Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Avtandil Məmmədov: "Dinin siyasətcə cəmiyyətdə rolu zəifləyəcək"

Reklam: High Technic

Rusiyanın dünyaca ünlü boru metallurgiya şirkəti “TMK”-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Avtandil Məmmədovla müsahibə.

– Avtandil bəy, tarixdə görünməmiş günlər yaşamaqdayıq. Bir tərəfdən COVİD-19 virusuna görə elan edilən pandemiya, digər tərəfdən neftin dünya bazarındakı qiymətinin kəskin enişi ilə bağlı iqtisadi gərginlik həyatın axışını dəyişib. Aprelin 6-da OPEK+ formatında görüşdən bəzi gözləntilər olsa da, toplantı baş tutmadı, növbəti görüş aprelin 9-na təyin olundu. Toplantının təxirə salınmasının əsas səbəbi nə idi?

– OPEK+ formatının iki nəhəngi var – Rusiya və Səudiyyə Ərəbistanı. Söhbət hər şeydən öncə neft hasilatı üzrə iki nəhəng ölkənin daralmış bir bazar uğrunda savaşından gedir. Bazarı bir tərəfdən də koronavirus daraltmaqdadır. Savaşa cəlb olunan iki nəhəng – Rusiya və Səudiyyə Ərəbistanı super-nəhəng – ABŞ-ı da unutmur. Birləşmiş Ştatlar indi gündəlik hasilat üzrə dünya lideridir. Düşünürəm ki, aprelin 6-da Rusiya və Səudiyyə anlaşma əldə olunmayacağını anlayandan sonra ziyanı xeyirə döndərmək məqsədi ilə ABŞ-ı nəticəsiz danışıqlara cəlb etmək qərarı verdilər. Ancaq bu, perspektivsiz təşəbbüs idi və təsdiqi özünü çox gözlətmədi. Prezident Tramp artıq ABŞ-ın heç bir halda bu danışıqlara qoşulmayacağını bildirib. ABŞ-dan sonra Kanada da eyni mövqeyi açıqlayıb. ABŞ-da Birləşmiş Ştatların Dövlət Neft Şirkəti adlı qurum yoxdur, heç zaman da ola bilməz. Eyni zamanda, dövlətin neft kampaniyalarının səhmlərində nəzarət edəcək, blok qoyacaq hissə payı da da yoxdur. ABŞ-ın neft haslalatçılarına tərbiq etdiyi lisenziya razılaşmaları energetika nazirinə OPEK+ toplantısından döndükdən sonra neft şirkətlərinə hasilatla bağlı ixtisar göstərişi vermək səlahiyyəti də vermir. Birləşmiş Ştatlar qanun dövləti yox, hüquqi dövlətdir.

Qanun dövləti dedikdə onu demək isyəyiram ki, bəzi dövlətlərdə ədalətli və ya ətalətsiz, tarazlanmış və tarazlanmamış bir qanun çıxarılır və ona da əməl edilir. ABŞ hüquqi dövət olduğundan, ABŞ-da gündəmdəki hər hansı məsələni çözmək üçün cəmiyyətin, dövlətin, fərdlərin maraqları fundamental şəkildə nəzərə alınmadan tez-tələsik qanun qəbul etmək mümkünsüzdür. Ona görə də ABŞ-ı hasilatla bağlı danışıqlar prosesinə cəlb etmək çox yanlış təşəbbüs idi. Sözsüz, 1 barel neftin 20-25 dollara satılması ABŞ-ı qane etmir. Fikrimcə, ABŞ artıq OPEC+ formatında iştirakını başa çatdırıb və maraqlı tərəflərə “hasilatla bağlı razılaşma əldə edilməsə, Birləşmiş Ştatlar Rusiya və Səudiyyə Ərəbistanından alınan neft və maye qaza baraj tarifləri qoyacağıq” mesajını verib. Əgər ABŞ bu addımı atsa, neftin qiyməti bir qədər də düşəcək. Buna görə də böyük ehtimalla aprelin 9-da Rusiya və Səudiyyə Ərəbistanı razılığa gələcək və OPEK+ günlük hasilatı azaldıldacaq. Düşünürəm ki, razılığın 2020-ci ilin sonuna qədər, gündəlik 10 min barel olacağı proqnozları inandırıcı görünmür. 3 ay müddətinə günlük aşağı-yuxarı 2,5 milyon barel həcm üzrə razılıq əldə ediləcəyi daha realdır. Bu, neft qiymətlərin 30-35 USD-da saxlamağa da imkan verər.

