Avtovağzalda insan izdihamı: bilet tapılmır

Baki beynelxalq avtovagzal_018 mart 2016-cı il tarixində Bakı Beynəlxalq Avtovağzalından regionlara 621 reyslə 15 mindən çox sərnişin daşınıb ki, bu rəqəm əvvəlki illərlə müqayisədə iki-üç dəfə çoxdur. Bu gün isə Avtovağzalda səhər saatlarından indiyə kimi daşınan sərnişinlərin sayı 18 mini ötüb.

Bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Onun sözlərinə görə, bütün ehtiyat avtobuslar hazırda müvafiq xətlər üzrə sərnişindaşımanı həyata keçirirlər. Bu dəqiqələrdə regionlara 700-dən çox avtobus yola salınsa da, hələ də sərnişin sıxlığı davam etməkdədir. Bu günkü sıxlığın ən başlıca səbəblərindən biri, sərnişin sayının (məhz bu günkü tarix üçün) fəaliyyət göstərən avtobus sayından 4-5 dəfə çox olması, həmçinin, sərnişinlərinin əksəriyyətinin biletsiz olması və regionlara səfər üçün məhz bugünkü tarixi seçmələridir. Çünki adi günlərdə 400-450 avtobusla sərnişin daşınması həyata keçirilirdi, bu gün 700-dən çox avtobus xəttə çıxarılsa da, sərnişin sayı dəfələrlə çoxdur.

Avtovağzala bu gün gələn və gəldiyi saatda gedə bilməyən sərnişinlərə isə Dövlət Avtomobil Nəqliyyatı Xidməti hələ 1 ay əvvəl səfərlərini öncədən planlaşdırmağı tövsiyə etmişdi. Nəzərə alsaq ki, regionlar üzrə biletlər isə avtobus sayına uyğun satılır, deməli bileti əvvəldən almaq lazım idi. Günün sonunda sərnişindaşıma üzrə bugün qeydə alınan dəqiq statistikanı isə növbəti gün diqqətinizə çatdıracağıq.