“Bütün zamanlarda dünyanın ən güclü ağırlıqqaldıranı, türk dünyasının böyük idmançısı, Azərbaycanı və xalqımızı çox sevən Naim Süleymanoğlunun vəfatı məni çox kədərləndirdi”.
Yenicag.az xəbər verir ki, bu sözlər millət vəkili Musa Qasımlıya məxsusdur.
Əfsanəvi türkiyəli atlet, üçqat olimpiya çempionu (1988, 1992, 1996) Naim Süleymanoğlunun vəfatı ilə bağlı sosial şəbəkə vasitəsilə fikirlərini yazan Qasımlı məyusluğunu ifadə edib.
O, uzun müddət ağır xəstəlikdən əziyyət çəkən 50 yaşlı atletlə şəxsi tanışlığının olduğunu vurğulayıb: “Naimlə şəxsi tanışlığım 1995-ci ildə olub. Türkiyə heyətinin tərkibində Bakıya gəlmişdi. Bütün səfər müddətində hər gün görüşürdük. Onu qiyabi olaraq əvvəllərdən tanıyırdım. Hələ 1988-ci ildə Bolqarıstanda olarkən türklərin Todor Jivkov rejimi tərəfindən qəddarcasına sıxışdırıldıqlarının, ad və soyadlarının dəyişdirilərək bolqarlaşdırıldıqlarının və assimilyasiyaya uğradılmağa çalışıldıqlarının şahidi olmuş və geri döndükdən sonra “Türklər niyə köçürlər?” adlı bir məqalə yazmışdım. Məqalədə Naim Süleymanovun necə “Naum Şalomanova” çevrildiyini də qeyd etmişdim. Məqaləni o zaman dərc edilən “Kommunist” qəzetinin baş redaktor müavini, görkəmli jurnalist Şakir Yaqubova göstərdim. Oxudu. Kommunist Partiyasının və senzuranın mövcud olmasına baxmayaraq, Şakir müəllim məqaləmi qəzetin tam bir səhifəsində dərc etdi. Bu, cəsarətli bir addım idi. O zaman Bolqarıstan “16-cı sovet respublikası”, Jivkov isə Qorbaçovun ən yaxın dostlarından biri sayılırdı. Həmin məqaləni Naimə verdim. Oxudu, çox sevindi”.
Qasımlı 5 dəfə dünya (1989, 1991, 1993, 1994 və 1995), 2 dəfə Avropa çempionu olan (1988, 1995) Süleymanoğlu ilə bağlı maraqlı bir xatirə bölüşüb. O, ağır atletin erməni idmançıya necə qalib gəlməsini xatırlayıb: “Naimi dərin kədər hissi ilə xatırlayaraq, onun mənimlə etdiyi bəzi söhbətlərini sizinlə bölüşməyi vacib hesab edirəm. Naim erməniləri heç sevməzdi. Bir hadisəni nəql etdi. Dedi ki, bir dəfə yarış zamanı erməni idmançı ştanqı qaldırır və Naimə üzünü tutaraq istehza ilə və həyasızcasına “Şalomanov, indi mənə çata bilməzsən. Necədi sənin üçün?” deyir. Naim isə rusların məşhur ana söyüşünü üzünə söyərək “Gözlə, Süleymanoğlu indi sənin… ” deyir, ondan daha çox qaldırır və erməni idmançıya rusların həmin söyüşünü təsdiq anlamında təkrar edir”.
Tarix elmləri doktoru, professor Musa Qasımlı Bolqarıstanda anadan olsa da, sonradan siyasi səbəblərdən Türkiyə cümhuriyyətindən sığınacaq alan Süleymanoğlunun bu köçünün tarixçəsini də qeyd edib: “Söhbətlərimiz zamanı Naim Türkiyəyə necə qaçdığını (və ya qaçırıldığını) da danışmışdı. Naim deyirdi ki, 1986-cı ildə Avstraliyada keçirilən çempionatda qələbə qazandıqdan sonra Bolqarıstan heyəti axşam restoranda bu hadisəni sevinclə qeyd edib. Bütün sağlıqlar “Şalomanovun” şərəfinə söylənilib. Naim isə bütün məclis boyu kefsiz oturubmuş. O, ayaqyoluna getmək adı ilə yemək masasından qalxır, geri dönmür və Türkiyə səfirliyinə sığınır. Naimin türk səfirliyində olduğunu bilən Bolqarıstanın diplomatik pasportu altında fəaliyyət göstərən məlum orqanının əməkdaşları binanın ətrafında var-gəl edərək izləməyə başlayırlar. Naimin səfirliyin binasından çıxarılıb hava limanına gətirilməsi üçün türk səfirliyi yollar axtarır və tapır. Türk səfirliyinin boyca (Naimin boyu 1.5 metr deyildi) və sifətcə Naimə oxşayan aşpazından istifadə edirlər. Onu maşına mindirib səfirliyin binasının darvazasından sürətlə çıxarırlar. İzləyənlər “Aşpaz Naum Şalomanovu” tutmaq üçün qovmağa başlayırlar. Onlar qovhaqovda olarkən Naim və bir neçə diplomat sakit bir şəkildə türk səfirliyinin binasından ayrılaraq hava limanına gəlirlər. “Aşpaz Naumu” aparan maşının sürücüsü “təqibə tab gətirməyib” səfirliyə geri dönməyə “məcbur olur”. Qovanlar da onun arxasınca gələrək yenidən türk səfirliyinin ətrafında gözləməyə davam edirlər. Onlar gözləməkdə ikən Naim Süleymanoğlu və onu müşayiət edən şəxslər artıq Londona uçan təyyarənin göyərtəsində səmada idilər. Türk diplomatları və Türkiyədən gələn digər şəxslər Londonda onları qarşılamağa çoxdan hazır idilər. Baş nazir Turqut Özal şəxsi təyyarəsini Naim üçün Londona göndərir, ona Türkiyə vətəndaşı pasportu verilir və Türkiyəyə gətirilir. Naim Turqut Özaldan böyük sevgi ilə danışır və ona atası kimi baxırdı. Sonrakı idman karyerasında Özalın qayğısının olduğunu söyləyirdi. Dediyinə görə, Bolqarıstan tərəfi Naimin yarışlara Türkiyə adından çıxmasına kəskin etiraz edir və icazə vermirdi. Turqut Özal isə “Naim üçün nə qədər para istəyirlərsə, vermək olar” deyərək, istənilən məbləği verdirir və o, yarışlara çıxa bilir”.
AMEA-nın müxbir üzvü sonda sabiq idmançının Azərbaycanı sevdiyini də əlavə edib: “Naim deyirdi ki, arzularından biri üçüncü dəfə olimpiya çempionu olmaqdı. O, bu arzusuna çatdı. Naim Azərbaycanı çox sevirdi və güclü dövlətimizin qurulacağına inandığını deyirdi.
Allah sənə rəhmət eləsin!”
Qeyd edək ki, öz ağırlığının 3 qatını qaldırması ilə məşhur olan mərhum atlet Naim Süleymanoğlu kiçik boylu və çox güclü olması səbəbindən “Cib Heraklı” ləqəbi ilə tanınırdı.