AXCP-nin keçmiş funksioneri Əli Kərimlini məhkəmədə uddu

Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin partiya sədri Əli Kərimliyə qarşı iddiası üzrə növbəti məhkəmə iclası keçirilib.

Azvision.az xəbər verir ki, sayca 9-cu məhkəmə prosesi hakim Rəşid Səmədovun sədrliyi ilə baş tutub.

İclasda Əli Kərimlinin müdafiə tərəfi iştirak etməyib.

Bundan öncəki prosesdə şikayətçi Aydın Əliyev məhkəməyə AXCP-nin Neftçala rayon təşkilatının sədr müavini Ələkbər Zahidovun da partiya sıralarından qanunsuz olaraq xaric olunması ilə bağlı sənəd təqdim etmişdi.

Aydın Əliyev ifadəsində bildirib ki, 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilib. Onun sözlərinə görə, NTK sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb.

“Əli Kərimli partiyada sərt diktatura rejimi qurub. Onun antidemokratik hərəkətlərinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib. Əli Kərimli siyasi dələduz olaraq bizi, xalqımızı illərdir ki, aldadır. Bu gün də gənclərimizi aldadaraq özünün çirkin oyunlarına qurban vermək istəyir”.

A.Əliyev əlavə edib ki, Əli Kərimli onun normal fəaliyyətinə imkan verməyib: “O, bunu bilərəkdən edib. Partiyaya daxil olan maliyyə vəsaitlərinin onun tərəfindən mənimsənilməsinin üstünün açılmamasına görə belə edib. Partiyaya daxil olan ianələr və digər pulları ancaq öz nəzarətində saxlayan Əli Kərimlini mənim kimi düzgün, əqidəli adam qane etməyib”.

A. Əliyev partiya sıralarından kənarlaşdırılması ilə bağlı protokolda bəzi imzaların saxta olması ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinə ünvanlanmış sorğunun rəsmi nəticələrinə əsasən, protokola imza atanlardan biri – Hüseynova Solmaz Firudin qızı həmin vaxt ölkə xaricində olub. Hüseynova Solmaz Firudin qızı 01. 06. 2019-ci il tarixində Azərbaycan sərhədindən Türkiyə ərazisinə keçib, 13.06.2019-ci ildə geri qayıdıb.

A.Əliyevin partiyadan xaric olunduğuna dair sənədin imzalanması zamanı (10.06.2019) S.Hüseynova ölkədə olmayıb. Protokola onun əvəzindən saxta imza atılıb.

Daha sonra A.Əliyev partiyanın maliyyə mənbələri ilə bağlı bəzi iddialar səsləndirib. O, NTK sədri olduğu vaxtda partiyanın heç bir qanuni maliyyəsinin olmadığını, əldə edilən ianələrin və qrantların Əli Kərimli tərəfindən mənimsənildiyini deyib.

Şikayətçi məhkəmədən partiyadakı ianələrin mənimsənilməsi faktı ilə bağlı məlumatların prokurorluq tərəfindən araşdırılmasını xahiş edib.

Bugünkü prosesdə A.Əliyevin vəkili Vasif Mirzəyev çıxış edərək bildirib ki, AXCP rəhbəri Əli Kərimli ona zidd olan hər kəsi partiyadan kənarlaşdırır.

“Aydın Əliyevin partiya sıralarından kənarlaşdırılması üçün təqdim edilən sənəd əsassızdır. Çünki həmin sənəddə Rəyasət Heyətində iştirak etmiş şəxslərdən biri olan Hüseynova Solmaz ölkə ərazisində olmayıb. Həm də yığıncaqda iştirak edən şəxslərin bəziləri ümumiyyətlə nizamnaməyə əsasən, Rəyasət Heyətinin üzvləri ola bilməzlər. Partiyanın nizamnaməsində göstərilib ki, Rəyasət Heyətinin üzvləri AXCP Ali Məclisinin üzvlərindən seçilməlidir. Amma protokol sənəddə ümumi yığıcağın iştirakçısı olaraq qeyd edilən Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Məmməd İbrahim qeyri-qanuni fəaliyyət göstərir. Açıq şəkildə görsənir ki, bütün bunlar Əli Kərimlinin göstərişi ilə həyata keçirilib. Nizamnamənin kobud şəkildə pozulduğunu müşahidə edirik. Bu səbəbdən xahiş edirik ki, AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının Aydın Əliyevin partiya sıralarından kənarlaşdırılması ilə bağlı qərarı ləğv olunsun və onun AXCP NTK sədri vəzifəsinə bərpa olunması ilə bağlı qətnamə çıxarılsın”.

Daha sonra hakim Rəşid Səmədov iş üzrə məhkəmə qərarını elan edib.

Belə ki, Əliyev Aydın Sədətqulu oğlunun cavabdehlər Azərbaycan Xalq Cəbhəsi Partiyasına və Kərimli Əli Əmirhüseyn oğluna qarşı “Ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komisiyasının sədri vəzifəsinə bərpa olunması” ilə bağlı iddia tələbi təmin olunub.

Qərara əsasən, AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ləğv olunub.

Bundan əlavə, iddiaçı A.Əliyevin AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması qərara alınıb.