Ayaq altda əzib, daha sonra pulla aldığımız NEMƏTLƏR – FOTOREPORTAJ

Yay fəsli həm də ekzotikliyi ilə digər fəsillərdən fərqlənir. Aparılan araşdırmalara görə insanların böyük əksəriyyəti yay fəslində daha pozitiv olur. Yayın bizə bəxş etdiyi saysız-hesabsız maddi nemətlər onu daha da dəyərli edir. Ancaq gəlin baxaq, biz bu nemətlərdən necə istifadə edirik? Ümumiyyətlə, istifadə edə bilirikmi? Hər gün işə gedərkən və yaxud, şəhərdə gəzərkən, fərqinə belə varmadan ayağımızla əzib-keçdiyimiz nə qədər dəyərli nemətlərin olduğundan çoxumuz xəbərsizik.

Bəzən müxtəlif küçələrdə hərəkət edərkən, asfaltın qapqara və yapışqan, hətta üfunətli təbəqə ilə örtüldüyünü yəqin çox görmüsüz. Bu, bir çox xəstəliklərin dərmanı olan, vaxtında yığılmadığı üçün, yerə tökülən, daha sonra isə vurğuladığımız mənzərəni yaradan tutdur.

Maraqlıdır, görəsən, təbiətin möcüzəsi ilə şəhər əhalisinə “göndərdiyi” bu nemətlərdən insanlar niyə belə asanlıqla imtina edir? Vaxtında dəyərini bilmirik, daha sonra onları almaq üçün bazarlara üz tuturuq və orada da qiymətlərin bahalığından şikayətlənirik. Bu israfçılıq tutla məhdudlaşmır. Keçibuynuzu bitkisinin bəhməzi haqqında yəqin ki, eşitmisiniz. Ondan hazırlanan bəhməzin insan orqanizmi üçün faydalı olduğunu çoxları bilir. Tərkibi “A”, “B” və “E” vitaminləri ilə zəngindir. Həzm sistemini yaxşılaşdırır, bronxial xəstəliklərlə mübarizədə effektlidir, həmçinin, immunitetin gücləndirməsində də əvəzsiz vasitədir. Ancaq bu bitkiyə yanaşma da, tuta münasibətimizdən fərqlənmir. Nəticədə isə, bu bitkidən Türkiyədə fabrik şəraitində istehsal olunmuş bəhməzi apteklərdən baha qiymətə almalı oluruq. Şübhə yoxdur ki, başqa paytaxtların sakinləri möcüzəvi təsirə malik olan həmin bitkiləri pulsuz əldə etməkdə bir-birlərinə aman verməzdilər. Biz isə… Qısası, əsas hissəsi asfaltla örtülmüş şəhərimizdə təbiətin bizə bəxş etdiyi nemətlərin qədrini bilək. Sağlamlığımızın, həm də cibimizin xətrinə…

Fotoreportajı təqdim edirik:

Firuz Asanov