AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq” / MÜSAHİBƏ

“Rusiya Ermənistandan da, Qarabağdan da getməli olacaq”.

Azərbaycan Yüksəliş Partiyası Başqanı Anar Əsədli gündəmə dair fikirlərini bölüşüb, partiyanın gələcək planlarından danışıb.

Yenicag.az AY Partiya Başqanının müsahibəsini təqdim edir:

-Anar bəy, Azərbaycanda 50-dən artıq siyasi partiya fəaliyyət göstərir. Vətəndaşlarımızın bir hissəsi bu rəqəmin çox olduğu fikrindədir. Ona görə də yeni partiyiaların qurulması xəbərini bir az qeyri-ciddi, hətta rişxəndlə qarşılayırlar. Nə deyəcəksiniz onlara? Onların mövqeyini dəyişmələri üçün hansı arqumentləriniz var?

-Sizin bir sözünüz çox xoşuma gəldi – “partiyaların qurulması xəbəri”. Adətən insanlarımız “partiya yaradıldı” deyirlər. İnanın, mən indi söz oyununa girmirəm, hər şeyi öz adı ilə çağırmağa çalışıram. Məsələ bundadır ki, “partiya yarandı” sözü ilə “partiya quruldu” sözü arasında onlarla insanın əməyinin, resursunun, fəaliyyətinin qiymətləndirilməsi, dəyərləndirilməsi fərqi var. Biz “partiya yarandı” deyəndə sanki havadan göydən düşmə, heç bir əziyyəti, fəadakarlığı olmayan bir möcüzədən danışırıq. Ona görə də çox asan, sadə, bəsit kimi görünən bir məsələdən, işdən danışırıq sanki. Ancaq, biz deyəndə ki “partiyia quruldu”, o zaman anlayırıq ki, onu quranlar var. Onda başa düşürük ki, neçə-neçə insanın gecə-gündüz fədakarcasına əməyinin nəticəsində qurulub partiya. Razılaşın ki, bu iki yanaşma çox fərqli müstəvilərdədir.

Bunu ona görə söyləyirəm ki, qurulan yeni partiyalara qeyri-ciddi baxan insanlar ehtimal ki, həyatlarında heç vaxt heç nə qurmayıblar. Əks təqdirdə ən azından sərf olunan əməyin müqabilində partiya qurucularının işinə qiymət verər, hörmətlə yanaşarlar. Partiya quruculuğu məhrumiyyətlərlə, fədakarlıqla, risklərlə əlaqədar məsələdir. Bəzən həyatının sonuna qədər ancaq mübarizə aparırsan və nəticəni əldə etmirsən. Nəticəni sonrakı nəsillər əldə edirlər.

– Demək istəyirsiniz ki, partiya qurucuları özləri üçün bir iş görürlərsə belə, insanlar bunu alqışlamalıdırlar?

– Alqışlamaq vəya tənqid etmək hər kəsin öz işidir. Sadəcə rişxənd, lağ-lağı yanaşma olmamalıdır məncə. İstənilən iş müəyyən bir əməyin nəticəsində ortaya çıxırsa, bu əməyə dəyər verilməsinin tərəfdarıyıq. Həm də hər sahədə. Bu bizim cəmiyyətin həyat fəlsəfəsi olmalıdır. Ədalət bəlkə də bu yanaşmadan başlayır.

O ki qaldı “özləri üçün” ifadəsinə, mən bununla razılaşa bilmərəm. Harda görmüsünüz ki, kimsə özü üçün partiyia qursun? Partiya quruculuğu məhrumiyyətlərlə, fədakarlıqla, risklərlə əlaqədar məsələdir. Həm bilik istəyir, həm enerji sərf etməyi, həm də cəsarətli olmağı. Bəzən də həyatının sonuna qədər ancaq mübarizə aparırsan və nəticəni əldə etmirsən. Nəticəni sonrakı nəsillər əldə edirlər. İnsan özü üçün biznes qursa, bundan daha çox şey əldə etmiş olmazmı? Belə olan halda, partiya qurmaq şəxsi ehtiyacları qarşılamaqdan ziyadə, cəmiyyətin, insanların problemlərinə çözüm axtarmaq, toplumun qurucu qüvvlərini təşkilatlandırmaq və sosial-siyasi problemləri həll etmək istəyindən irəli gəlir.

