!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avstraliyalılar Bakı haqqında deyirlər ki,…” – Müsahibə-Özəl

!Reklam – Yazi

Avstraliya Azərbaycan Kültür Dərnəyinin başqanı Hajar Malekin (Həcər Malik) Yenicag.az-a müsahibəsi

IMG_0878– Həcər xanım, Azərbaycana xoş gəldiniz. Özünüzü vətəndə necə hiss edirsiniz?

– İllər öncə Bakı mənim xəyallarımın şəhəri idi. Uşaq vaxtı Bakı radiosunu dinləyib, Azərbaycanla böyümüşəm. Mən əslən İrəvanlı bir ailənin uşağı olaraq, bu həsrətlə böyüdüm. İllər sonra ilk dəfə 1996-cı ildə ilk dəfə Bakıya gəldim. 2006-cı ildəki gəlişimdən sonra bu il üçüncü səfərimi gerçəkləşdirdim. Çox sevinirəm ki, Azərbaycanın ən gözəl insanları ilə bir aradayıq.

– Fəaliyyətinizin böyük bir bölümünü Cənubi Azərbaycan məsələsi təşkil edir. Bəs Təbrizə gedə bilirsinizmi?

– Təəssüf ki, müdafiə etdiyim ideologiya və fəaliyyətim İrana getməyimin önünü kəsir və gedə bilmirəm.

– Diaspora və lobbiçilik fəaliyyətinə neçənci ildə başlamısınız?

– Avstraliyada ilk dəfə 90-cı illərdə dərnək fəaliyyətlərinə başladıq. 1992-ci ildə Zeynəb Xanlarova Avstraliyaya konsert verməyə gəlmişdi. Qarabağın çox ağır günləri idi və Zeynəb xanım vasitəsi ilə Azərbaycanla əlaqələrimiz quruldu. İlk Azərbaycanla əlaqəmizin başlanğıcı o tarixdir. O zamandan bəri diaspora fəaliyyətlərimiz davam edir. Eniş-yoxuşlarımız olsa da,üzərimizdəki basqılara rəğmən biz geri çəkilmədik. Bizi İranı parçalamaq istəməkdə ittiham etdilər, başqa suçlamalarla qarşılaşdıq, amma biz geri çəkilmədik. Bu gün orada çox gözəl bir mövqeyə sahibik.

– Avstraliyadakı azərbaycanlılar arasında yetərincə əlaqə qura bilmisinizmi?

– Zeynəb xanım gəldiyi zaman iki-üç ailəni tanıyırdıq. Bu gün isə Avstraliyada yüzlərlə azərbaycanlı ailələr var. Xüsusilə, gənclər təhsil üçün gəlirlər. Onların hər biri Azərbaycan elçisidir. Azərbaycana son gəlişim ürəyimi daha da açdı. 1996-cı ildə gördüyüm Azərbaycandan əsər-əlamət yoxdur. Şəhər son dərəcə zərif və modern üslubla yenilənib. Ümid edirik ki, Cənubi Azərbaycan da bir zamanlar bu nöqtəyə gələcək.

– Üçüncü dəfədir ki, Azərbaycanda olursunuz. Bu illər ərzindəki fərqi necə qiymətləndirirsiniz?

– Azərbaycan çox düzgün istiqamətdə inkişaf edir. Həm iqtisadi, həm mədəni inkişaf göz önündədir. Turizmin inkişafı bu ölkənin zənginliklərini dünyada tanıdacaq. Avstraliyadan olan dostlarım da Azərbaycanı çox bəyəndilər. Şəhərdə gəzinti zamanı o qədər heyran qaldılar ki, Bakını muzeyə bənzətdilər. Deyirlər ki, sanki biz üstü açıq bir muzeyin içərisindəyik. Yəni, Bakının gözəlləşməsinin xaricilərin üzərində də ciddi təsiri var.

– Avstraliyada diaspora fəaliyyəti ilə məşğul olmaq necə, çətindirmi?

– Biz çox çətin bir yola çıxmışıq. Orada daha çox Güneyli soydaşlarımız yaşayırlar və biz daha çox onların aktiv olmaları üçün çalışırıq. Şimaldan olan azərbaycanlılar zatən dilimizi və ənənələrimizi bilirlər, milli özünüdərk inkişaf edib. Ancaq cənubdan olan soydaşlarımızın durumu yaxşı deyil. Bəlkə aralarında ən yaxşı azərbaycanca yazan mənəm, mən də bəzən qramatikada çətinlik çəkirəm. Bizim cəmiyyətin ilk qərarı bu oldu ki, dilimizi qorumaq üçün öz aramızda Azərbaycan dilində danışaq. Buna baxmayaraq, yazılı olaraq buna hələ də nail ola bilməmişik. Yarımız ingilis, yarımız fars dilində danışırıq.

