AY Partiya Başqanından SƏRT REAKSİYA: “Bu, separatizmin təzahürüdür”

“Meydan TV-nin hazırladığı reportaj açıq-aşkar separatizmin təzahürüdür”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar  Əsədli deyib.

Anar Əsədli bildirib ki, bu, Azərbaycanda mövcud olan milli birliyin əleyhinə yönələn bir fəaliyyət, bəlkə də düşünülmüş cinayət xarakterli əməldir: “Türk, talış, ləzgi, kürd, avar… deyə bölmədən və azsaylı-çoxsaylı olmasına baxmayaraq, milli zəmində, xüsusilə vurğulayıram ki, sosial deyil, məhz milli zəmində Azərbaycan kimi tolerant bir ölkədə heç bir xalqın hüququ tapdanmır. Vəzifəyə təyin olunan heç bir məmurun etnik mənşəyi onun yolunda maneə deyil.

1992-ci ildən indiyədək istənilən xalq öz dilində məktəb aça, qəzet-jurnal çap etdirə bilir. Yəni hər bir toplumun öz etnik mənsubiyyətini daşımaq və mədəniyyətini yaşatmaq hüququ var. Bu zəmində separtizm ruhlu fikirlərin ortaya atılması, İkinci Qarabağ savaşından sonra bilərəkdən ikinci etnik savaşın hazırlanmasına xidmət edir.

Amma unudurlar ki, Qarabaq Zəfərinin qazanılmasında şəhid və qazi olan talış, ləzgi, avar, kürd və digər azsaylı xalqlardan olan qardaşlarımızın payı böyükdür. Bunu heç vaxt unutmaq olmaz. Onlar erməniyə qarşı Azərbaycanın bütövlüyü uğrunda qan töküb, savaşıblar. Dövlətimizin gücü və qabiliyyəti də milli birliyimizdə, bu torpaqlarda yaşayan hər bir toplumun və hər bir Azərbaycan vətəndaşın bərabərhüquqlu olmasında, azad yaşamasındadır.

Ölkəmizdə milli birliyi pozmaq istəyənlərin arzuları isə mütləq gözlərində qalacaq”.