Çözüm yeni partiyalar, yeni siyasi hərəkatlar, ittifaqlar və yeni parlamentdir

Misal üçün, kimi danışdırsanız, gömrük rüsumlarından narazı olduqlarını deyərlər. Bu bir ya da iki adamın problemi deyil, cəmiyyətin problemidir. Bəs bunu necə həll edəcəyik? Sivil mübarizə yolunu seçmiş insanlar nə edə bilərlər? Ancaq parlamentdə bu məsələyə xalq ilə eyni bucaqdan baxan insanların – yəni millət vəkillərinin sayının çoxluğunu təmin etməklə həll edə bilərlər. Deməli, seçki vaxtı həm seçicilər, həm də siyasilər bu məsələdə ittifaqa getməlidirlər. Bəs o ittifaqın təməlində nə durmalıdır? Təbii ki, partiyalaşmaq, təşkilatlanmaq. Biz oturub seçkinin gəlişini gözləməməliyik. İndidən həm sıralarımızı, həm də prinsiplərimizi gücləndirməliyik ki, seçki günü eyni fikirdə olan yüzminlərlə insan doğru seçim etsinlər. Xalqın seçdiyi parlament əsla xalqın mənafeyinə zidd gömrük rüsumlarının və digər sahələrdəki qərarların qəbuluna imkan verməz. Yeni partiyaların qurulma zərurəti də bu təşkilatlanmanın Azərbaycanda istənilən səviyyədə olmamasıdır. Çözüm yeni partiyalardır, yeni siyasi hərəkatlardır, ittifaqlardır, yeni parlamentdir. Biz bu yeniliyin dalğasında qurulan partiyayıq. İnanıram ki, öz taleyinə biganə olmayan vətəndaşlarımız partiyamzı tanıdıqca onun üzvü olmağa çalışacaqlar. Hər halda, işimizin əsas mahiyyəti bu istiqamətdədir.

– Belə olan halda, deməli, siz həm quruluş olaraq, həm də iş üsulu olaraq yeniliyi təmsil edirsiniz. Amma Azərbaycanda bir çox problem köklüdür və köhnədir. Bu köhnəliyi hansı yeni üsullarla aradan götürməyə çalışacaqsınız?

– Hər şeydən əvvəl təkliflərimizlə. Gəlin, bir məsələni müzakirə edək. İndiyə kimi iqtidar-müxalifət münasibətlərində hər iki tərəfin kifayət qədər destruktiv üzvləri aparıcı rolda idilər. İndi hər iki cəbhədə bu yanaşma arxa plana keçməli, bunun yerini konstruktiv tənqid və təkliflər iş prinsipi tutmalıdır.

– Fikrinizi daxili ya da xarici siyasətlə əlaqədar hansısa bir misalla izah edə bilərsinizmi?

– Əlbəttə, elə götürək xarici siyasətimizdəki “balans siyasəti” strategiyasını. İqtidar uzun illərdi ki, xarici siyasətdə balans siiyasətinin doğruluğunu və bunun alternativinin olmadığını deyirdi. Müxalifət nə edirdi? Bunu haqlı olaraq tənqid edirdi və… Və sonra heç nə. Demək olar ki, heç bir əməli təkliflər paketi vermirdilər.

Hərbi qulluqdan dövlət qulluğuna, seçki sistemindən iqtisadi təşviqlərə, yerli özünüidarəetmə sistemindən azad universitetlər formatına qədər Türkiyə ilə sinxronizasiya aparılmalıdır, deyirdik. Nə oldu, biz haqlı çıxdıqmı? Çıxdıq…

