Makronun “dilli” yazısı
Fransa Prezidenti Emmanuel Makron üzlülüyünə salaraq vəzifəli şəxs gördükdə dərhal telefonuna sarılıb onunla “selfie” çəkmək istəyən hakim partiya mənsubu kimi İlham Əliyevlə Nikol Paşinyanı Brüsseldə bir daha görüşdürüb. Görüşdürüb deməyək, bir araya gətirib. Makron müəllim bundan sonra kiçik dağları özü yaratmış kimi məlum fotonu Azərbaycan və erməni dillərində şərh yazaraq sosial şəbəkə hesabında paylaşıb.
Pay dədə! Od düşmədimi sosial şəbəkələrin Azərbaycan seqmentinə, ki Makron bəs Azərbaycan dilində zad paylaşıb. Paylaşmayıb e, dilin başına daş salıb. “Google translate”ə bir cümlə yazıb, o da necə gəldi çevirib bizim dilə, sonra da “copy-paste”. Sən canı, ay Makron müəllim, “birgə irəlilədik” nədir?!
Həmvətənlərimin bu sevincini də heç başa düşmədim, vallah.
Milli Məclisdə susdurulma əməliyyatı
Parlamentin dekabrın 14-də keçirilən iclasında Sabir Rüstəmxanlının, “Qanunları gurultulu şəkildə qəbul edirik, amma faktiki olaraq işsizlik var ölkədə”, – sözlərinə spiker Sahibə Qafarovanın sərt reaksiya verməsi, yerdə qalan deputatların əksəriyyətinin spikerə alqış tutması ikrah yaradır.
Sabir Rüstəmxanlı haqlıdır. Parlamentin işi xalqın problemlərini çözməkdir. Yox, əgər hər şey güllük-gülüstanlıqdırsa, Milli Məclisin də işi dalbadal qanun qəbul etməkdirsə, o zaman niyə boşu-boşuna seçkilər keçirilir, vəsaitlər xərclənir?
Ayrıca, fərqli fikirlərə dözümlülük göstərmək lazımdır. Spikerin işi də haqqı deyən vəkillərin ağzını yummaq deyil. Ağzına qapaq vurulası o qədər deputat var ki…
Qəpik-qəpik artım
Qymət artımı, həqiqətən, bir dalğadır. Çünki hər şey bir-biri ilə əlaqəlidir və bir şeydə baş verən artım avtomatik olaraq digər xidmət və məhsullara yansıyır. Ancaq bu artım elə bir bicliklə həyata keçirilir ki, heç ruhun da incimir. Yalnız ay sonunda baxırsan ki, yox e, cib deşilib, pul dağılıb. Gündəlik ərzaq məhsullarının qiyməti günaşırı 1-2 qəpik artırılanda son nəticə dediyim kimi olur.
Bunu nə zaman dəqiq anladım? Bu gün əvvəllər 55 qəpiyə aldığım Allahın şirin qoğalını 65 qəpikdən alanda…
Məclisin diqqətinə!
“İctimaiyyətin sosial sifarişi” maaşların, təqaüdlərin artırılması, azadlıqların qısıtlanmaması, hüquq dövləti prinsiplərinə uyulmasıdır.