Aydın Əliyev Lənkəranskinin həbs olunan qardaşını təltif etdirib – FOTO

Bir müddət əvvəl İstanbulda “qanuni oğru”, “Lotu Quli” ləqəbli Nadir Səlifova qarşı təşkil olunan sui-qəsdin qarşısı alınarkən həbs olunan Rövşən Lənkəranskinin məmur qardaşı Namiq Canıyevlə bağlı çalışdığı dövlət qurumunun qərarı bəlli olub.

Bildirilir ki, o, Bakı Baş Gömrük İdarəsinin Keşlə postunun rəisi vəzifəsindən azad edilib. Gömrük polkovnikinin işdən çıxarılması ilə bağlı əmr noyabrın 17-də verilib (avropa.az)

Yenicag.az-ın əməkdaşı Canıyevin işdən çıxarılıb-çıxarılmamasını dəqiqləşdirmək üçün Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundovla əlaqə saxlayıb. Əvvəlcə əməkdaşımızın hansı səbəbdən zəng etdiyi ilə maraqlanan Axundov, Namiq Canıyevin adını eşitdikdən sonra telefonu yerə qoyub. Əməkdaşımızın ardıcıl zənglərinə baxmayaraq, Natiq bəy “alo” deməyib.

Görünür, dövlət qurumu məsələ ilə bağlı açıqlama verməkdən çəkinir. Sözsüz ki, bu da səbəbsiz deyil.

Məsələ burasındadır ki, Rövşən Lənkəranskinin polkovnik qardaşı 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Aydın məsələdir ki, dövlət başçısı sərəncamı Dövlət Gömrük Komitəsinin sədri general-polkovnik Aydın Əliyevin təqdimatına əsasən imzalayıb. Belə olan halda Aydın Əliyevin rəhbəri olduğu qurumunun öz əməkdaşları ilə bağlı ünvanlanan sualları cavabsız qoyması da başadüşüləndi.

Hər halda, Aydın Əliyev də təltif edilməsi üçün prezidentə təqdim etdiyi şəxsin Türkiyədə hansı oyunlardan çıxdığının fərqindədir.

 

COP29