Biz ilk gündən deyirdik ki, Azərbaycanın xarici siyasətində əsas xətt avroatlantik inteqrasiya olmalıdır. Bu inteqrasiya isə mücərrəd şəkildə ünvansız formada yox, konkret bir ölkə ilə razılaşma və hər sahədə inteqrasiya ilə olmalıdır, yəni Türkiyə ilə. Hərbi qulluqdan dövlət qulluğuna, seçki sistemindən iqtisadi təşviqlərə, yerli özünüidarəetmə sistemindən azad universitetlər formatına qədər Türkiyə ilə sinxronizasiya aparılmalıdır, deyirdik. Nə oldu, biz haqlı çıxdıqmı? Bəli. 44 günlük müharibədə Türkiyənin hərb sənətində və elmində əldə etdiyi təcrübəni tətbiq edəndə necə zəfərlər qazana bildiyimizi gördükmü? Gördük. İndi düşünün, görün, başqa sahələrdə də onların təcrübəsini tətbiq eləsək, necə inkişaf edərik. Niyə etmirik? Çünki vacib vəzifələrdə bunu edəcək insanlar yoxdur, səlahiyyət sahibi deyillər. Bəs onları nəyə görə bu vəzifələrə təyin etmirlər? Çünki bizim ölkədə balans siyasəti var. Görürsünüzmü, xarici siyasətdəki yanlış yanaşma daxildə necə əks-səda doğurur? Ona görə də biz kompleks şəkildə baxırıq məsələlərə və təkliflərimizi də buna uyğun veririk. Fərqimiz, yeni yanaşma tərzimiz də budur. Tənqid etiyimiz bütün məsələlərə aid konkret təkliflərimiz var. Təklifimiz yoxdursa, tənqid də etmirik. Necə deyərlər, nəyisə bəyənmirsənsə, o zaman öz təklifini ver.

O zaman siz yəgin ki, partiya olaraq Rusiya sülhməramlılarının da Qarabağda olmasına qarşısınız, eləmi? Maraqlıdır ki, onlara qarşı nə kimi təklifləriniz olacaq? Bunun alternativi nə ola bilər axı?

– Öncəliklə, bir məsələyə aydınlıq gətirək. Mən inanıram ki, alternativ olsaydı, dövlətimiz mütləq onu istifadə edərdi. Görünür, sühməramlıların ancaq Rusiyadan olması, Qarabağda yaranmış vəziyiyətin mürəkkəbliyi hazırda ola biləcək yegənə variantdır. Ona görə də məsələ sülhməramlılara qarşı və əleyhinə nəsə etməkdən getməməlidir. Biz baxmalıyıq görək, onların səlahiyyət çərçivəsində fəaliyyət göstərmələrini və belə demək mümkünsə, hədlərini aşmamalarını necə təmin edə bilərik?

Məşhur bir aforizm var: gücdən haq doğular. Yəni, siz doğru da olsanız, gücünüz yoxdursa, haqqınızı da tanımayacaqlar. Və əksinə, doğru olmasanız belə, gücünüz varsa, haqqınızı alacaqsınız. İndi Qarabağ məsələsində biz yerdən göyə qədər doğruyuq. Qalır güclü olmaq. Rusiya sülhməramlıları ayrıca bir-iki minlik dəstə deyil, nəhəng rus ordusunun bir hissəsidir. Onlar regiona yerləşəndən bəri haqqı olmayan işlərlə məşquldular. Bu cəsarəti haradan alırlar? Biz onlara belə haqq verməmişik axı. Həmin o böyük ordunun parçası olduqları gerçəklilyindən alırlar bu haqqı. Çünki güclüdürlər. Deməli, biz də onların gücünə mütənasib güc qoymalıyıq ortaya. Bu isə Türkiyənin gücüdür. Ona görə də biz Azərbaycanda təcili şəkildə Türkiyənin quru, hava və dəniz bazaları açılmalıdır, deyəndə, bu günümüzü düşünüb deyirdik. Dövlət olaraq bunu eləsək, Rusiya sülhməramlıları da hədlərini aşmazlar və bizə daha böyük problemlər yaratmazlar.

Bəs başqa ölkələr necə, misal üçün Fransa? Onlar da sakit oturacaqlarmı, hər səfərində sülh prosesinə əngəl törətdikləri kimi təxribat xarakterli addım atmayacaqlarmı?

