Avropanın göbəyindəki PKK düşərgəsi

Tez-tez səfərlərdə oluram. Çox zaman tək, bəzən də başqa dostlarla, həmkarlarla birlikdə. Bu səfərlər haqqında qısa xəbər verməklə yetinirəm, arabir geniş yazı da yazıram. Zərurət və vaxt olduqca əlbəttə.

Bu dəfə də bir səfər yazısı yazıram.

Bəlli olduğu kimi, 8-10 noyabr günlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının təşkilatçılığıyla növbəti “Demokratiya üçün dünya forumu” keçirilirdi. Həmkarım Elçin Alıoğluyla birlikdə rəhbəri olduğum Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsini təmsilən biz də bu nüfuzlu foruma qatılmışdıq.

Forumda çıxışlarımız, ümumi gedişat barədə xəbərimiz geniş yayımlandığı üçün bu haqda danışmaqdan vaz keçirəm. Sadəcə bəzi başqa müşahidələrimi diqqətə çatdırmaq istərdim.

Söhbət Avropanın Türkiyənin üzərinə getməsi, insan haqları adı altında küncə sıxmaq cəhdlərindən gedir. İrəli qaçaraq qeyd edim ki, Azərbaycanla bağlı hər hansı gərginlik yaranmadığı üçün biz də çıxışlarımızı, davranışlarımızı uyğun tərzdə sərgilədik. Yəni alışdığımız yersiz hücumlara tuş gəlmədik, ona görə də kiməsə cavab verməyə zərurət yaranmadı. Bunu nəzərə alaraq müzakirələrdə fəal iştirak edib gündəliyə uyğun çıxışlar etdik. Mən də, Elçin Alıoğlu da.

Bütün baş verənlərin fonunda iki ayrı, əslində isə bir-birinə dəxli olan məsələ haqqında qeydlərimi təqdim edirəm.

PKK çadırı. Bu çadır Avropa Sarayının tam arxasında, parkın bir kənarında qurulub. Türkiyəli ekspertlərin çıxışları zamanı bu məsələyə də toxunuldu. Bizim də diqqətimizi cəlb etdiyi üçün oranı yaxından görmək fikrinə düşdük. Necə ola bilər ki, PKK kimi terrorçu bir təşkilat insan haqlarını hər addımda dünyanın başına qaxan Avropa qurumlarının beş addımlığında çadır qura bilir?

Hələ bu azmış kimi PKK tərəfdarları salonlarda da söz alır, çıxış edir, Türkiyəni yerdən yerə vururdu.

Belə çıxışlardan biri də bizim qatıldığımız tədbirdə oldu.

Türkiyəli deputat Leyla Şahin Usta (AKP) bir zamanlar baş örtüsü üzündən universitetdən atıldığını, mücadiləsində Avropa İnsan Haqları Məhkəməsinin ona dəstək olmadığını nəql etdi. O, qeyd etdi ki, buna baxmayaraq davasından vaz keçməyib, təhsilini xaricdə davam etdirib və indi ölkəsində azadlıqlar təmin edildiyi üçün hətta baş örtüsüylə parlamentdə otura bilir.

Xanım deputatın bu çıxışına münasibət olaraq Türkiyənin doğrudan da bir çox problemlərini həll etdiyini, ölkədəki gəlişmələri təqdir etdiyimi dedim. Eyni zamanda qeyd etdim ki, buna baxmayaraq Avropadakı insan haqları qoruyucuları PKK və FETÖ kimi terror qurumlarına bulaşdığı üçün həbs edilən insanları çəkinmədən müdafiə edir. Belə yanaşmaya xanım deputatın münasibətini öyrənmək istədim.

Bir az sonra Leyla Şahin Usta sualıma geniş və əsaslı cavab verməyə başladı. Onun PKK və FETÖ kimi terror təşkilatlarına Avropanın təmkinli yanaşmasını tənqid etməsi zaldakı PKK tərəfdarı bir qızın qəzəbinə səbəb oldu. Həmin qız bütün hədləri aşaraq ayağa qalxıb çığırmağa başladı. Biz də bir müddət buna dözümlü yanaşdıq, amma o, həddini aşınca yerimdən səslənərək etirazımı bildirdim. Bundan sonra qız zalı tərk etdi və biz sualımıza cavabı sonadək dinləyə bildik.

