Avroparlamentə seçkilərdə Rusiya MÜDAXİLƏSİ: G7 liderlərini öz xalqları cəzalandırdı

“G7 liderlərinin görüşü önəmli xarakter daşıyır. Çünki bu, Avropa İttifaqı Parlamentinə seçkilərdən sonra təsadüf edən bir görüşdür”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Siyasi təhlilçi 13-15 iyun tarixləri çərçivəsində İtaliyada baş tutacaq 50-ci G7 sammitindən söz açıb.

Onun sözlərinə görə, G7-lər dünyada gedən proseslərə öz münasibətlərinə bildirən güclərdir:

“Doğrudur, Avroparlamentdə seçkilər gözlənildiyi kimi olmadı. Əsas da ultrasağçıların iqtidara gəlməsi Avropa İttifaqı (Aİ) ilə ABŞ arasındakı münasibətlərə təsir etdi. ABŞ-nin regiondakı əsas müttəfiqi Böyük Britaniya və Avropa İttifaqıdır. Ona görə də bu gün G7-nin toplantısında “vəziyyətdən necə çıxaq?” mesajı yer almaqdadır. Hətta bununla bağlı Fransa prezidenti Emmanuel Makron cəmiyyətə mesaj verdi ki, “gəlin, birləşək”. Çünki Makron öz hakimiyyətini itirməkdən qorxur”.

Y. Bağırzadə əlavə edib ki, Aİ Parlamentinə seçkilərdən sonra ABŞ-nin Maliyyə Departamenti Rusiyada olan birjaların dollar alqı-satqılarının dayandırılması ilə bağlı sanksiyalar tətbiqinə dair iyunun 12-də qərar verdi:

“Qərara əsasən, Moskva birjasındakı əmtəə və valyuta əməliyyatlarına sanksiyalar tətbiq olundu. Bu isə sanksiyaların 60 gün davam etməsinə dair bir bəyanat idi. Bunun səbəbi o idi ki, G7 görüşünə ABŞ paketlə gəlsin və oradakı dövlətlərə desin ki, “hədiyyə”m budur.

İkincisi isə Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanı çökdürmək planlarıdır. Çünki iddialardan biri budur ki, Avroparlamentə seçkilərdə Rusiyanın müdaxiləsi olub. Ona görə də gələcəkdə ABŞ-də keçirilən seçkilərdə Rusiyanın müdaxiləsinin qarşısının alınması prioritet götürülüb. G7-də əsas qərarlar qlobal məsələlərlə bağlı idi və son görüşdə Çin faktorunun da adı çəkildi”.

Xatırladaq ki, nüfuzlu “The New York Times” nəşri sonuncu G7 görüşünü öz xalqları tərəfindən cəzalandırılan məğlub liderlərin görüşü kimi xarakterizə edib.

Rafi Müslümov

COP29