Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 123 nömrəli şəhərətrafı və 56 nömrəli şəhərdaxili avtobus marşrutlarının qaliblərini müəyyən edib.
Yenicag.az xəbər verir ki, sentyabrın 5-də keçirilən müsabiqədə 123 nömrəli şəhərətrafı (Sumqayıt şəhəri, Sülh küçəsi – “Azadlıq prospekti” metro stansiyası) marşrut üzrə hüquqi şəxs “F.Rövşən” istehsalat müəssisəsi və 56 nömrəli şəhərdaxili (Bayıl yaşayış sahəsi – Səbail rayonu, Salman Mümtaz küçəsi) marşrut üzrə hüquqi şəxs “Xan Nəqliyyat” MMC komissiya üzvləri tərəfindən qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.