PKK-yla işimiz beləcə bitmədi. Bizi irəlidə daha təəccüblü bir hal gözləyirdi.

Qeyd etdiyim kimi, adətən xarici səfərlərdə mümkün qədər səs-küysüz davranmağa çalışıram. Çünki düşünürəm ki, getdiyim yerdə sadəcə bir fərd olaraq deyil, həm də bir ölkənin vətəndaşı olaraq diqqət çəkə bilərəm. Mənim davranışlarımın ölkəmə zərər gətirməməsi öncəlik təşkil edir.

Yuxarıda söz açdığım PKK çadırından danışmaq istəyirəm. Elçin Alıoğlu, hər halda jurnalist marağı güc gəldiyindən, o çadıra yaxından baxmaq istədiyini deyincə ora yollandıq.

Çadır hər tərəfdən terrorçubaşı Abdullah Öcalanın şəkilləri və PKK bayraqlarıyla bəzədilib. Ətrafı da adamla doludur. Hardasa 40-50 nəfər həm içəridə, həm də dışarıda gəzişir. Uzaqdan görünür ki, bunlar elə dağ başında nədirsə, Avropanın göbəyində – Strasburqda da odur. Geyimləri, davranışları bunu deməyə əsas verir.

Çadır parkın bir kənarı, yolun qırağındadır. Yəni oradan keçmək istəyən mütləq çadırın yanıyla hərəkət etməlidir. Biz də elə etdik. Yanından keçib getmək istədik. Çadıra çatmışdıq ki, bir kənarda oturmuş sarıqlı gənclərdən biri tez qalxıb bizə yaxınlaşdı, heç nə demədən Elçin Alıoğlunun üst-başını yoxlamağa başladı. Təbii ki, əsəbləşdim, dözmədim və qayıtdım ki, bu nə hərəkətdir? Elçin bəy məndən daha təmkinli olduğundandır ki, buna etiraz etmədi. Mənsə ardınca sual verdim: “Siz kimsiniz? Niyə bizim üstümüzü axtarmalısınız?” Cavab gəldi ki, “güvənlik üçün”. Qayıtdım ki, “bura Fransa torpağı deyilmi?” Mən belə deyəndə gənc duruxdu, dayandı. Bizə yaxınlaşan digərləri də eynən duruxdular. Bir qadın da yanaşmışdı. O, gənclərə nisbətən bir az sakit tərzdə, “bəli, bura Fransa torpağıdır”, deyə cavab verdi. Təkrar soruşdum: “Onda siz kimsiniz ki, yoldan keçən adamların üst-başını yoxlayırsınız?” Cavab verməkdə çətinlik çəkdilər. Bütün bu söhbət davam etməkdəykən Elçin bəyin üstünü yoxlamışdılar. Mənsə onları yaxına buraxmadım. Hələ özlüyümdə düşündüm ki, bu Alıoğlu niyə bunlara sakit yanaşır?

PKK-çılar dedilər ki, biz çadıra girən adamların üstünü güvənlik üçün yoxlamalıyıq. Mən də cavab verdim ki, “sənin çadırına girənmi oldu?” İzah etdim ki, mən sadəcə yoldan keçirəm və Fransa torpağında siz mənim üstümü axtara bilməzsiniz. Bundan sonra kənara çəkildilər, “buyur” dedilər. Biz bir qədər də irəli getdik, Elçin Alıoğlu çadıra yaxınlaşdı. Mənsə dedim ki, orda işim yoxdur, səni gözləyirəm. Jurnalist vəsiqəsini göstərdi, bunu içəri aldılar. Mən bir qədər dayandım, gözlədim, sonra da yolun qarşı tərəfinə keçib yağışdan qorunmaq üçün Avropa Sarayının talvarının altına sığındım. Bir az hündür bir yer olduğu üçün hər tərəfi yaxşı müşahidə edə bilirdim.

