AY Partiyanın təsis qurultayı keçirildi – FOTOLAR

Bu gün Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) təsis qurultayı keçirilib.

Yenicag.az xəbər verir ki, partiyanın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Bəhrəm İsmayılov təsis qurultayını açıq elan etdikdən sonra Azərbaycanın torpaq bütövlüyü və müstəilliyi uğrunda şəhid olanlar bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ssəsləndirilib.

Qurultayın say komissiyasının say tərkibi müəyyənləşdikdən sonra iclası aparmaq üçün 3 nəfərdən ibarət Sədarət seçilib. İclasın 4 nəfərlik katibliyi formalaşdırılandan sonra Sədarət gündəliyi elan edib.

Gündəliyə 6 məsələ – AY Partiyanın təsis olunması, Nizamnamə və Proqramının qəbulu, Başqanın, Mərkəzi Nəzarət Təfftiş Komitəsi üzvlərinin seçilməsi, Baş Məclisininin, MNTK-sının əsasnamələrinin qəbulu, rəmzlərinin və hüquqi ünvanının qəbulu, sənədləri Ədliyyə Nazirliyinə təqdim edəcək şəxslərin müəyyənləşdirilməsi daxil edilib.

Maddələr ayrı-ayrı müzakirəyə çıxarılıb, səsə qoyulub. Nizamnamə və Proqramın bəzi maddələrinə əlavə və dəyişiklik edildikdək sonra səsə qoyulub və qəbul olunub.

Daha sonra partiyanın başqan seçkisinə start verilib. AY Partiyanın Təşəbbüs Qrupunun üzvü Ehtiram İlham qurucu üzvlərdən Anar Əsədlinin başqanlığa namizədliyini təklif edib. Partiyanın qurucu üzvlərindən Şəmsəddin Rəhimli, Aygün Muradxanlı, Qarabağ qazisi Əlisəfa Quliyev də Anar Əsədlinin namizədliyini dəstəkləyib. Qurucu üzvlərdən Vüqar Lətifli isə Bəhrəm İsmayılovun namizədliyini irəli sürüb. Bəhrəm İsmayılov başqanlığa namizədliyini geri götürüb. Keçirilən səsvermədə Anar Əsədli AY Partiyanın ilk başqanı seçilib.

Davamında MNTK üzvləri və Baş Məclisin üzvləri səsvermə yolu ilə seçilib.

Gündəlikdəki bütün maddələr qəbul edildikdən sonra Anar Əsədli çıxış edib. AY Partiyanın ilk sədri çıxışında torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizi anıb, yaralılarımıza şəfa diləyib.
Anar Əsədli Vətən Müharibəsində əldə olunan tarixi Zəfərin önəminə diqqət çəkib, Rusiya qoşunlarının Azərbaycana gəlməsindən yaranan narahatlıq və təhlükələrdən danışıb: “Millətləşmə prosesində qarşımızda duran ən ağır problemi – Qarabağ münaqişəsini hıll etməklə sanki yenidən doğulduq, böyüdük, gücləndik, bərkidik. Vətən Müharibəsində qələbə qazanılmasında yanımızda olan ölkələri də tanıdıq. Bunların başında Türkiyə gəlir”.
Anar Əsədli ilə AY Partiyanın hədəflərindən danışıb, partiyanın nifrət dilindən uzaq bir siyasət yürüdəcəyini diqqətə çatdırıb.

O, Başqanlıq Heyətinin tərkibini açıqlayıb. Bildirib ki, başqanın 1-ci müavin və müavin olmaqla 12 müavininin olması nəzərdə tutulub. Bunlar aşağıdakılar artıq təyin edilib:

1.1-ci müavin və İcra aparatının rəhbəri – Bəhrəm İsmayılov
2.İdeoloji məsələlər və Türk dünyası üzrə müavin – Elşad Abdullayev
3.İctimaiyyətlə əlaqələr və mətbuat məsələləri üzrə – Gülşən Hacıyeva
4.Humanitar məsələlər üzrə müavin – Ehtiram İlham
5.Hökümətlə əlaqələr və protokol işləri – Azər Əsgərov
Qurultay bununla işini yekunlaşdırıb.
Sonda partiyanın MNTK və Baş Məclisinin iclasları keçirilib.
MNTK-nin sədri Aqil Dadaşzadə, sədr müavini Aybəniz Hacıyeva, Araz Quluzadə katibi seçilib.
Səsəvermə yolu ilə Şəmsəddin Rəhimli Baş Məclisin sədri, Rəqibə İsbiyeva və Əlisəfa Quliyev müavin, katibi Hacızadə Turac olub.

Baş Məclisdə AY Partiyanın Siyasi Heyət və Başqanlıq Heyəti təsdiqlənib.
Siyasi Heyətə başqan müavinləri, Baş Məclisin rəhbərliyi və Baş Məclis üzvləri Aygün Muradxanlı, İlham Hüseyn də əlavə edilib.