Avtomobil nömrələri üçün UNİKAL TƏKLİF: “Ərazilərimizin işğaldan azad edildiyi günlərin…” – Ekspert

“Dünyanın bir çox ölkələrində avtomobillərin nömrə sonluqlarına əhəmiyyət verilməsə də, bizdə vəziyyət fərqlidir”.

Bunu Yenicag.az-a açıqlamasında işğaldan azad olunmuş ərazilərimizin avtomobil qeydiyyat nişanlarının dəyişdirilməsi zərurətini dəyərləndirən nəqliyyat eksperti Aslan Əsədov deyib.

Ekspertin fikrincə, hər bir regionun kodu müəyyən informasiya daşıyıcısıdır və bu informasiya mübadiləsində Vətən Müharibəsində tarixə düşən günlər də nəzərə alınmalıdır:

“Hər bir avtomobilin nömrəsi unikaldır. Kod vasitəsi ilə avtomobilin hansı regionda qeydiyyatdan keçdiyini müəyyənləşdirmək olar. Məsələn, Ağdam-02, Cəbrayıl-14, Fizuli-19, Xankəndi-26, Xocavənd-28, Kəlbəcər-32, Qubadlı-39, Laçın-41, Şuşa-58, Tərtər-59, Zəngilan-64 avtomobil nömrəsi ilə tanınır.

Avtomobil alan, satan və dəyişən şəxslərin nömrə sonluqlarına, daha doğrusu, rəqəmlərin kombinasiyasına əhəmiyyət verməsi heç kəsə sirr deyil. Düzdür, dünyanın bir çox ölkələrində avtomobilin nömrə sonluqlarına əhəmiyyət verilmir. Lakin ölkəmizdə nömrə sonluqlarına böyük maraq var.

Bu marağı nəzərə alsaq, avtomobil nömrələrində ərazilərimizin işğaldan azad edildiyi günlərdən nömrə sonluqları kimi istifadə etmək məqsədəuyğun olar. Bu, eyni zamanda, işğaldan azad olunan ərazilərimizin tarixini tanıtmağa və yadda saxlamağa şərait yarada bilər”.

Gülşən Şərif