Avtomobil bazarında QİYMƏTLƏR UCUZLAŞDI: “Sentyabr ayında…”

 

“Avtomobillərin qiymətinin ucuzlaşması il dəyişimi ilə bağlı ola bilər”.

Bunu Yenicag.az-a açıqlamasında avtomobil mütəxəssisi Elgün Xıdırov qeyd etmişdir.

O, avtomobil bazarında yaya doğru dəyişən qiymət dəyişikliyi ilə bağlı öz fikirlərini bildirib:

“Ümumiyyətlə, avtomobillərin qiymətinin yaya doğru ucuzlaşması bir proqnozdur. Lakin bunun əksi də baş verə bilər. Qiymətin dəyişməsi müəyyən faktorlardan asılıdır. Bura səbəb devalvasiya, inflyasiya, xaricdəki avtomobillərin qiyməti, ehtiyat hissələri, bir sözlə, bir çox səbəblərdən asılı ola bilər”.

Mütəxəssis qeyd edib ki, il dəyişimində avtomobillərin modelləri dəyişdiyi üçün artıq yeni modellər satışa çıxır:

“Adətən, avtomobil sənayesində il dəyişimi sentyabr ayı nəzərdə tutulur. Sentyabr ayında artıq modellər dəyişir və bununla da yeni modellər satışa çıxır. Bu da avtomobillərin qiymətinə təsir göstərir. Yay aylarında mövsümi olaraq avtomobil alış-satışında müəyyən ləngimələr ola bilər. Qiyməti ucuzlaşan avtomobillərin hansı avtomobillər olduğu barəsində hələ ki dəqiq məlumat yoxdur. Ümumiyyətlə, ölkəyə idxal olunan maşınların sayına baxsaq, son illərdə müəyyən artım tempi olmuşdur. Məsələn, 2021-2024-cü illərdə avtomobillərin idxalında 2023-lə müqayisədə azalma müşahidə olunmuşdur. Lakin hibrid avtomobillərdə isə temp artmışdır”.

Nəzrin Bünyatova