AY Partiya Başqanı Ankara Universitetinin rektoru ilə görüşdü

Azərbaycan Yüksəliş (AY) Partiyasının BaşqanıAnar Əsədli bu gün Ankara Universitetinin rektoru Prof. Dr. Necdet Ünüvar ilə görüşüb.

Görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqanın müavini Elşad Abdullayev və Başqanın məsləhətçisi, Ankara Universitetinin müəllimi dr. Rza Heyət iştirak ediblər.

Anar Əsədli partiyanın təhsilə, elmə, tələbə mübadiləsi proqramlarına dair mövqeyini dilə gətirib. O qeyd edib ki, Azərbaycanda azadfikirli insanların yetişməsi üçün hər yönüylə azad universitetlərin fəaliyyət göstərməsi vacibdir. Universitetləri həm elmin, həm də fəzilətli vətəndaşların yetişdiyi ocaq adlandıran AY Partiya lideri əlavə edib ki, Azərbaycanlı gənclərin Türkiyənin sanballı universitetlərində təhsil almaları üçün dövlət proqramının davam etməsinin və genişləndirilməsinin tərəfdarıdır.

Necdet Ünüvar isə Ankara Universiteti kimi köklü təhsil olacağında xeyli azərbaycanlının təhsil aldığını və müəllimlik etdiklərini bildirib. Bununla belə, Azərbaycandan daha çox gəncin universitetlərinə gələcəyinə ümid etdiklərini deyən rektor şərtlər uyğun olduğu halda Azərbaycanda filiallarını açmağa istəkli olduqlarını da sözlərinə əlavə edib.

Rektor bildirib ki, Qarabağın qurtuluşu hərbçilərdən asılı olduğu kimi, inkişafı elm ordusundan asılıdır. Bu baxımdan Azərbaycan və Türkiyə arasında elm sahəsində əməkdaşlığın inkişafı bu zəfər qədər önəmlidir.

Necdət Ünüvar deyib ki, Ankara Universiteti öz tələbələri ilə yanaşı, Azərbaycandan olan gənclər üçün də onlayn təhsil imkanı yaradıb.

Tərəf Azərbaycanda ortaq Qarabağ Universitetinin də qurulması perspektivi ətrafında fikir mübadiləsi aparıb.

AY Partiya Başqanı Necdet Ünüvara Azərbaycan bayrağı və Vətən müharibəsinin simvolu olan Xarı bülbül nişanı təqdim edib.

Rektor da AY Partiya Başqanına hədiyyələr təqdim edib.