“Aygün məmur “dostlarına” arxayın olub belə danışır”
Son zamanlar sənət adamlarının “İnstagram” səhifələrində onları tənqid edən insanları təhqir etməsi adət halını alıb. İlin əvvəlində müğənni Xatirə İslam sosial şəbəkədə onu tənqid edənləri “tupoy”, “qaraçı” adlandırmışdı. Sənətçinin bu addımı xalqı təhqir kimi qiymətləndirilmişdi.
Ötən gün isə xalq artisti Aygün Kazımova doğum günü məclisində geyindiyi qısa libasa görə tənqid olunub. Xalq artisti iradlara təhqirlə cavab verib və “Hər birinizin mənfi rəyi mənim belə bir yerimə, bədbəxtlər” şərhini yazıb.
A.Kazımovanın bu addımı insanlar tərəfindən müzakirələrə səbəb olub. Hətta sosial şəbəkələrdə xalq artistinin fəxri adının alınması barədə fikirlər səsləndirilib.
Xalq artistinin mətbuat katibi bildirib ki, Kazımova bu addımı haqda danışmaq istəmir.
Xalq artistinin insanları təhqir etməsinə münasibət bildirən deputat Nizami Cəfərov qeyd edib ki, A.Kazımovanın adının əlindən alınması ona qarşı haqsızlıq olar:
“Aygün Kazımova artıq böyük nüfuz sahibi olan, musiqimizdə sözünü demiş sənətkardır. Ona da xalq artisti adı təsadüfən verilməyib. Təbii ki, onun böyük sənəti nəzərə alınıb. Sənət adamlarında bəzən sadəlövhlük olur, ürəyi genişlikdən, istəmədən müəyyən intriqalara qoşulurlar. Nəticədə təzadlarla dolu mühit yaranır. Aygün Kazımova kimi bir çox sənət adamlarının tərcümeyi-halında belə hadisələrə rast gəlinir. Güman etmirəm ki, kəskin qərar qəbul edib, Aygünün adını əlindən almaq lazımdır. Aygün xalqını sevən adamdır. Fövqəladə hal olub ki, kimisə təhqir edib.
Müğənnidən, sənətkardan fəxri adını geri almaq mənim üçün qəbul olunmazdır. Onlar həssas adam olurlar. Adının alınması onlar üçün böyük məsələdir. Əgər Aygün Kazımova təhqir edibsə, vəziyyəti nəzərə alıb üzr istəyəcək. Çünki müdrik və səviyyəli qadındır”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə musavat.com-a açıqlamasında xalq artistini sərt tənqid edib:
“Bu adamlar arxalarında duranlara arxayındırlar. Aygünün bu cür hazırlamasının səbəbkarı məmurlardır. O müğənni özünün məmur “dostlarına” arxayın olub belə danışır. Artıq insanları təhqir edirlər. Onun ixtiyarı yoxdur ki, sadə vətəndaşı təhqir etsin. Aygünü kim “saxlayır”, kim arxasında durursa, jurnalistlər onu axtarıb tapmalıdır və ona deməlidir ki, Aygünün ipini yığsın. Üzr istəyirəm, o, kimlə yatırsa, onu axtarıb tapın. Deyin ki, sevgilini ayağına bağla. Aygünün adını çəkməyə dəyməz, onun adını çəkəndə utanıram. Xahiş edirəm ki, onun hərəkətini ictimaiyyətin müzakirəsinə verin”.