!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropanı ilahiləşdirən azərbaycanlılar

!Reklam – Yazi

Qərb demokratiyası deyincə, ilk olaraq Əfqanıstanda öldürülən 2 milyon, İraqda qətlə yetrilən 1 milyon uşaq, qadın, hazırda Suriyada öldürülən dinc insanlar, heç bir təqsiri olmadığı halda illərlə məhkəməsiz filansız dəhşətli işgəncələr altında Quantanamoda saxlanılan müsəlmanlar yada düşür. Hələ Avropanın ən demokratik hesab edilən ölkələrindəki gizli işgəncə həbsxanalarını demirik. 1960-cı illərə qədər müstəmləkələr saxlayan Avropa necə oldu ki, anidən demokratiya adlanan quruluşa transfer etdi?

Dünyanın bir çox müstəqil siyasi şərhçilərinə görə, əslində Qərb demokratiya adı altında öz keçmiş müstəmləkəçilik siyasətini davam etdirir, bir çox hallada artıq işğalçılıqla deyil, ən müxtəlif metodlarla “2-ci, 3-cü dərəcəli” ölkələri təsir altında saxlayır. Bu təsirləri qəbul etməyən ölkələr “antidemokratiyada” , “tiranlıqda” ittiham olunur. Bəzən isə əsasən də müsəlman coğrafiyasında qanlı savaşlar törədilir, ABŞ və Avropanın istehsal etdiyi ən müasir silahlar böyük bölgələri məhv edir, analar övladlarını, övladlar valideynlərini itirirlər. Bütün bunlar isə demokratiya ixracı adı altında baş verir. Baş verənlərə haqq qazandırmaq üçün də metodlar düşünülüb. Qərb mediası ilə yanaşı “2-ci, 3-cü dərəcəli” hesab edilən ölkələrdəki 5-ci kolon cəmiyyətdə fikir formalaşdırmağa çalışır. Lakin, Avropanın tam göbəyi sayılan Hollandiya və Almaniyada ifadə azadlığına edilən kobud müdaxilə, pərdəarxasında hansı məqsədlərin yatdığını açıq şəkildə görməyə imkan verir.

Hollandiyanın Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun uçuş iznini ləğv etməsi, Ailə və Sosial Siyasət naziri Fatma Betül Qayanı həbs etməklə hədələməsi “Avropa demokratiyası” adını rüsvayçılıqdı. Lakin, baş verənlərin fonunda içimizdə Hollandiyanın bu addımını müdafiə edənlər də tapılır. Bu həmin şəxslərdir ki, demokratiya, insan haqları haqda pafosla danışırlar. Bir anlıq təsəvvür edin ki, Azərbaycan hökuməti Hollandiya və Almaniyanın türk siyasətçilərə qarşı etdiyinin onda birini bu ölkədəki müxalifətə qarşı edəydi. Nələr baş verməzdi? “Qərb cocuqları”nın səsi -küyü bütün ölkəni bürümüşdü.

Hollandiya Çavuşoğlunun uçuş iznini niyə ləğv etdi? Ona görə ki, Çavuşoğlu orada yaşayan türk vətəndaşlarla referendum öncəsi görüş keçirə bilməsin. Bu görüşləri əngəlləmək üçün hansı bəhanələr uydururdu? “Təhlükəsizlik tədbirləri”, zal təmirə dayanıb kimi bəhanələr. Hətta, Almaniya hökuməti Hamburqda 56 ildir fəaliyyət göstərən böyük bir 5 ulduzlu oteli Çavuşoğlunun görüş keçirməməsi üçün “təmirə dayandırdı”.

Əvəzində isə həm Almaniyada, həm də Hollandiyada PKK terror təşkilatı istədiyi saatda mitinq, küçə yürüşü keçirə bilir. Hətta Fransanın Strasburq şəhərində, Avropa Parlamentinin binasında PKK terror təşkilatının plakatları, terrorbaşı Öcalanın şəkillləri asılır. Necə olur ki, PKK terrorçuları üçün bu “ifadə azadlığı” olur, türk siyasətçilərə isə seçicilərlə görüşə icazə verilmir. Bir dəfə də olsun bu “qərb uşaqları”nın Avropada PKK-nın keçirdiyi aksiyalara etiraz etdiyini gördünüzmü?

