Avtomobillərin dövlət rüsumunun artırılmasına ETİRAZ: “Belə məntiqsiz qərardansa…” – EKSPERT

“Nəzərdə tutulan dəyişikliklə müsbət nəticə əldə etmək gözlənilən deyil”.

Bu sözləri “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulan dəyişikliklə Azərbaycana gətirilən avtomobillərin qeydiyyatı ilə bağlı tutulan dövlət rüsumunun məbləğinin artırılmasına toxunan nəqliyyat eksperti Elməddin Muradlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dövlət rüsumlarını qaldırmaq nəqliyyat sahəsində olan mövcud problemlərin qarşısını almaq üçün effektiv olmayacaq:

“Milli Məclisdə müzakirə olunacaq bu dəyişiklik avtomobil bazarında qiymətlərin bahalaşmasına səbəb olacaq. Təəssüf ki, hökumət tıxacın qarşısını almaq üçün yalnız avtomobilləşmənin qarşısını almağa çalışır. Rəsmi qurumların açıqlamalarına görə ölkəyə son bir neçə ay ərzində kütləvi şəkildə minlərlə avtomobil gətirilib. Əvvəlki dövrlə müqayisədə bu göstərici olduqca yüksəkdir. Elə bir gün olub ki, ölkəyə 600-650 avtomobil gətirilib. Bu, fantastik göstəricidir.

Əslində, dövlət rüsumunun artırılması çıxış yolu deyil. Əksinə. rüsumlar müəyyən müddətlik azaldılmalıdır ki, insanlar yeni avtomobillərə keçə bilsinlər. Nəticədə köhnə avtomobillərin sıradan çıxması avtomobil parkının yenilənməsinə yol açacaq. İnsanlar müasir və təhlükəsiz avtomobillərə sahib olandan sonra ətraf mühitin qorunmasında irəliləyiş əldə oluna bilər. Eyni zamanda, yol-nəqliyyat hadisələrinin sayında azalma baş verə bilər. Nəzərdə tutulan dəyişikliklə müsbət nəticə əldə etmək gözlənilən deyil.

Azərbaycanda əhalinin sayına görə avtomobilləşmə çox aşağıdır. Əhalisi bizimlə eyni olan elə ölkələr var ki, 100 nəfərdən 50-60 nəfəri avtomobilə sahibdir. Ölkəmizdə isə 100 nəfərdən 14 və ya 15-nin avtomobili var. Əsas problem odur ki, yol hərəkəti təhlükəsizliyini tənzimləyə bilmirik. Hansısa məmur oliqarxların tikinti şirkətləri yolların kənarında obyektlər tikirlər. Eyni zamanda, yaşıllıqları kəsib yerinə binalar inşa edirlər. Bu amil yolların daralmasına və tıxacın yaranmasına səbəb olur. Dövlət rüsumunun artırılması kimi məntiqsiz qərardansa, bu problemlər aradan qaldırılmalıdır”.

Gülşən Şərif