-İqtisadi böhran və COVİD-19 koronavirus səbəbilə elan edilən pandemiya Yer kürəsində insanların fəaliyyətini hər keçən gün minimuma endirməkdədir. Digər tərəfdən dünya liderləri çıxışlarında 2020-ci ildə yeni dünya düzəninə keçiləcəyi haqqında danışırlar. Siz yeni düzəni necə təsəvvür edirsiniz, bu “dibəvurma”dan sonra nələr baş verəcəyini proqnozlaşdırırsınız?

– Xaraktercə optimistəm. Bunu daha yaxşı olacağına kor-koranə inamım kimi də qəbul edə bilərsiniz. Mən bütünlükdə insanlığın müsbətə doğru dəyişəcəyinə inanıram. Təbii, ictimai münasibətlərin inkişafı, ölkələr arasında münasibətlərin gəlişməsi, bəzi xırda nüansları nəzərə almasaq, müsbət tendensiyalardır. Koronavirus dünya düzəni üçün “RESET” düyməsi olmasa belə, müəyyən formatlama gedəcək və bu yenidən düzənlənmə bütün bəşəriyyətin xeyrinə olacaq. Bununla belə, dünyanın bütün ölkələrinin bu müsbət dəyişiklikləri paralel yaşayacağını söyləmək doğru olmaz.

– Yenidən formatlanma dediyinizdə nəyi nəzərdə tutursunuz?

– Qlobal mənada, dövlətüstü səviyyədə götürsək, Ümumdünya Səhiyyə Təşkilatının önəmi artacaq. Çox güman, ÜST dünya səhiyyə standartlarının yaradılmasında müəyyən mənada yer alacaq. Söhbət BMT konvensiyalarından, hansısa paktlardan getmir. Koronavirusdan sonra ÜST-ün bank nəzarəti üzrə Bazel Komitəsi kimi bir quruma çevrilməsi ehtimalını görürəm. Bazel Komitəsi bank fəaliyyətini nizamlanması üzrə vahid standartlar və metodlar hazırlayan qurumdur, ancaq o, mərkəzi banklar üzərində imperativ inzibati funksiyalara sahib deyil. Ancaq onun hazırladığı vahid standartlar, metodlar pis işləmir. Məsələn, komitənin banklar üçün əsas kapitalının kafiliyi normativi və ya “Countercyclical Capital Buffer” normativi üzrə tövsiyələri bankların və bank sisteminin dayanıqlıq kriteriyalarının qiymətləndirilməsində əsas amillərdir və 2008-ci ildən sonra bütün banklar bu normativləri tətbiq edir. ÜST-nin də məhz bu tip funksiyalarının olacağına inanıram, ÜST səhiyyə üzrə, eləcə də epidemiyaların ləğvi məqsədilə karantin, ya da məhdudlaşdırıcı tədbirlər üzrə vahid kriteriyalar və standartlar hazırlaya bilər.

– Dünyada proteksionizm, millətçilik ön plana çıxmaqdadır. Siz isə əksini proqnozlaşdırırsınız. Niyə bu qənaətdəsiniz?