Bir müddət öncə Almaniya parlamenti saxta “erməni soyqırımı”nı tanıdı, ondan əvvəl isə bu gün ciddi cəhdlə müdafiə edilən Hollandiya saxta “soyqırımı” tanımışdı. “Qərb uşaqları” heç ümummilli olan bu məsələyə də etiraz etmədilər.
İçimizdəki “qərb uşaqları”nın Türkiyənin dirənişinə niyə belə düşmən kəsldiklərinin səbəbini bilirsiniz? Çünki, avropalılardan qrant alanda, onların qarşısında o qədər boynu bükük dürüblar ki, kiminsə dik duruşunu həzm edə bilmirlər. Psixaloji problem yəni…

Bəs Avropanın son illər Türkiyəyə, AKP-yə qarşı düşmən münasibətinin əsasında nə yatır? Çoxlu səbəblər var. Amma ən əsas səbəblərdən biri inkişaf edən Türkiyənin silah istehsalında da dayanmaqdan addımlamasıdır.
70-ci illərdə Beynəlxalq Valyuta Fondu Türkiyəyə kreditlər verməyə başladı. Türkiyənin o vaxtkı iqtidarları verilən kreditləri iqtisadiyyatın inkişafına yatırmaq istəyincə, BVF buna izn vermədi. Dedilər ki, biz sizə bu pulu iqtisadiyyatın inkişafına görə deyil, silah almaq üçün veririk. Türkiyəni məcbur etdilər ki, ABŞ-dan, əsasən də İzraildən silah alsınlar. Hətta 90-cı illərdə Türkiyənin İsraildən aldığı İnsansız Hava Uçağının pultu belə Tel Əvivdə idi. AKP hakimiyyətə gəldikdən sonra, iqtisadiyyatın inkişafına önəm verdi, ölkədə maliyyə sabitliyi yarandı, daha “kömürə 100 faiz zam, yağa 100 faiz zam” söhbətləri bitdi. Hətta Türkiyə Beynəlxalq Valyuta Fondunun bütün kreditlərini qaytardı və bu rəsmi Ankaranın müstəqil siyasət yürüdə bilməsini daha da asanlaşdırdı. Bundan sonra isə Türkiyə öz silahını, raketini, tankını, İnsansiz Hava Uçağını istehsal etməyə başladı. Türkiyə dünyanın inkişaf etmiş 20 ölkəsi arasına girdi. Bütün bunlar baş verdikcə, Türkiyə gücləndikcə, Avropadan “demokratiya” açıqlamaları da artmağa başladı. Məhz Türkiyənin müstəqil şəkildə silah istehsalına başlaması, aslılığı tədricən aradan götürməsi avropalıların qəzəbinə səbəb oldu. Nəticə etibarilə Türkiyənin müstəqil siyasət yürütməsi o həddə çatdı ki, Almaniya, Hollandiya kimi ölkələr türk siyasətçilərə qarşı nəzakətsizlik göstərərək, onları həbslə hədələyir, ifadə azadlığı hüququndan istifadə etməyə belə imkan vermirlər.

Türklərin Rotterdamda keçirdiyi aksiyanı canlı izlədim. Polis heç bir səbəb olmadan itlərlə mitinqçiləri hücum edir, onları dubinka ilə vururdu . Hətta polis türk qadın nazir Fatma Betül Kayanı da fiziki təzyiq göstərməklə hədələdi. Bütün bunlardan sonra, hələ də baş verənlərdə ifadə azadlığını yasaqlayan Hollandiyanı deyil, Türkiyə hökumətini suçlu bilənlər tapılır. Hadisələrin yaşandığı gündə Facebookda baş verənlərlə bağlı bir müzakirəyə qoşuldum. Hollandiyada PKK terror təşkilatının keçirdiyi mitinqlərin şəkillərini atdım. Avropadan “siyasi mühacirət” alan bir neçə nəfər azərbaycanlı mənə izah etməyə çalışırdı ki, Hollandiyanın PKK-çı terrorçulara mitinq keçirməyə izn verməsi doğru qərardır. Hətta onlardan biri PKK-nı terror təşkilatı olaraq görmədiyini də bildirdi. Bax belə… Adamın vicdanının əlindən alınması böyük dərddir. Bu vicdansızlardan fərqli olaraq Hollandiyada yaşayan türklər bizneslərini belə təhlükə altına qoyaraq küçələrə axışdılar, Türkiyəni müdafiə etdilər.

Hollandiyanın insan haqlarına zidd addımını müdafiə edənlərin mütləq əksəriyyəti Avropanı özlərinə İlahi hesab edənlərdir. Müşahidələrimə görə, ciddi-cəhdlə Hollandiyanın insan haqlarına zidd əməlini müdafiə edənlərin mütləq əksəriyyəti müsavatçı, cəbhəçi, Avropada yaşayan bəzi “siyasi mühacirlər”, Avropadan qrant alan QHT-şniklərdir. Adamlar iddia edirlər ki, Ərdoğan diktatordu, tirandı, nə bilim Hollandiyanın qərarı doğrudur. Adamlar həyasızcasına Türkiyə seçicisinin səs verib seçdiyi hökuməti Səddam Hüseynlə, Qəddafi ilə müqayisə edirlər. Bu müqayisəni savadsızlıq və riyakarlığın son həddi hesab etdiyimdən bu məsələ ətrafında uzun uzadı müzakirə aparmaq istəmirəm. Çünki, bu adamların hətta Türkiyədəki parlament seçkilərində 0,01 faiz səs alan müxalif Doğu Perinçəkin 10-la qəzeti, telekanalının olmasından xəbərləri belə yoxdur. Ən böyük müxalif partiya CHP-nin isə 20-dən çox telekanalı qəzetləri var və birbaşa prezident Ərdoğanı açıq tənqid edirlər. O ki qaldı Hollandiyanın türk nazirləri ölkəyə buraxmamasına, rəsmi Amsterdamın buna ixtiyarı yoxdur. Vyana sözləşməsi deyilən bir şey var. Buna Hollandiya da imza atıb. Lakin, Hollandiya PKK terrorçularına maneəsiz mitinqlər keçirməyə izin verir, türk hökumətinə deyil.

“Kitayski avropalılar” daha bir yalanı sırımağa çalışırlar. Yalan bundan ibarətdir. Deyirlər ki, türk siyasətçilər niyə axı gedib Hollandiyada mitinq, küçə yürüşü keçirməlidir? Bunu öncə də qeyd etdim. Əvvəla Vyana sözləşməsinə görə, seçkilər, referendum zamanı bir dövlətin başqa bir dövlət ərazisində yaşayan seçiciləri ilə görüşmək haqqı var. Bunu bizdəki “kitayski avropalılar” bilməsə də, Avropa Şurasında oturanlar bilirlər. Ona görə də açıqlama veriblər ki, türk siyasətçilərə referendumu seçicilərə anlatma imkanı verilməlidir. İkincisi, nə Almaniya, nə də Hollandiyada mitinq , küçə yürüşü keçirmə planı yox idi. Həm Almaniya, həm də Hollandiyaya qapalı salonda seçicilərlə görüş üçün müraciət edilmişdi. Buna izn verilmədi. Özü də gülünc bəhanələrlə. Hətta Almaniya hökuməti Çavuşoğlunun oradakı zalda görüş keçirə bilməməsi üçün, Hamburqdakı dəbdəbəli 5 ulduz oteli bağladı.

İkincisi , həm Çavuşoğlunun, həm də xanım nazir Fatma Betül Kayanın ölkəyə buraxılmaması tam qanunsuzdur. Çünki, bu nazirlərin diplomatik posportları mövcuddur. İstənilən ölkəyə maneəsiz gedə bilərlər. Xanım Betül Kayaya qarşı edilən addımı isə heç bir hüquq izah edə bilməz. Təsəvvür edin ki, xanım nazir avtomobili ilə Rotterdama türk konsulluq binası qarşısına kimi gəlir, lakin burada polis deyir ki, ölkəni tərk etməsən səni həbs edəcəyik. Hansı əsasla? Bu xanım nazirdir və diplomatik pasporta malikdir. Bundan başqa konsulluq binası rəsmən Türkiyənin ərazisi sayılır. Holland polisi isə türk naziri öz ölkəsinin konsulluğu ərazisinə buraxmır. Bunu heç bir hüquq izah edə bilməz. Qısası, Hollandiya tam beynəlxalq hüququ pozan bir addım atıb. Hollandiyanın insanhaqlarını pozan addımını müdafiə edənlər, sizə gəldikdə isə onsuz da avropalılar sizi hakimiyyətə gətirməyəcəklər. Avropalılar qurumuş ağacı dirildə bilmirlər, sadəcə çır -çırpısından lazım olanda istifadə edirlər.

Türkiyəyə gəldikdə isə rəsmi Ankara öz yolunu davam etdirməlidir. Heç bir təzyiqə boyun əyməməlidir . Sonucda referendumun nəticələrini Türkiyə vətəndaşları müəyyən edir, Con, Henri deyil…(avropa.info)

Yeniçağ.az

www.yenicag.az

693
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv