Alkis Vryenios Drakinos Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Qafqaz üzrə regional rəhbəri təyin edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankı məlumat yayıb.
O, vəzifəsinin icrasına sentyabrın 1-dən Tbilisidə başlayıb.
Bildirilib ki, Drakinos EBRD-nin müvafiq ölkə strategiyalarına uyğun olaraq, Azərbaycan, Gürcüstan və Ermənistan iqtisadiyyatını daha da inkişaf etdirmək üçün hökumət orqanları və bazar iştirakçıları ilə sıx əməkdaşlıq etməklə, investisiyalar, islahatlar üçün siyasət dialoqu və kiçik biznesin maliyyələşdirilməsi və məsləhət xidmətləri vasitəsilə özəl sektorun və əsas infrastrukturun inkişafına dəstək verməklə, bankın bu üç ölkədəki əməliyyatlarına rəhbərlik edəcək.
“Mən Qafqaza qayıtmaqdan məmnunam. Regiondakı təcrübəmə və EBRD-də əldə etdiyim təcrübəyə əsaslanaraq bu mandatı üzərimə götürməyi səbirsizliklə gözləyirəm. Qafqaz regionuna dəstək bank üçün əsas prioritetdir. Regionun gələcək inkişafı və qlobal iqtisadiyyata inteqrasiyası üçün böyük potensialı var və mən bu iqtisadiyyatların uğurlarına nəzərəçarpacaq töhfə vermək üçün yerli EBRD komandaları ilə işləməkdə maraqlıyam”, – deyə A.Drakinos qeyd edib.
Yunanıstan vətəndaşı olan Drakinos bankda ilk dəfə 1993-cü ildə EBRD-də Yunanıstan üzrə İdarə Heyətinin direktorunun müşaviri kimi fəaliyyətə başlayıb. Daha sonra 1995-ci ildə Maliyyə Təşkilatları komandasına qoşulub və 1998-ci ildə bankın İrəvanda yerləşən Ermənistandakı Nümayəndəliyinin rəhbəri olub. KPMG, “Eurobank” və Qara Dəniz Ticarət və İnkişaf Bankında 12 illik maliyyə məsləhətçiliyi və müxtəlif vəzifələrdə çalışdıqdan sonra o, 2012-ci ildə Türkmənistandakı Nümayəndəliyin rəhbəri kimi yenidən EBRD-yə qoşulub. 2015-ci ildə isə bankın Afinada yerləşən Yunanıstan üzrə Nümayəndəliyinin direktor müavini vəzifəsinə təyin olunub. 2017-ci ilin oktyabrında Özbəkistandakı Nümayəndəliyin rəhbəri vəzifəsinə təyin edilib və 3 milyard avrodan çox dəyəri olan 100-dən çox layihənin həyata keçirilməsinə dəstək olub.
A.Drakinos Qafqaz üzrə direktor vəzifəsində Bankın Kişineuda yerləşən Moldova üzrə Nümayəndəliyinin rəhbəri təyin edilmiş Katarina Byorlin Hanseni əvəz edəcək.
Bu günə qədər Bank Qafqazda maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 680 layihəyə 10 milyard avrodan çox sərmayə qoyub. Bu investisiyaların böyük hissəsi özəl sektorun inkişafını dəstəkləməyə yönəldilib.