“Rusiya Ukraynanın Qara dənizə çıxışını bağlasa, Avropa ölkələri real təhlükə ilə üz-üzə qalacaq”.
Bu fikirləri Rusiya-Ukrayna müharibəsinin gedişatı, eyni zamanda, Qərbin Kiyevə hərbi və maliyyə yardımlarını dayandırmasının mümkün nəticələrini dəyələndirən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Rövşən Məhərrəmov bildirib ki, Qərbin Ukraynaya yardımları dayandırması ilk növbədə Avropanı təhlükə qarşısında qoyacaq:
“ABŞ artıq bəyan edib ki, Ukraynaya göndərilən hərbi yardım artıq sonuncudur. Yaranmış vəziyyətdə Ukrayna sanki indi ayılıb ki, öz silah sənayesini inkişaf etdirməli idi. Ona görə də, silah sənayesini qurmağı Kiyevdə “B” planı kimi təqdim edirlər.
Ancaq belə düşünürəm ki, bu, əslində, “B” yox, “A” planı olmalı idi. Bundan əlavə, silah sənayesini inkişaf etdirmək üçün külli miqdarda maliyyə tələb olunur. Hesab edək ki, Ukrayna silah sənayesini qurmağa çalışır. Gəlin görək, Rusiya buna imkan verəcək? Dərhal zərbələr endirəcək.
Ukrayna müharibədən əvvəl bu addımı atmalı idi. Hiss olunur ki, artıq Avropa da öz vəziyyətinin ağırlığını anlayaraq təhlükəsizliyin təmin olunması üçün milyardlarla vəsait ayırmağa başlayıb. Rusiyaya tətbiq edilən sanksiyalar bəzi oliqarxları, iş adamlarını çətin vəziyyətə salsa da, bu addımlar Rusiyanı çökdürmədi. Yəni Rusiya müharibədən əvvəlki dövrlə müqayisədə son iki ildə daha çox neft-qaz satıb. Bundan əlavə, sanksiyalar sanki Rusiyanın yatmış hüceyrələrini də oyatdı və o silah sənayesini inkişaf etdirməyə başladı.
Açıq deyə bilərik ki, Qərb öz siyasəti ilə Ukraynanı güdaza verdi. Vəziyyət elə bir həddə çatıb ki, artıq Qərb mənbələrində Ukraynanın bölüşdürülməsinə, parçalanmasına yönəlik tezislər ortaya atılıb. Əvvəl müharibənin uzanması Qərbə maraqlı idisə, indi Rusiyaya bu maraqlıdır. Rusiya öz istəyinə çatsa və Ukraynanın Qara dənizə çıxışını bağlasa, Avropa ölkələri real təhlükə ilə üz-üzə qalacaq. O baxımdan, Qərb indi Ukraynaya dəstəyini kəssə, öz gələcəyinə ağır zərbə endirmiş olacaq”.
Səxavət Məmməd