Avtomobillərdən oğurluq edən qardaşlar saxlanıldı – FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı rayonlarda yük avtomobillərindən akkumulyatorları oğurlamaqla məşğul olan dəstə saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Biləsuvar rayonun Xırmandalı kənd sakini Y. Teymurov polisə müraciət edərək ona məxsus “KamAZ” markalı maşından ümumi dəyəri 560 manat olan 2 ədəd akkumulyatorun oğurlandığını bildirib.

Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş Samit Abdullayev və qardaşı Samir Rəhimov, Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Ağayev olduqları məlum olub.

Bundan başqa, onların Cəlilabad və Salyan rayonlarında daha 3 yük avtomobilindən və bir traktordan ümumilikdə dəyəri 3320 manat olan akkumulyator oğurladıqları da müəyyən edilib. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər Bakı şəhərində kirayə götürdükləri avtomobillə adıçəkilən rayonlara gedərək gecə saatlarında avtomaşınlardan akkumulyatorları götürərək paytaxt ərazisində satıblar.

Hazırda onların digər bu kimi oğurluqlarda iştirakının olub-olmadığı araşdırılır.