“Türk dövlətlərinin siyasi, hərbi və iqtisadi birliyi çağdaş zamanın tələbi, tarixin diktəsidir. Sovetlər Birliyinin dağılmasından sonra müstəqilliklərini bərpa edən Azərbaycan ilk gündən, son dövrlər isə Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Türkiyə ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıq etməyə, yaxınlaşmağa çalışır. Qarşılıqlı etimadın, dostluğun və əməkdaşlığın genişlənməsi Türk dövlətlərini bu istiqamətdə daha ciddi addımlar atmağa yönəldir”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.
AY Partiya Başqanı qeyd edib ki, 2012-ci ildə Bişkekdə keçirilən sammitdə Türk Şurası bayrağının qəbul olunması bu addımların başlanğıclarından sayıla bilər. Mavi rəng Qazaxıstan bayrağından, şəfəqli günəş Qırğızıstan bayrağından, hilal Türkiyə bayrağından, səkkizguşəli ulduz isə Azərbaycan bayrağından götürülüb.
“Növbəti addım kimi 2011-ci il Naxçıvan sammitində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradıldı. Macarıstan bu şurada müşahidəçi statusu aldı. 2015-ci ildə bu birlik Türkmənistanın qoşulması ilə gücləndi.
Bu ideya siyasi axımın doğurduğu zamanın şərtlərini və sonrakı sürəçdə bölgənin durumunu nəzərə alanda çox da utopik fikir deyil. Sual yarana bilər ki, Orta Asiyada ruslaşmış insanlar var, bu Turanın yaranmasında ciddi əngəl kimi görünə bilərmi? Bəli bu məsələ müəyyən çətinliklər yarada bilər amma elə bu faktorları nəzərə alaraq bu gün Orta Asiya liderlərindən olan Nursultan Nazarbayevin illərdir, çox ehtiyatla amma dəqiqliklə verdiyi Turan açıqlamaları və atdığı addımlar bu əngəlin ortadan qaldırılmasına xidmət edirdi. Amma əngəl təkcə bu faktor deyil”, – o əlavə edib.
Anar Əsədlinin fikrincə, Turan Ordusunun və Böyük Turanın reallaşması perspektivləri ən çox 2 ölkəni – İran və Rusiyanı bərk qıcıqlandırmağa başlayıb: “Bu ölkələrin xüsusi xidmət orqanlarının yazdıqları ssenari ilə Azərbaycanda, Qazaxıstanda və hətta Türkiyədə Turan əleyhinə yazılar çap olunur, sosial şəbəkələrdə yayılır. İran mollaları ölkəmizdə şiə məzhəbini qabartmaqla Turanın gerçəkləşməsinə dini amillərlə mane olmağa çalışırlar. Rusiyanın imperialist dairələri həm Azərbaycanda, həm də qardaş ölkə Qazaxıstanda milli amilləri qabardan mesajlar yaydırır. Rusiya yüksək siyasi dairələrində Qazaxıstanın əhalisinin 40%-nin rus millətindən olduğunu, Qazaxıstanın şimal torpaqlarının guya Rusiya tərəfindən hədiyyə edildiyi barədə sözlərin səsləndirilməsi də bu qəbildəndir.
Türkiyədə isə bir çox dövlətin xüsusi xidmət orqanları sosial şəbəkələrdə bir yandan “20 il sonra ölkələr arasında heç bir sərhəd olmayacaqsa, Turana heç ehtiyac qalmır” mesajları, digər yandan isə “kürdlərin Yaxın şərqdəki 4 dövlətdə yaşayan irqdaşları ilə tarixində ilk dəfə bir Kürdüstan dövləti qurmaq xəyalları gerçəkləşməlidir” mesajları verir. Absurddur. Sərhədlər qalmayacaqsa, 40 ildən çoxdur, “Kürdüstan” eşqinə düşən terrorçuları niyə maliyyələşdirirsiniz?
Bu, ancaq Türk düşməni olan, Turan xofunu yaşayan dövlətlərin diktəsi ilə ola bilər. Xatırladım ki, 4 Türk dövlətinin qatılımıyla bir neçə il öncə birləşmiş Türk Ordusu (Turan Ordusu) quruldu. Qurulan Turan Ordusunun NATO kimi səlahiyyətləri olacaq. Türk dövlətlərini təhdid edən xarici güclərə qarşı lazım gəlirsə, silah gücüylə qarşılıq veriləcək. Digər səlahiyyəti isə müsəlman ölkələrin təhlükəsizliyini, dünyada sülhü qorumaq olacaq. İlk etapda Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan Turan Ordusuna qatıldı. Turan Ordusunun ilk başqanlığı birliyin ən qüvvətli ordusuna sahib olan Türkiyəyə verildi. Sadəcə 4 dövlətin balansında 2 milyon 800 min nəfərlik əsgər gücü belə bir çox ölkəni rahatsız etdi.
Bir çox ölkədə bu olay, “Türklərin dünyaya qarşı birləşməsi ilə təhlükə qapıdadır” başlıqları ilə yayıldı. Dünya üzərində 7 Türk dövləti ilə yanaşı, 50-dən çox kiçik Türk dövləti və əyaləti var. Sadəcə 7 Türk dövlətinin birləşməsi dünyanın ən güclü ordusunu yaratmağa artıqlaması ilə yetir.
Göründüyü kimi, Turanın bayrağı, ordusu, coğrafi konturları və üzv ölkələrin siyasi iradəsi artıq hazırdır. Ordumuzun Vətən müharibəsindəki zəfəri, Zəngəzur dəhlizi ilə Turan qapısını da gündəmə gətirməklə bu tarixi prosesə təkan verdi. İmperialist dairələrin yaratdığı maneələrin dəf edilməsi, yazı qrafikaları, şivə fərqlərinin aradan qaldırılması, maliyyə və idarəçilik institutlarının formalaşması təbii olaraq, çox zaman alacaq. Lakin bu, Turanın utopiya olması anlamına gəlməz. Düşünürəm ki, Türk dövlət başçılarının indiyə qədər olan zirvə toplantılarından fərqli olaraq, Türküstan Zirvə Toplantısı daha real imkanlar açacaq.
Bu imkanlar güclərimizi birləşdirərək bizi artıq yeni bir ailəyə – “Türk Dövlətləri” ailəsinə aparmalıdır. Ən azından onun üçün ki, bizim ərazilərdə, bizim insanımızın üzərində heç bir imperialist qüvvə istədiyi oyunu oynaya bilməsin”.