Cəmalənin “Eurovision-2016″nın qalibi olması və ondan sonra yaşananlar bir neçə gündür ki, medianın da, sosial şəbəkələrin də bir nömrəli mövzusuna çevrilib. Halbuki bu günlərdə bizim gündəmdə saxlamalı, müzakirə eləməli olduğumuz mövzu Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü olmalıydı.
Cəmalə mövzusuna ən doğru yanaşmanı dostum Cavid Cabbaroğlu öz facebook səhifəsində göstərib. Yeri gəlmişkən, buna görə Cavidə təşəkkür edirəm.
Atatürkün hər kəs tərəfindən bilinən məşhur bir sözü var: “Nə mutlu türküm deyənə”. Məhz, deyənə, doğulana yox. Önəmli olan insanın əməlləridir, türk milləti üçün etdikləridir, yerdə qalan hekayə.
Bu ilki qalibə qarşı sürülən iddialardan biri də odur ki, mahnı kifayət qədər professional hazırlanmayıbmış.
Ümumiyyətlə, bu tip tədbirlərdə peşəkarların qalib gələcəyini gözləmək gülüncdür. Aydındır ki, Avropa Birliyi mütəmadi olaraq hər sahədə öz prinsiplərinə uyğun siyasət yürüdür. Ölkəsini tanıtmaq istəyən hər kəs də bir şeyi dəqiq bilməlidir ki, pul gücünə tanıtım hər zaman uğursuzluqla nəticələnir. Sözsüz ki, Ukraynanın qələbəsi Avropanın yürütdüyü siyasətin bir parçasıdır. Ukrayna özünü Avropada qəbul etdirməkdən ötrü “Eurovision”a külli miqdarda pul tökmədi, çünki buna ehtiyacı yox idi.
Çünki bir ölkənin Qərbdə tanınması üçün həmin dövlətin öz daxilində demokratik institutların inkişafına, insan hüquqlarının qorunmasına rəvac verən islahatlar aparması lazımdır. Bir ölkədə ki, heykələ qarşı xuliqanlıq etdiyinə görə gəncləri həbs edirlər, işgəncə verirlər, həmin ölkə nə qədər pul tökür-töksün, əbəsdir. Bu uşaqlar ictimai asayişi pozub. Buna görə qanunla nəzərdə tutulan şəkildə cəzalandırılsınlar. Daha niyə özümüzü gülməli vəziyyətə salan əməllərə yol verək və sonra da bizə gülən Avropanın gözündə normal görünmək üçün bir ətək pul xərcləyək? Bu hansı məntiqə sığır?
Daxildə, demək olar ki, bütün sahələrdə kifayət qədər problemlərin olmasına baxmayaraq, külli miqdarda vəsaitin yarışmalara və digər bunabənzər tədbirlərə xərcləndiyini, bunun müqabilində Azərbaycan vətəndaşının maaşını və sosial durumunun necə olduğunu Qərb çox yaxşı bilir və görür.
Amma məsələ bu da deyil…
Azərbaycan, 12 xalı Rusiyaya verdi. Ən yüksək xalın daima Azərbaycanı dəstəkləyən ölkəyə yox, məhz, Rusiyaya verilməsi səbəbsiz deyildi.
Bəziləri deyə bilər ki, Rusiya böyük qonşudur və Azərbaycan ehtiyatlı siyasət yürütməlidir. Amma sənin ərazində açıq-aşkar qan tökən, müharibə aparan bir qonşu onsuz da düşməndir. “Eurovision”da ən yüksək 12 xalı ona verdiyimizə görə Rusiya Ermənistandan qoşununu çıxartmayacaq, Qarabağı bizə qaytarmayacaq, Azərbaycana qarşı qərəzsiz mövqe sərgiləməyəcək.
Bəli, burda söhbət, məhz, siyasi kursdan gedir. Azərbaycan demokratiya yoluna qədəm qoymuş Ukraynaya deyil, sovetin varisi Rusiyaya səs verdi. Yenə dalana dirəndik.