– Mən düşünürəm ki, bundan sonra Fransadan hansısa təxribat xarakterli addım gəlməyəcək. Görünən odur ki, Fransa Türkiyənin Qafqazda rolunu artıq anlayır və qəbul edir. Son məktublaşma diplomatiyası da buna işarədir. Makronun Ərdoğana göndərdiyi məktubda Türkçə ifadələr işlətməsi Türk siyasətinin gücünə və iradəsinə bir iltifatdır, ancaq bu iltifatın arxasında duran mesaj Fransanın Türkiyə ilə, dolayısıyla da, Türkiyənin beynəlxalq siyasəti ilə hesablaşmağa başladığının işarəsidir. Fransa anlayır ki, Ermənistana yardım etmək istəyirsə, onu Rusiyanın caynağından qutarmalıdır. Ona görə də regionda Türkiyəyə və Azərbaycana ehtiyacı var. Ümid edirəm ki, Ermənistan rəhbərliyi də bu gerçəyi anlayar və tez bir zamanda qonşuları ilə sivil və mədəni əlaqələrinin qurulmasına çalışar.

AY Partiya olaraq, biz Azərbaycanımızın yolunun avroatlantik inteqrasiya olduğunu demişik və deyirik. Fransanın Türkiyəyə marağı, daha doğrusu ehtiyacı Britaniya Avropa Birliyindən ayrılandan sonra daha da artıb. Türkiyə rəhbərliyi də yenidən Avropa Birliyinə üzv olma yolunda görüşlərə açıq olduğunu bəyan edir. Görünən odur ki, Türkiyə Avropa Birlilyinə üzv olmadan nə Gürcüstan, nə Ermənistan, nə də Azərbaycan ora üzv ola biləcək, olsa belə, effektiv olmayacaq, çünki quru sərhədi olmadan bu üzvlük bir şey ifadə eləmir. Ona görə də, partiyamızın bu məsələdə mövqeyi addım-addım öz təsdiqini tapır. Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq. Başqa yolu yoxdur.

– Belə çıxır ki, Azərbaycanın tam və birdəfəlik şəkildə ərazi bütövlüyünün təmin olunmasına potensial əngəl ancaq sülhməramlılar, yəni Rusiya ola bilər?

– Potensial olaraq, bəli. Çünki Qarabağ məsələsi birdəfəlik Azərbaycanın arzuladığı kimi həll olunsa və Ermənistanla sülh müqaviləsi imzalansa, Rusiyanın Qafqazda qalmağa yeri olmayacaq. Ermənistandan da, Qarabağdan da getməli olacaq. Bu olmasın deyə, hər iki respublikanın daxili siyasətində təlatümlər yaratmaq istəyə bilər. Mən əminəm ki, Azərbaycanda bu keçməz. Ancaq Ermənistan haqqında eyni əminliyim yoxdur. Elə yaxın tarixdə də Ermənistanın dəfələrlə özünü başqa ölkələrin maşası vəziyyətinə saldığını görmüşük. Bu dəfə dərs çıxarıblarmı, görəcəyik.

Rusiyanın Qafqazdan getməsi mümkündürmü? Rusiya özü də, quzey Qafqazı nəzərə alsaq, Qafqaz ölkəsi deyilmi? Bu yanaşmamız Rusiya ilə münasibətlərimizi korlamazmı?

– Biz Qafqaz deyəndə, təbii ki, Azərbaycanın, Gürcüstanın və Ermənistanın yerləşdiyi Güney Qafqazı nəzərdə tuturuq. Böyük ya da Bütöv Qafqaz əlbəttə ki, Quzey və Güney Qafqazı birlikdə nəzərdə tutan ifadədir və bu mənada haqlısınız, Rusiya özü də Qafqaz ölkəsidir. Ancaq burada iki məsələni bir-birindən ayırmalıyıq. Quzey Qafqaz ərazisi Rusiya Federasiyasının ərazisidir və orada onun qanunları keçərlidir. Rusiya özünü Güney Qafqazda da eyni tərzdə aparanda, problem ortaya çıxır. Deyək ki, rusdilli məktəblərin Quzey Qafqaz respublikalarında yerli dillərdəki təhsilin önündə olmasına bir söz deyə bilmərik. Ancaq Azərbaycanda rus dilində orta təhsilin dövlət tərəfindən dəstəklənməsini tələb etmək, bunu ikili münasibətlərdə daim körükləmək yolverilməzdir. Rusiya hər dəfə bu imperialist tərzini ortaya qoyanda nüfuz itirir. Baxın, Ukraynada nə baş verdi? Rusiya rus dili məsələsini elə bir absurd tələb formasına saldı ki, axırda onun öz slavyan qardaşı olan Ukrayna rus dilində danışmağı, xidmət verməyi qadağan elədi. Bu, hələ başlanğıcdır. Gedərək daha da ağır tədbirlər görüləcək. İndi nə oldu, Rusiya bundan qazanclımı çıxdı? Əsla. Bir başqa məsələ, deyək ki, soyadlarımızın sonluqlarıdır. Aydın məsələdir ki, bu sonluqlar çar-sovet dövrünün qalıntılarıdır. İndi 30 ildir, müstəqilik, ancaq hələ də bu məsələyə birdəfəlik həll yolu tapmamışıq. Dövlət, Milli Məclis bu haqda hər kəsin mükəlləfiyyətini müəyyənləşdirən qanun qəbul etməli və soyadların sonundakı –yevlər –ovlar silinməlidir.

