“Ayaqüstü” yeməklərin orqanizm üçün RİSKİ: “Zəhərlənmə və müxtəlif xəstəliklərin yaranması…”

“Çörək arası hər hansı ət məhsullarından hazıllanan dönər, bulka və digər qidalar ən yüksək risk qrupuna aiddir”.

Bu fikirləri bir sıra məhsullardan hazırlanan qidaların insan orqanizminə zərərləri haqda danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, belə qidalar insanlarda duyma hormonunun balansını pozur:

“Xüsusilə də dönərdə bəzən mənşəyi bəlli olmayan, ucuz, xəstə heyvan ətlərindən istifadə edilir. Bu ətlər bir gün açıq formada saxlanılır və sağlam ət olsa belə, antisanitar şəraitdə saxlanılması onun tərkibində həm mikrobioloji, həm də kimyəvi dəyişikliyə səbəb olur.

Belə qidalar insanlarda zəhərlənmələrə, müxtəlif xəstəliklərin yaranmasına, həzm orqanlarının zədələnməsinə və əsasən də bağırsaq mikroflorasının pozulmasına gətirib çıxarır. Həmçinin bu qidalar duyma hormonun balansını pozur və insanlar özünü daim ac hiss edir.

Bir çox hallarda sahibkarlar insanlarının sağlamlığından daha çox öz gəlirlərini düşündükləri üçün belə qidaların hazırlanmasında keyfiyyətsiz məhsullardan istifadə edirlər. Bu qidaları gündəlik qəbul edən 25 yaşa qədər olan insanlar üçün isə təhlükə iki qat artır. O yaş kateqoriyasına aid insanların orqanizmi hələ inkişaf prosesində olduğundan, keyfiyyətli qidalara daha çox üstünlük verməlidirlər.

Belə ayaqüstü yeməklərin hazırlanmasında dadlandırıcı qismində bir çox kimyəvi maddələrdən, xüsusilə də el arasında “çin dozu” adlanan monosodium qlutamatın sintetik mənşəli olanından istifadə edirlər. Bu maddə birbaşa olaraq, asılılıq yaradır və onları qəbul edən insanlar davamlı olaraq həmin qidaları istəyirlər. Çörək arası hər hansı ət məhsullarından hazıllanan dönər, bulka və digər qidalar ən yüksək risk qrupuna aiddir”.

Nuray Məmmədzadə

COP29