Aygün Attara qarşı təxribat Azərbaycanda etiraz doğurdu – “Biz Türkiyə prezidentinə güvənirik”

12380417_10207670417951235_1776335720_nVurğun Əyyub: “O Girəsun Universitetində çox sevilən professor olmaqla yanaşı, kifayət qədər təcrübəli və savadlı xanımdır”

Vaqif Abışov: “İnanıram ki, Aygün xanım rektor təyin olunacaq və həm Azərbaycanın, həm də Türkiyənin başını yüksəkliklərə qaldıracaq”

Aqil Әləsgər: “Gəlin azərbaycanlı rektorun haqqınn bəzi qüvvələr tərəfindən tapdanmaması üçün səfərbər olaq”

Türkiyənin Giresun Universitetində rektorluq seçimlərini azərbaycanlı alim Aygün Attar rekord səslə qazanıb. Ancaq seçimlər formal xarakter daşıyır və rektor üç namizəd arasından Türkiyə prezidenti tərəfindən seçilir. Bu səbəbdən də Türkiyədə bəzi qüvvələr azərbaycanlı rektor namizədinin əleyhinə kampaniyaya başlayıb. Yüksək reytinq qazanmış azərbaycanlı rektorun təyin olunmaması, habelə onun əleyhinə kampaniya aparılması Azərbaycanda təəsüflə qarşılanmaqdadır. Lakin Azərbaycan ziyalıları bu kampaniyanın nəticəsiz qalacağına inanırlar.

Professor Fürudin Cəlilov Yenicag.az-a açıqlamasında bildirdi ki, kiminsə Aygün Attarın rektor seçilməsinə əngəl ola biləcəyini zənn etmir: “İnanmıram ki, Türkiyədə rektorluq uğrunda mübarizədə kimsə azərbaycanlı namizəd Aygün Astan əleyhinə təbliğat aparsın. Çünki o xanım işinin öhdəsindən peşəkarcasına gəlir, hamının əlindən tutur, gözəl nitq qabiliyyəti var. Azərbaycanın milli problemlərini dəfələrlə müxtəlif toplantılarda dilə gətirib. Ən şanslı namizəd odur. Kimlərinsə, ona maneə olmaq istədiyini isə birinci dəfədir ki, eşidirəm. Həmin xanım Türkiyə vətəndaşı olaraq bir dəfə rektor olub, indi ikinci dəfə namizədliyi verilib. İnanmıram ki, kimsə ona maneə ola bilsin, o yenə də seçiləcək”.

TQDK-nın sabiq rəhbəri Vurğun Əyyub da qeyd etdi ki, sözügedən rektor seçiminin Azərbaycan Türkiyə münasibətlərinə hər hansı bir aidiyyatı yoxdur: “Hər bir yerdə rektorluq uğrunda mübarizə gedir. O cümlədən Türkiyədə də belə bir mübarizə var. Hesab edirəm ki, Aygün xanım seçkilərdə qalib olacaq. O Girəsun Universitetində çox sevilən professor olmaqla yanaşı, kifayət qədər təcrübəli və savadlı xanımdır”.

Tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov rektor seçimi dövründə belə təbliğat prosesində qəbahət görmədiyini dedi: “Bildiyiniz kimi, Türkiyə universitetlərində Azərbaycandan getmiş kifayət qədər elm adamları çalışır. Onlar arasında Aygün Attar kimi rektorlar da var. Onlar da türk elmi üçün böyük töhvə verirlər. Bu azərbaycanlı xanımın rektorluğa namizəd olması və ona qarşı bəzi qüvvələrin kampaniya aparmasına gəldikdə, belə hadisələr təbii qarşılanmalıdır. Ola bilər orada da kiminsə kimdənsə xoşu gəlməz və ona görə digər namizədə qarşı kampaniya aparır. Azərbaycanlı xanım yəqin ki, bütün hallarda səs toplayıb və rektor təyin ediləcək və bununla da Azərbaycanın, həm də Türkiyənin başını yüksəkliklərə qaldıracaq”.

“Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Әləsgər isə digərləri kimi nikbin deyil. O, hesab edir ki, Aygün xanıma qarşı ciddi qüvvələr mübarizə aparır: “Bu gün erməni icmasının Türkiyə parlamentində 3 təmsilçisi var. Azərbaycan əsilli iki deputat isə sırf öz gücləri ilə seçiliblər. Türkiyədə bizim bir soydaşımız da var: Giresun Universitetinin rektoru Aygun Attar . Türkiyə və Azərbaycan davasına könül vermiş, erməni yalanına qarşı elmi mübarizənin önündə olan Aygün xanım rekord sayda səs yığsa da, biriləri onun rektor olmamasına çalışır. Bunun üçün Giresundakı bəzi QHT-şniklərə Türkiyə Cümhurbaşqanına məktublar yazdırır, ayrıca media qurumlarına soydaşımız əleyhinə materiallar ötürürlər. Hətta adının Cümhurbaşqanına getməməsinə çalışırlar. Çox təəssüf ki, bunun qarşılığında biz seyirçi mövqedə dayanmışıq. Bir Azərbaycan xanımının belə bir mövqedə olması ölkəmizin də böyük uğurudur. Onun üçün bu məsələdə susmaq olmaz. Gəlin biz də Türkiyə Prezidentinə və ictimaiyyətinə müraciət edək və soydaşımızın uğradığı haqsızlıqdan onları da xəbərdar edək. Gəlin, düşmən erməninin təəssübkeşliyindən az da olsa bizdə də olmasına çalışaq. İmkan verməyək ki dünənə qədər Paralel ilə hökumət arasında “elçilik” missiyası həyata keçirənlər Azərbaycan və Türkiyə üçün fədakarcasına çalışan həmyerlimizin haqqını yeməsinlər. Biz nə qədər məsələləri öz axarına buraxsaq, daha bir azərbaycanlıya ən az rəqibləri qədər zərbə vurmuş olacağıq. Onun üçün susmamalıyıq. Çalışmalıyıq ki, şər güclər istəklərinə nail olub, azərbaycanlı xanımın haqqını yeməsinlər”.

ELÇİN