-Bəli, gerçəkdən də son zamanlar dünyada proteksionizm və millətçilik müəyyən trendə çevrilməkdədir. Mənim fikrimcə, indiki böhranın dərinləşməsinin səbəblərindən biri məhz vəhşi heyvanların satışına sanitar nəzarət, eləcə də qida gigyenası, bioloji eksperimentlərə nəzarət üzrə beynalxalq standartların olmamasıdır. Millətçilərin bütün beynəlxaq institutları sui-qəsdçi kimi qələmə vermək cəhdlərinə gəlincə, bu da cəfəngiyyatdır. Nüvə texnologiyalarına nəzarət məsələsində bu mövqenin cəfəngiyyat olduğu çox aydın görünür. Beynəlxalq Atom Enerjisi Agentliyi – IAEA (The International Atomic Energy Agency) – 1957-ci ildə yaradılıb. Daha sonra – 1968-ci ildə Nüvə silahının yayılmaması üzrə Müqavilə imzalanıb, bununla IAEA xüsusi status qazanıb və iştirakçı dövlətlər qurumla təminat anlaşması imzalamaq məcburiyyətində qalıblar. Bu gün həm nüvə silahının yayılmaması, həm nüvə enerjisinin təhlülkəsiz və hərbi istiqamətə yönəlməməsi üzrə məsələlər IAEA -nın nəzarəti altındadır. Digər sahələrlə müqayisədə, nüvə sahəsinə nəzarətdə durum daha yaxşıdır. Mən yaxın gələcəkdə ÜST-nin də rolunun genişlənəcəyini təxmin edirəm, çünki bu artıq bütün bəşəriyyətin tələbidir.

– Sizcə, siyasi liderlər buna hazırdırlar?

– Öncə yeni dünya düzəni haqqında fikirlərimi tamamlamaq istəyirəm. Əslində bu sualın cavabı da elə o fikirlərin içərisindədir. Koronovirusdan sonra dünyanın siyasi səhnəsinin də yenidən şəkillənəcəyini düşünürəm. Koronavirusla mübarizədə millətçi düşüncəni təmsil edən siyasətçilər nə qədər başarılı olsalar belə, cəmiyyətlər baş verənlərdə onları məsul görəcək və beləliklə sol meyilli siyasi hərəkətlər, sosial-demokratlar, yaşıllar ön plana çıxacaqlar. Eyni zamanda, dini institutların, bütünlükdə dinin siyasətcə, cəmiyyət həyatında rolu zəifləyəcək. Hərbi qarşıdurmalar üçün obyekiv iqtisadi çətinliklər yaranacağına görə sosial və elektoral gözləntilər fonunda liderlər daha rahat anlaşacaqlar. Məhz bu durum səhiyyə, sanitar normalar, bioloji eksperimentlər üzərində nəzarətlə bağlı yeni razılaşmalrın yaranmasına səbəb olacaq.

– Demək istəyirsiniz ki, hər şey indikindən daha yaxşı olacaq?

– Yaşayıb görəcəyik. Demək istədiyim odur ki, qloballaşmanın tələbi ilə beynəlxalq münasibətlərdə dövlətlərüstü rıçaqların nizamlanmasındakı boşluğun doldurulması qaçılmaz olacaq və bu çox müsbət tendensiyadır. Sosial anlamda götürsək, postkoronavirus dönəmində boşanmalar artacaq, odlu silah almaq prosedurlarının maksimal həddə sadələşdirilmiş olduğu ölkələrdə odlu silahlarla törədilən cinayətlərin sayı artacaq, Şərq ölkələrində isə məişət zorakılığı, qadına qarşı cinayətlər daha da genişlənəcək … Bütün bunlar koronavirusdan sonra ölkələrin və millətlərin qarşılaşacağı 1-2 il davam edəcək iqtisadi çətinliklər fonunda baş verəcək.

– Neft qiymətləri ötən həftə bütün psixoloji hədləri keçdib. Azərbaycan nefti 19, Rusiya nefti 13 dollara qədər ucuzlaşdı. Sonrakı günlər yenidən sıçrayış baş verdi. Sizcə, neftin bu “ərköyünlüyü” dünya iqtisadiyyatını az qala 150 ildir davam edən neft faktorundan imtinaya gətirib çıxara bilərmi?

