AY Partiya Başqanı Moldavanın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşdü – FOTO

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bu gün Moldavanın Azərbaycandakı müvəqqəti işlər vəkili Nicolaye Cojuhari ilə görüşüb.

Görüşdə AY Partiya Başqanının I müavini – İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Baş Məclisin üzvü İlahə Qurbanlı iştirak ediblər.

AY Partiya Başqanı görüşdə Azərbaycan ilə Moldovanın bir çox sahədə əməkdaşlıq etdiyini, iki ölkənin dost münasibətində olduğunu diqqətə çatdırıb.

Anar Əsədli iki ölkənin oxşar problemlərinin mövcudluğuna toxunaraq, bildirib ki, müstəqilliyin bərpasından sonra Azərbaycanda Qarabağ, Moldovada Dnestryanı münaqişə ocağı yaradılıb.

O qeyd edib ki, hər iki problemin kökündə müstəmləkəçi dövlətlərin təsiri, əsassız ərazi iddiaları var. AY Partiya Başqanı hər iki ölkədə Rusiya sülhməramlılarının olmasına diqqət çəkib.

Görüşdə bu il iyulun 11-də Moldovada keçiriləcək parlament seçkiləri, AYP Başqanının bu ölkəyə planlaşdırılan səfəri müzakirə olunub.