Rusiyanın xoşuna gəlməyəcək deyə, bunu niyə etməməliyik ki? Biz onun Quzey Qafqaz muxtariyyəti deyilik ki… Özümüz bilərik. Bizim yanaşmamız da budur.
Biz bunları deyəndə elə təsəvvür yaranmasın ki, Rusiya ilə elmi, mədəni, ticari, insani münasibətlərin tərəfdarı deyilik. Qətiyyən belə deyil. Biz bütün qonşularımızla, o cümlədən Rusiya ilə də bərabərhüquqlu və qarşılıqlı ehtiram və etimada söykənən münasibətlərin tərəfdarıyıq. Yalnız bu, tək bizim istəyimizlə ola bilməz, qarşı tərəf də bu bilincdə olmalıdır. “Səni sevəcəyəm, sən məni sevməsən də” epoxası keçmişdə qaldı. Qısacası, Rusiya faktoru bizim daxili siyasət faktorumuz olmaqdan çıxarılmalıdır, ancaq xarici siyasət faktoru olaraq başa düşülməlidir.

– Daxili siyasət demişkən, post-müharibə dövründə Azərbaycanın hansı yolu izləməli olduğu mövzusunda fikirləriniz maraqlıdır. Dəyişiklik gözləyirsinizmi?

– Həm gözləyirik, həm də dəyişiklik olsun deyə çalışırıq, layihələr hazırlayırıq. Unutmayaq ki, Azərbaycan bir çox ölkədən fərqli olaraq iki post-dövr yaşamaqdadır – biri post-müharibə, o biri isə post-pandemiya. Bu dövrlərin bənzər və fərqli cəhətləri var. Misal üçün, bütün ölkələr post-pandemiya dövründə zəifləmiş iqtisadiyyatlarını gücləndirməyə çalışacaq. Bizdə də bu proses getməlidir, çünki karantin tədbirlərinin səhv istifadəsi iqtisadiyyatımızı iflic və müflis hala gətirib. Pre-pandemiya dövrünün səviyyəsinə yenidən çatmağımız üçün uzun illər lazım ola bilər. Ancaq bu, işin yarısıdır və bu məsələdə biz bir çox ölkə ilə eyni problemləri yaşayırıq. O ki qaldı post-müharibə dövrünün işlərinə, burada azad olumuş torpaqların sıfırdan, hətta sıfırdan deyil, mənfidən start alıb quruculuq işləri ilə məşğul olacağımızı görürük. O torpaqlar tər-təmiz, minasız deyil ki, gedib rahat iş qurasan, kənd salasan. Həmin ərazilər məskunlaşmaq üçün əvvəl hazırlanmalıdır, metr-metr təmizlənməlidir ki, sıfırdan infrakstruktur qurmağa başlayasan. Bu mənada biz dünya ölkələrinin yaşamadığı problemlə üzləşmişik və bunun da altından çıxmalıyıq.
Bu da bizim fərqimizdir.

Lakin istənilən halda burada bir məsələ öz əksini tapmalıdır. Xalqın bütün potensialı səfərbər olunmalıdır. Lazımdırsa, könüllü tikinti briqadalarından tutun, məhəllə-məhəllə, kənd-kənd köçmək istəyənlərə meydan açıq tutulmalıdır. Xalqmızın potensialı deyəndə sadəcə Azərbaycanda və dünyada yaşayan vətəndaşlarımızı nəzərdə tutmuruq. Azərbaycan dillini danışan dünyadakı hər bir insan bu ərazilərdə nəsə eləmək istəsə, onun üzünə bütün qapılar açıq tutulmalıdır.