– Fəaliyyətim neft-qaz sektoru ilə bağlıdır və çox istərdim ki, neftin bir bareli 2012-ci ildə olduğu kimi 125 USD olsun. Ancaq bu arzumun gerçək olmayacağını çox yaxşı bilirəm. Neft buğda, şəkər və s. kimi xammmaldır. Ona görə də taleyi birjalarda həll olunur. Ancaq diqqət yetirməli olduğumuz bəzi məqamlar da var. 2016-cı ildən bəri qlobal mənada neftlə bağlı gündəmdə yalnız bir məsələ dayanır – gündəlik hasilat nə qədər azaldılmalıdır. Yəni, neft sahəsində böhran koronavirusdan xeyli öncədən başlayıb. İlkin proqnoz odur ki, neft ildə 5,5-5,8 milyard ton ümumi hasilat ilə dünyada ən kütləvi məhsul statusunu qoruyacaq, eyni zamanda neftin siyasi mahiyyəti azalacaq, kimya sənayesində önəmini saxlaya bilsə də istehlak məsələsində enerji mənbəyi kimi vacibliyini hər keçən gün daha da itirəcək. Təklifin tələbə yetişməməsi tendensiyası keçmişdə qalacaq. Postvirus dönəmində yenidən formalaşmış və inkişaf etmiş dünyada neft siyasiliyini, asılılıq yaratmaq özəlliyini itirəcək. Hətta 2021-ci ildə qiyməti 60-70 USD-a yüksəlsə belə..

– 150 il dünya iqtisadiyyatında davan edən neft hegemonluğunu nə əvəz edə bilər?

– 150 illik hegemonluq məsələsi ilə o qədər də razı deyiləm. Neft 1990-cı illərin ortalarında başlayan köklü qloballaşma zamanı dünya iqtisadiyyatının “ulduzu”na çevrildi. O zamana qədər neft önəmli məhsul olsa da “birinci skripka” sayılmırdı. Qloballaşmaya gəlincə, bir çox proqnozlara baxmayaraq o, davam edəcək, çünki, insanın genetik yapısı daha yaxşı qidalanmağı, daha gözəl geyinməyi, qabaqcıl təhsil almağı, daha yaxşı həyat şərtlərində yaşamağı tələb edir. Bütün bunlar qloballaşma ilə mümkündür. Dediklərimə bir də rəqəmlərl üzərindən baxaq. 1985-ci ildə dünya əhalisinin sayı 4,5 milyard, ÜDM 12,5 trilyon dollar idi. 2018-ci ildə əhali sayı 7,4 milyarda, ÜDM 84,9 trilyon dollara çatdı. Yəni əhalinin sayı 1,5 dəfə artdığı halda ÜDM 6,8 dəfə böyüdü. Məhz qloballaşma nəticəsində… Neft artıq qloballaşmanın bu tempi ilə ayaqlaşmaq gücündə deyil. Eynən XIX əsrin sonlarında buxar maşınları sənayeləşmənin tempinə uyğunlaşa bilmədiyi kimi. Qloballaşmanın indiki səviyyəsi orqanik və texnoloji cəhətdən rəqəmsal sənayeyə, iqtisadi və sosial münasibətlərin virtuallaşdırılmasını tələb edir və rəqəmsal iqtisadiyyat da ona cavab verir. Dərindən baxsaq görərik ki, neft yeni heç nə verməsə də köhnə düzəni çox yaxşı təmin edir. Misal üçün, rəqəmsal sənayenin nəhəngləri Oracle Corporation və Netflix-in dəyəri 310 milyard USD-a çatıb. Oracle Corporation informasiya bazasının idarəetmə sistemləri üzrə, Netflix isə rəqəmsal əyləncə üzrə ixtisaslaşıb. MDB məkanındakı bütün neft-qaz şirkətlərinin, o cümlədən nəhəng РОСНЕФТЬ və ГАЗПРОМ da daxil, qiyməti bu iki şirkətin dəyərindən azdır. Bax bu, həmin o formalaşan reallıqdır. Koronavirus bu tendensiyanı dəfələrlə sürətləndirəcək. Yaxın gələcəkdə neft və qaz sıradan məhsula çevriləcək, neft siyasi faktor sayılmayacaq, neft ölkələri son 20 ildə olduğu kimi “elitar klub” olmaqdan çıxacaq.

