Avtomobillərdə qışa hazırlıq məsələləri – Ən çox nəyə diqqət edilməlidir?

“Avtomobildə qışa hazırlıq məsələlərində sürücülərimiz reqlament üzrə avtomobillərinə qulluq etmədiyinə görə, o, mütləq şəkildə mövsümi hazırlıqları görməli olur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında avtomobillərin qış mövsümünə necə hazırlaşmasının yolları barədə danışan avtobloqer, aparıcı Elgün Xıdırov deyib.

Onun sözlərinə görə, nəqliyyat vasitələri bütün mövsümlərə hazırlıqlı vəziyyətdə olmalıdır:

“Bunun da yolu daimi olaraq, dövrü texniki xidmətdən vaxtında keçməsidir. Burada ilk növbədə yada düşən avtomobilin təkəridir. Çünki avtomobildə qış və yay təkərləri var. Avtomobil üçün qış və yay mövsüm olaraq müsbət 5 dərəcədən yuxarı temperaturdan yuxarı yay, 5 və daha aşağı temperatur isə qış mövsümünə görə götürülür. Elə iqlim ölkələri var ki, orada ya həmişə qış, ya da həmişə yay olur. Bəzi ölkələrdə də Azərbaycan kimi mülayim iqlimə malikdir. Orada bütün mövsümlər üçün nəzərdə tutulan təkərlər istifadə olunur. Bunlar nə yayda yay təkəri, nə də qışda qış təkəri kimi özünü göstərir. Ucuz, kompromis variantı kimi sürücü daha çox xərcə düşməsin deyə, istifadə oluna bilən təkərlərdir”.

E.Xıdırov qeyd edib ki, sürücü ilk növbədə fikir verməlidir ki, əgər müsbət 5-dən aşağı temperatur olacaqsa, o artıq qış təkərinə keçməlidir:

“Avtomobildə qışa hazırlıq məsələlərində sürücülərimiz reqlament üzrə avtomobillərinə qulluq etmədiyinə görə, o, mütləq şəkildə mövsümi hazırlıqları görməli olur. Əgər sürücülər vaxtlı-vaxtında bu qulluğu, xidməti göstərsəydi xüsusi hazırlığa ehtiyac da olmazdı. Məsələn, avtomobillərin soyutma mayelərinin vaxtında dəyişdirilməsini misal çəkmək olar. Bir çox insan yayda donmayan mayelərdən düzgün istifadə etmirlər. Bu, həm avtomobilin mühərrikinə ziyandır, həm də qış mövsümündə donma baş verərsə sistemi zədələyə bilər. Daha sonra avtomobillərdə texniki mayelər vaxtı-vaxtında dəyişilməlidir. Düzdür, əyləc mayesinin qış yaxud yayla əlaqəsi olmasa da, hər iki ildən bir istehsalçılar tövsiyə edirlər ki, avtomobillərdə əyləc mayesi dəyişdirilsin”.

Avtobloqer əlavə edib ki, soyuq havalarda ən çox problem yaradan məsələlərdən biri də avtomobillərin 12 voltluq akkumyatorlarıdır:

“Bunlar hava temperaturu aşağı düşəndə öz enerjilərini verə bilmirlər və avtomobili işə sala bilmirlər. Enerji dəyərləri keyfiyyətsiz, yaxud da ömrünü başa vurmuş akkumyatorlarda enerji dəyərləri aşağı düşür. Bu da sürücülərin avtomobili işə salmasında çətinlik yarada bilir. Ona görə də təkərlər, avtomobilin elektrik sisteminin yoxlanılması, akkumyatorların enerji dəyərlərinin ölçülməsi mütləq qaydada yerinə yetirilməsi lazım olan məsələlərdir. Bundan başqa qışda və payızda problem yarada bilən məsələlərdən biri isə avtomobilin içərisində isidici olanda hava buxarları yaratmasıdır. Bu da şüşələrdə müəyyən problemin yaranmasına səbəb olur. Avtomobildə kondisioner sistemi də işlək vəziyyətdə olmalıdır, çünki o salondakı nəmişliyin çəkilməsi üçün lazımdır. Çünki şüşələr tərləyən zaman burada sürücünün görmə məhdudiyyəti yaranır. Yağış mövsümündə sürücülər su vuran, şüşə silən mexanizmin işlək vəziyyətdə olub-olmamasını yoxlamalıdır. Əks halda, bu da yağışda ciddi problemlərə gətirib çıxara bilər”.

İsmayıl Bakuvi

COP29