyasətində neoimperializm meyllərinin şahidi oluruq. Bu gedişat kifayət qədər təhlükəlidir və beynəlxalq hüquq normalarına tamamilə ziddir”.

Nəsimi Ələsgərli

COP29