– Yəni yüksək texnologiya, şəbəkə texnologiyaları iqtisadiyyatın, məişətin şəkillənməsinin əsası olacaq, süni zəka həyatımızın ayrılmaz hissəsinə çevriləcək…

– Bəlkə, daha da çox. Yüksək texnolojilər, süni intellekt, ünsiyyətin şəbəkələşmiş formaları iqtisadiyyatın, biznesin, məişətin, hətta savaşların əsas elementinə çevrilir. Şəbəkə Mərkəzli Savaş (Network Centric Warfare) adlandırılan hərbi stratejinin uğurlu inkişafı dediklərimin sübutudur. Uzaq vədəli pespektivlərdə ölkələrin hərbi gücücü nüvə silahı deyil, məhz şəbəkə mərkəzli savaş elementləri formalaşdıracaq. Bu gün hərbi sursatların ən kobud “alətləri”ndən sayılan tankların hazırlanmasında süni intellektdən istifadə olunur. Abrams tankının “D” versiyası buna misaldır. 5 il öncə süni intellektin tanklarda tətbiqi bəlkə də çoxlarında gülüş doğurardı. Rəqəmsal sənaye koronavirusla mübarizədə də öz həlledici gücünü nümayiş etdirdi. Sinqapur və Güney Koreya bu sahədə fenomenal sonucları məhz rəqəmsal texnoloji və kütləvi testlər sayəsində əldə edib. Bu səbəbdən əminliklə demək olar ki, koronavirus dünyanın rəqəmsal sənayeyə keçid prosesini sürətləndirəcək.

Başqa bir zaman sizə uzun-uzadı rəqəmsal iqtisadiyyatın fiziki konkatlar üzərində qurulmuş iqtisadiyyatdan nə qədər şəffaf və korrupsiyadan tədric olunmuş olduğu haqqında danışaram.

-COVİD-19-un əsasən Çin iqtisadiyyatını çökdürmək üçün hazırlandığını bildirənlərin proqnozları doğrulmadı. ABŞ, eləcə də Avropanın nəhəng iqtisadiyyata sahib ölkələri pandemiya ilə qızğın mübarizə aparmaqda davam etsələr də, Çində həyat normala dönmək üzrədir. Artıq dünyanın nəhəng şirkətləri Çindəki istehsal sahələrinin yenidən işə başlayacağı tarixləri açıqlamaqdadırlar. Necə düşünürsünüz, bu, COVİD-19 üzərində hələlik nisbi qələbə kimi dünyanın yeni iqtisadi modelinin yaradılmasında da Çinə öndərlik şansı qazandırırmı?