Həm çadırın yanında olduğum müddətdə, həm də yolun qarşı tərəfində dayandığım zaman PKK-çılar bir-birilərinə məni göstərib nəsə danışırdılar. Hətta çadırın yanında olduğum zaman bir gənc yanaşıb, “kurmanci”, deyə soruşdu. “Anlamadım” cavabını alınca, “burdan nə istəyirsən”, sualını ünvanladı. “Heç nə istəmirəm, sadəcə dayanmışam, yoldan keçirəm” cavabını verdim və gənc çəkilib getdi.

Mənim qətiyyətli davranışım bunları əməlli-başlı təşvişə salmışdı. Bunu həm ətrafımda fırlanmalarından, həm də öz aralarında mənə qara-qara baxaraq danışmalarından hiss edirdim.

Yolun qarşı tərəfinə keçdikdən sonra isə daha geniş müahidə imkanım oldu. Çadırdan ara-sıra bir neçə nəfər çıxır, mənə sarı baxır, öz aralarında nəsə danışırdılar. Bir az sonra isə bir neçə gənc və bir qadın çıxdı. Əlindəki iri fotoaparat dərhal diqqətimi çəkdi. Mənə sarı yönəltdi, şəklimi çəkməyə başladı. Mən də gülərək əl elədim.

Bunun ardınca Elçin Alıoğlu çadırdan çıxdı, çağırdım, yolu keçib mənə sarı gəldi və ordan ayrıldıq.

Elçin bəydən üstünü axtaranlara niyə etiraz etmədiyini soruşanda qayıtdı ki, “sən siyasətçi kimi, mənsə jurnalist kimi davrandım”.

“Mənə çadıra girmək, onları içəridə görmək lazım idi, bunu da etdim. Üstümü yoxlamaları bir şey deyil. Əsas odur ki, bunlarla təmasda oldum, içəridə nə etdiklərini gördüm”, deyə Elçin Alıoğlu qeyd etdi.

Bilmirəm, dağ başından enmiş, amma özünü hələ də dağ başındakı kimi hiss edən yolkəsənlərin Avropanın göbəyində üstümüzü yoxlamasına dözmək doğrudur, ya yox, lakin bir qənaətim bir daha möhkəmləndi: bu PKK-çılar yüz il keçsə də elə beləcə terrorçu kimi qalacaq. Bunlar dağ başıyla Strasburq kimi dünyanın ən sakit və mədəni şəhərlərindən birini ayırd edəcək təfəkkürə sahib deyilsə, nəinki dövlət, heç adi bir aşirət idarə etməyə də haqları çatmır.

Avropaya gəlincə. Bax, ikili standartlar burda da özünü büruzə verir. Sual olunur: niyə Avropa, Fransa bu terrorçuların düz Avropa Sarayının yanında çadır qurmasına, yoldan keçənlərin üst-başını yoxlamasına imkan verir? Bu nə standartıdır?

İnsan haqları? Mən sadəcə yoldan keçərkən bu gerizəkalı dağ adamları niyə qarşımı kəsib üstümü yoxlamalıdır? Kimdir axı onlar? Bəs mənim insan ləyaqətim? Niyə Avropa mənim ləyaqətimi hansısa dağdan enmiş terrorçunun ayaqları altına atır? Budurmu dəyər? Budurmu haqq arama? Olmaz olsun belə haqq arama, belə dəyər, belə insan haqqı!

Avropa PKK terrorçularını öz göbəyində ona görə bəsləyir ki, onlar Türkiyəyə qarşıdır! Çox sadə və hər kəsə aydın səbəb budur. Yoxsa hansısa insan haqqı filan boş söhbətdir.

Bütün bunlarla bərabər bir şeyi də dərk etməlidir bu Avropa: dağ başından enmiş terrorçunun əməlini bir gün elə məhz o Avropa Sarayında gerçəkləşdirməyəcəyinə heç kim təminat verə bilməz. Zatən bunun bənzər örnəklərinə Avropanın hər tərəfində rast gəlmirikmi?

Azər Həsrət

COP29