Aygün Muradxanlı bəraət aldı

Bakı Şəhər Səbail Rayon Məhkəməsi tanınmış jurnalist Aygün Muradxanlı ilə bağlı hökm çıxarıb. Məhkəmə iclası hakim Azər Tağıyevin sədrliyi ilə keçirilib. Hökmə əsasən, jurnalist bəraət alıb.

Bu barədə TNS-ə Aygün Muradxanlı özü məlumat verib.

Qeyd edək ki, iddiaçı Vahidə Əzizova EAST Residansın Bakı şəhərinin Nərimanov rayonunun Qarabağ küçəsində yeni bina tikmək məqsədilə 2021-ci ilin oktyabrında sökdüyü binanın zirzəmisinə 2021-ci ilin noyabrında özəlləşdirmə sənədi alıb. Onun şirkətdən külli miqdarda – 1 milyon 250 min manat tələb etməsi nəticəsində 200-ə yaxın ailə evsiz, tikinti şirkəti isə çarəsiz qalıb. Onlarla sakin, şirkətin vəkili bildirir ki, bu qadını ümumiyyətlə tanımırlar, sözügedən zirzəmi istifadəyə yararsız, pandemiya dönəmində bomjların yaşadığı məkan olub. Kanalizasiya sularının axdığı antisanitariya yuvasına qarşılıq şirkət hər şeyə göz yumaraq Vahidə Əzizovaya yeni tikili binanın yarızirzəmisində 100 kv yer təklif edib, üstəlik təmiri də boynuna götürüb. Qadın isə deyib ki, ona ya Nizami küçəsindən ev alınmalı, ya da 1 milyon 250 min nağd pul verilməlidir.

Bu problemi ictimailəşdirən Aygün Muradxanlı Vahidə Əzizova tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilmiş, jurnalist Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilmişdi.

Məhkəmə hökmü sübut edir ki, jurnalist haqlıdır və heç bir cinayət törətməyib.

COP29