-Heç zaman komplo teorilərinə etibar etməmişəm. Belə bir şey yoxdur. Heç bir ölkə dünyanın ikinci böyük iqtisadiyyatına qarşı bioterrora getməz. Mümkün deyil… Bugünkü dünyanın genəl əxlaqı bir xalqı tamamilə və ya qismən məhv etmək üçün bioloji silah hazırlamağa, tətbiq etməyə imkan vermir. Koronavirus Çin əhalisinin bioloji yöndən uyğunsuz kulinar və qastronomik özəlliklərinin sonucudur. Bu özəlliklər insanların sağlamlığını və təhlükəsizliyini təhdid edəcək səviyyəyə yüksəlib. Çin böyük ölkədir, iqtisadi nəhəngdir, Qərb və ABŞ demokratiyasından kəskin fərqlənən iç siyasəti var. Ölkənin iç siyasəti qeydsiz şərtsiz “məqsəd onu əldə etmə vasitələrinə haqq qazandırır” prinsipinə köklənib. Koronavirusla mübarizədə əldə edilən uğurları da bu prinsip ortaya çıxarıb. Uhanı Çinin digər hissəsindən ayırmaq, şəhəri atəş açmaq hüququ olan ordunun nəzarətinə vermək, daha sonra şəhər daxilində karantin elan etmək, binaların giriş qapılarını qaynaqlamaq koronavirusla mübarizədə müsbət nəticələrə gətirib çıxardı. Gəlin dünyanın digər tərəfinə baxaq – polislərin praktiki olaraq silah gəzdirmədiyi Böyük Britaniyada ordunun, ya da polisin karantin qaydalarını pozanlara qarşı silah işlətməsi nəinki mümkün deyil, həttanbu, bir dəli sayaqlaması kimi görünər. Elə bu səbəbdən Avropada epidemiyanın axışı bir qədər başqadır. Mənim fikrimi soruşsanız, məqsəd ona çatmaq vasitələrinə hər zaman haqq qazandırmır. Çinin koronavirusla mübarizədə əldə etdiyi uğur dövlətin zor tətbiq etmək üçün bəzən sərhədsiz sayıla biləcək hüququnun müsbət effektidir. Çinin artıq normal istehsal ritminə dönməsi də sevindiricidir. Çinlilərin qastronomik ehtiraslarını çıxmaq şərti ilə mən Çində hər şeyi çox bəyənirəm. Digər tərəfdən də düşünürəm ki, bu sürətli başlanğıc Çinə o qədər də böyük uğurlar qazandırmayacaq. Çünki, dünya sürətlə dəyişir, qloballaşır və bu, insanlığın çox böyük uğurudur. Elə bu səbəbdən də demək olar, bütün dünya, yəni həm də Çin sənayesinin istehlakçıları karantin rejimindədir. Əgər istehlakçı xəstədirsə istehsalçı bundan ancaq ziyan görər.

Çinin daha bir ciddi problemi var. Fikrimcə, koronavirsudan sonra Çin Xalq Respublikasına qarşı məhkəmələrdə çox sayda iddialar qaldırılacaq. İxtisasca həm də hüquqşünas olduğum üçün deyə bilərəm ki, bu iddiaların bir çoxu iddiaçılar üçün perspektiv vəd edəcək. Bu məhkəmə çəkişmələri illərlə davam edəcək. Ancaq bir məsələni unutmaq olmaz – ədalət və həqiqətin özünü sübut etmək kimi gizli bir qabiliyyəti var. Milyardlarla dəyəri olan iddialar, uduşlar olacaq … və bu məhkəmə perspektivləri BMT-nin 2004-ci ildə qəbul edilmiş Dövlətlərin və onların mülkiyyətinin hüquqi toxunulmazlığı haqqında Konvensiyasının 12-ci maddəsinə istinad edəcək.

-Nəhəng təbii ehtiyatları olsa da texnoloji imkanlarına görə geridə qalan Rusiya üçün 2020-ci il iqtisadi mənada daha hansı “sürprizlər”lə zəngin ola bilər? Sizin proqnozlarınıza görə, ikiqütblü dünyadan çoxqütblü dünyaya keçiddə Rusiyanı hansı itkilər və mənfəətlər gözləyir?