– Bunun üçün hansı planlarınız var?

– Çalışırıq ki, həmrəylik bayramına qədər Azərbaycan Evinin açılmasına nail olaq. Azərbaycan Evinin əsas məqsədi mədəniyyətimizi tanıtmaq olacaq. O evdə musiqi alətlərimiz, kilimimiz, xalçamız, çayımız, şirniyyatımız, tablolarımız və kitablarımızla təbliğatı davam etdirəcəyik. Çünki Azərbaycanı başqa şəkildə tanıtmaq olmur. “Azərbaycanlıyam” dediyim zaman onlara öncə vətənimizin harada olduğunu anlatmaq məcburiyyətində qalırıq. Azərbaycan evi qurulduqdan sonrakı fəaliyyətimiz bu problemi təməlli şəkildə həll edəcək. Qeyd etməliyəm ki, Avstraliyadakı səfirimiz Azərbaycan evinin yaranması məsələsində çox ciddi dəstək verdilər və verməyə də davam edirlər. Eyni zamanda mən bu səfərdən qayıdanda Bakıdan Avstraliyaya böyük xəzinə aparıram. Xeyli sayda kitablar və digər tanıtım vasitələri Avstraliya üçün çox qiymətlidir. Azərbaycan Evindən başqa Avstraliya Simfonik Orkestrində Azərbaycan əsərlərini ifa etmələrinə çalışacağıq. Çox istərdik ki, Azərbaycan musiqisi Avstraliya səhnələrində də duyulsun. Məsələn “Koroğlu”  simfoniyasının və digər möhtəşəm mahnılarımızın disklərini aparıram. Bu bizə ən böyük hədiyyədir. Təkcə orada yaşayan azərbaycanlılar üçün deyil, avstraliyalılar üçün də böyük bir xəzinədir. Biz Azərbaycan mədəniyyətini, musiqisini onlara tanıtmaq üçün çalışırıq. Biz avstraliyalılardan ibarət rəqs qrupu yaratmışıq. Və çalışacağıq ki, orada Azərbaycanın möhtəşəm əsərlərini Avstraliyaya qazandıraq.

– Azərbaycandan istəyiniz nələrdir və bu səfər sizə nə qazandırdı?

– Bizə mədəni qaynaqlar, mənəvi dəstək lazımdır. Sizin vasitənizlə Tənzilə Rüstəmxanlıya təşəkkür etmək istəyirəm. Bu məsələlərdə onun mənə mənəvi dəstəyi çox böyükdür. Və bu səfərimdən olduqca razıyam. Çünki həm ziyalılarımızla görüşlərimiz, həm də proqramımızın digər hissələri çox uğurlu keçdi. Milli Elmlər Akademiyasının cənub şöbəsi ilə tanış olduq və çox gözəl kitablar hədiyyə aldıq. Sabir Rüstəmxanlının ingilis dilinə tərcümə olunmuş kitab və CD-lərini Avstraliyaya aparıram. Bir sözlə, bu səfər çox ilhamverici oldu.

– Avstraliyadakı digər türkdilli diaspora nümayəndələri ilə əlaqələriniz varmı?

– Türklərlə münasibətimiz çox yaxşıdır. Xüsusilə, Tələt Paşa Komitəsinin Avstraliyadakı nümayəndəliyi ilə çox ciddi əməkdaşlığıdir. Ələvilər və ATA təşkilatı ilə də çox yaxşı münasibətimiz var.

– Son olaraq, arzularınızı öyrənmək istəyərdik…
– Ümid edirəm ki, Azərbaycan dünyada elə bir nümunəvi ölkə olsun ki, cənubun şimala birləşməsində heç bir məsələ qalmasın və bir arada olaq. Biz bir millətik və inanıram ki, çizilən sərhədlər aradan qalxacaqdır.

IMG_0881Söhbətləşdi: Aqil ƏLƏSGƏR

Qələmə aldı: Sevər ŞAKİRQIZI

www.yenicag.az

806
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv