Avtomobil ağaca çırpıldı – Yaralılar var

img1908052Bu gün səhər saat 06:00 radələrində Gəncə-Şəmkir yolunun birinci kilometrliyində yol qəzası baş verib.

Yenicag.az Kəpəz TV-yə istinadən xəbər verir ki, sürücü Samux sakini 34 yaşlı Orxan Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə Şəmkirdən Gəncə istiqamətinə yüksək sürətlə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobili yolun kənarındakı ağaca çırpıb.

Zərbənin təsirindən maşın ağacdan bir neçə metr aralıda yerləşən obyektə dəyib. Nəticədə sürücü və onun bir sərnişini Gəncə sakini 24 yaşlı Yasin Məmmədov müxtəlif bədən xəsarətləri alıblar. Yararsız hala düşən avtomobildən yaralılar çətinliklə çıxarılaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.

Sürücünün vəziyyəti ağır olduğundan ixtisaslaşmış xəstəxanaya göndərilib. Sərnişinə isə tibbi yardım göstərilib və sonrakı müalicə üçün palataya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Məharət Kərimov həkim: “Avtoqəza nəticəsində şöbəmizə bir nəfər xəstə gətirilib. Gəncə sakini 1992-ci il təvəllüdlü Məmmədov Yasin Eldar oğlunun bel fəqərələrində müxtəlif xəsarətlər var. İlkin yardım göstərilib və stasionara qəbul olunub”.