Azərbaycan dilində danışan 40 milyon insan İranda yaşayır, onlarımı nəzərdə tutursunuz?

– İlk növbədə onları, ancaq yalnız onları deyil. Bəs Dərbənddə və ya Borçalıda, Kərkükdə və ya Hələbdə yaşayan soydaşlarımız bizdən deyillərmi? Azərbaycanın tarixi torpaqlarında parçalanmış şəkildə yaşayan soydaşlarımızın hamısı Azərbaycan Respublikası ərazisində elmi, ticari, yaradıcılıq sahələrində fəaliyyət göstə bilməlidirlər. Onların nümayəndələrinə ali təhsil kvotaları ayrılmaldır. Azərbaycan Respublikası 10 milyonluq xalqın deyil, 50-55 milyonluq xalqın dövləti olduğunu idrak etməlidir. Xalqımızın potensialı deyəndə biz bunu nəzərdə tuturuq.

Qarabağda gedən 44 günlük müharibə dövründə bütün dünya gördü ki, Güney Azərbyacanda yaşayan soydaşlarımız sivil və qanuni metodlarla bizə dəstək oldular. Bəs buna cavab olaraq İranın rəsmi qurumları nə etdilər? İnsanları həbs etdilər, qazamata saldılar, təqib etdilər, şallaqladılar, əzab verdilər. O insanlar bizə görə, Qarabağa görə əziyyət çəkirlər. İndi biz onların bu fədakarlığını unuda bilərik mi? Xeyr, unuda bilmərik və unutmayacağıq. Hətta imkan düşən hər fürsətdə onların haqqını tələb edəcəyik. Necə ki, Qarabağın hüdudunu və hüququnu qoruyuruq, həmçinin Dərbəndin, Borçalının, Hələbin, Kərkükün, Təbrizin də hüququnu qorumalıyıq.

– Dünya azərbaycanlılarının üzünə bütün qapılar açıq tutulmalıdır deyəndə nəyi nəzərdə tutursunuz?

– Bu konteksdə daha çox ticari və biznes fəaliyyətini nəzərdə tuturam. Maliyyə adətən hara gedər? Qorunduğu yerə. Bu gün Azərbaycanda maliyyə qorunurmu? Xeyr. İnsanlar cəsarət edib buraya investisiya qoymurlar. Çünki ədalətli məhkəmə sistemi yoxdur. Vergilər necə, ədalətlidirmi? Yox, o da çox problemlidir və sahibkarlar birlmirlər dərdlərini kimə desinlər. Gömrük elə, rüsum siyasəti belə, yoxlamalar, əngəllər… Hansını deyəsən? Bir deyil, iki deyil. Bu mənada iqtisadi fəalliyyəti tənzimləyən bir çox qanun ləğv olunmalıdır. Dəyişməlidir, yeniləri qəbul edilməlidir.

Bütün bu işləri kim görəcək? Təbii ki, ancaq yenilənmiş və xalqın səsi ilə seçilmiş Milli Məclis. Ona görə də, bizim cəmiyyət mütləqdir ki, hərb meydanında əldə etdiyi yeni sinerjini mülki həyatın bütün sahələrinə transformasiya etsin. O zaman Azərbaycanda qısa zaman dilimində qeyri-neft sektorunda bir sıçrayış, iqtisadi və ticari sahədə bir yüksəliş reallaşa bilər. Onda dövlətin də yükü azalar və vətəndaşlar özləri də bu prosesdə aktiv rol alarlar.

Mən düşünürəm ki, Azərbaycanın yeni menecmentə ehtiyacı var. Kənd-kənd, şəhər-şəhər qlobal formada düşünə bilən, lokal formada işləyən bilən yönəticilərə ehtiyac var. Sosial liftimizi təmir etməyin vaxtı çatıb. Ən bacarıqlı və savadlılar, təcrübəli və cəsarətlilər artıq layiq olduqları vəzifələrə gəlməlidirlər. Müharibəni udan da bu keyfiyyətdə olan insanlarımız deyildimi? Əminəm ki, hərb meydanında bizə zəfər qazandırdıqları kimi, sülh dövründə də bizi yeni zirvələrə aparacaq olanlar həmin milli kadrlardır.