– Nəhəng təbii ehtiyatlara sahib olmaq böyük üstünlükdür. Bu, həmin ehtiyatlara sahib millətlərin kasıb yaşamamaq şansıdır. Ancaq dünya miqyasında liderlik üçün təbi sərvətlər heç nə ifadə etmir, bunun üçün qabaqcıl texnolojiyalar vacibdir. Rusiyanın hələlik aparıcı texnolojilərlə bağlı ciddi problemləri var. Ancaq nüvə mühəndisliyi, çətin istismar olunan karbohidrogen ehtiyatların hasilıatı, müəyyən mənada metalurgiya sahələri üzrə olduqca parlaq nəticələri də gözardı etmək doğru deyil. Məsələn, “TMK” boru metallurgiya şirkətinin neft-qaz sahəsindəki fenomenal uğurları Rusiyanın uğurlarıdır. Bütünlükdə götürəndə isə, Rusiya iqtisadiyyatı, elmi, eləcə də dövlətin hüquq sistemi ölkənin dayanıqlı liderliyini təmin edəcək gücdə deyil. Ona görə də mən dünyanı çoxqütblü yox, təkqütblü sayıram. Dövlət qurumlarının həddindən artıq və həm də əsassız şəkildə qapalılığı, dövlət maraqlarının insan hüquqları üzərində qeyd-şərtsiz üstünlüyü, hüquqi gözlənilməzliklər, demoqrafik problemlər Rusiyanın davamlı inkişafını əngəlləyən əsas səbəblərdir.

– Rusiya elmi nədən bu qədər gerilədi?

– Böyük mənada götürsək, Rusiya hər zaman elmi dünya elminin zirvələrində olub. Bu faktdır. Ancaq elm-effektiv menecment bağlantısının qurulmasında ciddi axsamalar var. Alimlər nə qədər istedadlı olsalar belə, elmin sənayedə tətbiqi üzrə bütün məsələləri öz üzərlərinə götürə bilməzlər. Tarixdə buna parlaq misallardan biri fantastik dərəcədə istedadlı Tomas Edison və N.Tesla ilə birləşib onunla rəqabət aparan istedadlı sahibkar Corc Vestinhauzun uğurlu hekayəsidir.

– Yeni dünya şərtləri region üçün, Azərbaycan üçün nələr vəd edir? Bütünlükdə neftdən asılı iqtisadiyyatlar potensialları imkan verdiyi halda kənd təsərrüfatı ilə iqtisadiyyatlarını ayaqda tuta biləcəklərmi?

– Azərbaycanın yaxşı demoqrafik göstəriciləri var. Neft və qaz qiymətlərinin yüksək olduğu dönəmlərdə çağdaş istehsal sahələri yaradılıb. Bildiyim qədəri ilə, texnoparklarda ciddi istehsal imkanları və bu günkü tələbin üzərində belə məhsuldarlığa malik pexnoparklar yaradılıb. Bununla yanaşı, digər ölkələrin aparıcı şirkətlərinin iştirakı olmadan bu istehsal müəssisələrində yüksək texnolojiyalı avadanlıqların istehsalına keçməyə imkan verməyən obyektiv səbəblər var. Əcnəbi şirkətlərin iştirakı isə bunun üçün hüquqi baza yaradılmasından keçir. Söhbət dəqiq işlənmiş qanunvericilik bazasından gedir. Düşünürəm ki, parlamentin yenilənməsinin məqsədlərindən biri uğurlu inkişaf üçün hüquqi gözlənilməzlik yaratmayan qanun bazasının yaradılmasıdır. Mənim fikrimcə, müqaviləli istehsalat buna OEM istehsalat da deyirlər (original equipment manufacturer -OEM) haqqında qanunun qəbul edilməsi və Azərbaycanın keyfiyyətli əmək ehtiyatları, sənaye gücünü nəzərə alınmaqla müqavilə istehsalı üçün vergi, hətta xüsusi gömrük qaydalarının yaradılması sənayenin inkişafı üçün real imkanlar yarada bilər. Yeri gəlmişkən, haqqında xeyli danışdığımız Çində bununla bağlı ilk qanun 13 aprel 1988-ci ildə – Den Syaopinin islahatlar dönəmində qəbul edilib. Ardınca qanun üzrə, xüsusən müqaviləli istehsalat üzrə çox sayda akt qəbul olunub. Elə bu qanunlar sayəsində bu gün Çin nəhəng dünya brendlərinin müqavilə istehsalının ünvanıdır./Musavat.com/

www.yenicag.az

291