Bu gün Bakıda Azərbaycan-Avstraliya diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunmuş rəsmi mərasim keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uells və bu ölkənin digər rəsmiləri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Xanlar Fətiyev və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən avstraliyalı nazir bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra Avstraliya Azərbaycanın müstəqilliyini tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər qurulub:
“Bu illər ərzində Avstraliya ilə Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə gedib və xeyli inkişaf edib. Avstraliya ilə Azərbaycan bir sıra sahələrdə əməkdaşlığa dair sənədlər imzalayıb”.
K.Fierravanti-Uells vurğulayıb ki, Avstraliya ilə Azərbaycan ticarət və investisiya qoyuluşunda və digər sahələrdə çox uğurlu əməkdaşlıq edir: “İki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün daha böyük potensial mövcuddur. Mən inanıram ki, Avstraliya ilə Azərbaycan mədən sənayesi, xidmət sektoru, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı genişləndirə bilər. Biz Azərbaycanla əməkdaşlığı davam və inkişaf etdirməyə hazırıq”.
Avstraliyalı nazir iki ölkənin beynəlxalq müstəvidə də səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O bildirib ki, Avstraliya Azərbaycanda keçirilən mədəniyyətlər arası dialoq forumunda və digər beynəlxalq tədbirlərdə yaxından iştirak edib: “Həmçinin avstraliyalı mütəxəsislər Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının, Formula 1 yarışmasının, IV İslam Həmrəyliyi Oyunlarının və digər beynəlxalq tədbirlərin təşkilatçılığına cəlb ediliblər. Sevinc hissi ilə deyə bilərik ki, Avstraliyadan Azərbaycana gələn turistlərin sayı artmaqda davam edir”.
K.Fierravanti-Uells Avstraliya ilə Azərbaycan parlamentləri arasında münasibtlərin də çox gözəl inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, bu əlaqələrin inkişafında Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun böyük rolu olub. Avstraliyalı nazir bundan sonra iki ölkə aradında əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Daha sonra çıxış edən S.Seyidov bildirib ki, Avstraliya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından sonra iki ölkə arasında əməkdaşlıq böyük inkişaf yolu keçib. S.Seyidov vurğulayıb ki, Avstraliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü və milli suverenliyini qətiyyətlə dəstəkləyib:
“Mən Azərbaycan hökuməti və parlamenti adından Avstraliya hökumətinə və parlamentinə bu qətiyyətli mövqeyinə görə təşəkkür edirəm. Avstraliyanın bu mövqeyi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir”.
S.Seyidov bildirib ki, Avstraliya ilə Azərbaycan arasında münasibətlər daim inkişaf edir: “Eyni zamanda biz radikalizm, ksenefobia, antisemitizm və digər təhdidlərlə və çağırışlarla üzləşirik. Biz bu təhdidlərə qarşı mübarizə aparmaq üçün bir yerdə olmalıyıq”.
S.Seyidov vurğulayıb ki, Avstraliya ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün bir çox imkanlar və ideyalar mövcuddur: “Bizim xalqlarımız arasında da güclü əlaqələr mövcuddur və mənim nöqteyi nəzərimdən iki ölkə arasında əməkdaşlığın yeni mərhələsi başlayıb. 2015-ci ildə biz Azərbaycan parlamentində Avstraliya ilə dostluq qrupu yaratdıq. Eyni zamanda 2015-ci ildə Avstraliya Federal Parlamentində Avstraliya-Azərbaycan parlamanetlərarası dostluq qrupu təsis edildi. Bu qrup çərçivəsində bir çox qarşılıqlı və səmərəli səfərlər həyata keçirilib. Hesab edirəm ki, bu bizim uğurlu əməkdaşlığımızın çox gözəl nümunəsidir. Ötən ilin iyun ayında Azərbaycan Prezidenti xüsusi sərəncam imzaladı və ilk dəfə olaraq Azərbaycanın Avstraliyaya fəxri konsulu təyin edildi”.
S.Seyidov vurğulayıb ki, qısa müddət ərzində həm parlamanetlərarası dostluq qrupu, həm konsulluq sahəsində böyük işlər görülüb: “Hesab edirəm ki, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün böyük imkanlar mövcuddur. Çünki Avstraliya ilə Azərbaycan eyni dəyərləri, eyni baxışı, eyni münasibəti bölüşür. Biz daim daha yaxşı gələcək uğrunda mübarizə aparırıq. Baxmayaraq ki, Avstraliya ilə Azərbaycan bir-birindən uzaq məsafədə yerləşir, biz dəyərlərimizlə, birlikdə olmaq niyyətimizlə bir-birimizə çox yaxınıq”.