Ayətullah Xameneyinin xələfi kim olacaq? – Araşdırma

141022094119_iran_majlisMəlum olduğu kimi, İranın ali dini rəhbərini seçən qurumun – Üləmalar Məclisinin başçısı Məhəmməd Rza Məhdəvi Kani beş ay komada qaldıqdan sonra keçən ay dünyasını dəyişib. Analitiklər Məhəmməd Rza Məhdəvi Kanini İran siyasətində barışdırıcı fiqur sayırdılar və onun ölümü qeyri-müəyyənlik boşluğu yaradıb.

Ali dini rəhbər vəzifənsini tutan şəxs İranın ən güclü nüfuz sahibidir. O, silahlı qüvvələrin ali baş komandanıdır, həmçinin ədliyyə və dövlət teleradio yayınları rəhbərlərini, eyni zamanda, prezidentliyə və parlament üzvlüyünə namizədləri saf-çürük edən qüdrətli qurumun – Konstitusiya Keşikçiləri Şurası üzvlərinin yarısını təyin edir.

Praktikada gürülüb ki, ali dini rəhbər bəzi qanunların parlamentdən keçməsinə mane olub, həmçinin dissidentlərin və müxalifət liderlərinin ev dustaqlığı barədə əmrlər verib. Güc nazirləri ali dini rəhbərin razılığı ilə seçilir. Eyni zamanda ali dini rəhbər İranın xarici siyasətində və nüvə proqramında həlledici sözə sahibdir.

İranda ali dini rəhbərin razılığı olmadan heç bir mühüm siyasi dəyişiklik baş verə bilməz. Düzdür, İranda seçkili prezident üsulu mövcuddur. Kimin president seçilməsindən asılı olmayaraq əsas söz sahibi isə ali dini rəhbərdir.

Bildiyiniz kimi, İranın ilk ali dini rəhbəri Ayətullah Ruhullah Xomeyni olub. O, 1979-cu il İslam İnqilabından sonra hakimiyyətə gələndə 77 yaşı var idi. Ruhullah Xomeyni artıq ömrünün qürub çağını yaşayırdı. Qısa müddət sonra varislik məsələsi gündəmə gəldi. Hamı yeni ali dini rəhbərin kim olacağını gözləyirdi. Ayətullah Xomeyni konkret olaraq özündən sonra varis təyin etmədi.

Ruhullah Xomeynini bir neçə dəfə iflic vurmasının ardınca yeni ali dini rəhbərin seçilməsi üçün Üləmalar Məclisi adlı sistem quruldu. Üləmalar Məclisi 82 seçkili üzvdən ibarətdir.  Məclis ali dini rəhbərin seçilməsi, ona nəzarət olunması və hətta vəzifədən uzaqlaşdırılması səlahiyyətlərinə malikdir. 1989-cu ildə Ruhullah Xomeyni vəfat edəndə, məclis o vaxtkı prezident Ayətullah Xameneyini ali dini rəhbər seçdi. Həmin vaxt ali dini rəhbərin birbaşa xalq tərfindən seçilməsini nəzərdə tutan maddə konstitusiyadan çıxarıldı.

 

Hazırda Üləmalar Məclisində iki qrup – mühafizəkarlar və mötədillər mövcuddur.

 

Məclisdə çoxluq təşkil edən mühafizəkarlar Ayətullah Xameneyinin tərəfdarıdırlar. Onlar inanırlar ki, ali dini rəhbər Allahın yer üzündəki nümayəndəsidir və ona itaət etmək vacibdir. Mötədillər isə ali dini rəhbərin ilahi roluna inansalar da, bu qənaətdədirlər ki, o, öz legitimliyini xalqdan almalı və onun qarşısında hesabat verməlidir. Bəzi mötədillər hazırkı rəhbərlik sisteminə dəyişikliklər edilməsini istəyirlər və təklif edirlər ki, Ayətullah Xameneyinin xələfi ömürlük yox, müəyyən müddət üçün seçilsin və onunla birlikdə işləmək üçün liderlər şurası yaradılsın. Lakin Ayətullah Xameneyi özü ali dini rəhbər olduğu müddətdə hər hansı bir islahatın aparılmasına qəti qarşıdır.

Üləmalar Məclisinin 15 üzvü ali dini rəhbər vəzifəsinə potensial namizədlərin siyahısının tərtibi üçün səlahiyyət sahibidir. Onu da qeyd edək ki, bu siyahı ictimaiyyətə açıqlanmır.

Analitiklər ali dini rəhbər vəzifəsinə ən potensial namizəd kimi keçmiş prezident Əli Əkbər Haşemi Rəfsəncanini göstərirlər. O, mötədillərdəndir və bir müddət Üləmalar Məclisinə sədrlik edib, həmçinin Ayətullah Xameneyi ilə yaxın dost olub. Rəfsəncani Xameneyinin ali dini rəhbər seçilməsində mühüm rol oynasa da, onların arası  2009-cu ildə keçirilən prezident seçkilərindən sonra dəyib. Həmin vaxt Rəfsəncani müxalifətin kütləvi etirazlarını dəstəkləmişdi.

Mühafizəkarların əsas namizədləri Ədliyyə Nazirliyinin keçmiş rəhbərləri – Ayətullah Mahmud Haşemi Şahrudi və Məhəmməd Yəzdi, hımçinin ədliyyənin hazırkı başçısı Sadeq Laricanidir.

Ali dini rəhbər vəzifəsinə iki sərt siyasət tərəfdarı – Məhəmməd Təqi Mesbah Yəzdi və Ayətullah Abbas Vaez Tabasinin adları da çəkilir. Lakin hökumət işlərində təcrübəsizlikləri ümumən onları ciddi namizədlərin sırasından istisna edir.

Rəhbərliklə ailə qohumluğu olan daha iki ad da hallanır. Ayətullah Xameneyinin oğlu Mojtəba Xameneyi və İran inqilabının banisi Xomeyninin mötədil nəvəsi Həsən Xomeyni. Onların hər ikisi 40 yaşlarındadırlar və buna görə də belə ciddi vəzifə üçün xeyli “gənc” hesab olunurlar. Lakin şiə İslamında qan vərəsəliyi geniş qəbul olunur və odur ki, bu iki şəxsin namizədliyi tamamilə istisna edilə bilməz.

Son dövrlər Üləmalar Məclisindəki yerlərin çoxuna mühafizəkarlar sahibdirlər. Çünki məclis üzvlüyünə namizədləri Konstitusiya Keşikçiləri Şurası müəyyənləşdirir və şuranın ən nüfuzlu nümayəndələri öz vəzifələrinə birbaşa və ya dolayısı ilə ali dini rəhbərin özü tərəfindən seçiliblər.

Üləmalar Məclisinə növbəti seçkilər 2016-cı ilin fevralında keçiriləcək və cox ehtimal ki, 2009-cu ildə kütləvi etirazları dəstəkləmiş üzvlər təkrar seçilməyəcək.

Məclisin başçısı Məhəmməd Rza Kaninin vəfatı hazırkı hakimiyyət balansını dəyişə bilər. Məhəmməd Rza Kanin həm mühafizəkar, həm də mötədillərlə yaxın münasibətdə idi, yəni balanslı siyasət yürüdürdü. İndi isə iki qütb arasında məclisə nəzarət uğrunda əsl mübarizə başlana bilər.

Üləmalar Məclisi yeni ali dini liderin seçilməsinə rəsmən səlahiyyətli olsa da, səhnə arxasında onun qərarına təsir göstərməyə çalışanların lobbiçiliyi baş verəcək. Əsas oyunçuların qüdrətli İnqilab Keşikçiləri və hazırkı ali rəhbərin ofisi olacağı bəllidir. Digər bir mühüm qrup isə yeni rəhbərin seçildiyi zaman prezidentlik postunu tutan şəxsin tərəfdarları olacaqdır.Hazırkı prezident Həsən Ruhani Üləmalar Məclisinin mötədil üzvlərindəndir və bu, indiyədək məclisdəki mötədillərin mövqelərini möhkəmləndirib. Bu isə mötədillərə əlavə imkanlar yarada bilər. Əgər Həsən Ruhani öz vəzifə müddətinin sonunadək Ayətullah Xameneyi ilə yaxşı münasibətlərini qoruyub saxlaya bilsə, onun da adı ali dini rəhbər vəzifəsinə potensial namizədlərin siyahısına əlavə edilə bilər. Həsən Ruhaninin nə qədər şanslı olub-olmamasını isə zaman göstərəcək.

İsmayıl YUNİSOĞLU

P.S. Yazıda BBC-nin mövzu ilə bağlı materiallarından istifadə olunub.