Avtomobillərin evakuasiyasına görə büdcəyə niyə az vəsait daxil olub?

Azərbaycanda 2016-cı ildə avtomobillərin evakuasiyasına görə büdcəyə az vəsaitin ödənilməsi ilə bağlı müzakirələr tam dəqiqləşdirilməmiş məlumatlara əsaslanır.

Yenicag.az xəbər verir ki, araşdırma zamanı yanvarın 8-də Lider TV-nin “Status” verilişində 2016-cı ildə evakuatorlar tərəfindən daşınan avtomobillərə görə büdcəyə 42 min manatın ödənilməsi barədə məlumatların, əslində, 2015-ci ilin göstəricisi olduğu müəyyənləşib.

Sadəcə, bu rəqəm Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb, halbuki 2016-cı ildə evakuatorlara görə ödənilən məbləğ daha az olub. Məbləğin ilbəil azalması isə Dövlət Yol Polisinə (DYP) məxsus 8 ədəd evakuatorun uzun müddət istismarda olması səbəbindən tez-tez təmirə dayandıqlarına görə digər daşıyıcı şirkətlərlə müqavilə əsasında bu xidmət həyata keçirilib.

Bu baxımdan DYP-nin gün ərzində təxliyyə xidmətini həyata keçirən 2-3 evakuatorunun daşıdığı avtomobillərin sayı il ərzində 2000-dən çox ola bilməz. Ona görə də istismar olunan evakuatorların sayı azaldıqca büdcəyə ödənilən məbləğ də uyğun olaraq azalmağa doğru gedir. Məsələn, evakuasiya xidmətlərinə görə 2012-ci ildə büdcəyə ödənilən məbləğ 69 min 200 manat olubsa, 2013-cü ildə bu məbləğ 61 min 900 manat təşkil edib. Lakin qeyd olunan müddət ərzində daşımaların daha çox müqavilə əsasında xidmət göstərən özəl şirkətlər tərəfindən həyata keçirildiyini də nəzərə almaq lazımdır. Əlbəttə, özəl şirkət qazandığı pulların hamısını dövlətə ödəyəsi deyildi. Bu xidmətin nəqliyyat xərcləri, sürücülərin əmək haqları, onların vurduğu zərərə görə kompensasiyalar və nəzərdə tutulmayan digər maliyyə xərcləri də həmin şirkətlər tərəfindən ödənilir. Şirkətlər öz qazanclarından dövlətə yalnız qazandıqları gəlirin müəyyən hissəsini vergi şəklində ödədikləri üçün hesabatda bu rəqəmlər öz əksini tapmır.

Araşdırma zamanı dayanma-durma qaydalarının pozulmasına görə 2016-ci ildə yığılan cərimələrin məbləğinin 8 milyon manatdan artıq olduğu, 2017-ci ildə isə bu rəqəmin 10 milyon manat təşkil etdiyi müəyyənləşib. (Report)

COP29