Ayın parçalanması “möcüzəsi”

din.az_2016-06-15_11-47-47
Sosial şəbəkələrdə də aktiv olan tanınmış ilahiyyatçı Elşad Miri “facebook” səhifəsində “Ayın parçalanması “möcüzəsi” adlı yazı paylaşıb və video hazırlayıb.

 

elsad miriAYIN PARÇALANMASI “MÖCÜZƏSİ”

Özünü ateist, bəzən də deist adlandıran jurnalistlərdən biri belə bir status yazıb:

“Məhəmməd möcüzə göstərmək üçün Ayı parçalayıb. Ondansa, müsəlman dünyasını birləşdirsəydi” və onunla eyni düşüncəni bölüşən digər jurnalist də cavab olaraq “Ay parçalanmasına dair ayə Quranda var. Ay parçalanması hadisəsi Quranda “Şəqqül Qəmər” ifadəsi ilə öz əksini tapıb” deyib.

Bu məsələ haqqında qısa olaraq düşüncələrimi yazmaq istəyirəm:

  1. Peyğəmbərə Qurandan başqa heç bir möcüzə verilməyib. Bunu Allah bildirir.
  2. Ayın parçalanmasını möcüzə kimi təqdim edənlər və iddia edənlər unudurlar ki, belə bir hadisədən sonra müsəlman olan bir səhabə məlum deyil.
  3. “Şəqqül Qəmər” və ya “inşiqaqı qəmər” adlandırılan hadisə ilə əlaqəli Buxari və Muslimdə İbn Məsuddan gələn 3 rəvayətin hər birində fərqli məlumatlar verilir.
  4. Rəvayətlərdə dağ adından, ümumiyyətlə, bəhs olunmur. Bu da şübhəli məqamlardan biridir.
  5. Peyğəmbərin səhabələri ondan heç bir möcüzə göstərmələrini istəmədikləri halda, Muhəmməd peyğmbərin heç bir səbəb olmadan möcüzə göstərdiyini iddia etmək gülməlidir.
  6. Məkkəli müşriklər də gəlib Ayı yarmasını istəməmişdilər. Elə isə Peyğəmbər heç bir səbəb olmadan niyə möcüzə göstərməli idi?
  7. Sonrakı illərdə İbni Abbasa istinad edilən bəzi rəvayətlər uydurulub. Niyə uydurulub deyirəm? Çünki hadisənin olduğu iddia edilən vaxtda İbn Abbas hələ dünyaya gəlməmişdi.
  8. “Ayın yarılması” hadisəsinin peyğəmbərliyin ilk illərində, boykot dövründə gerçəkləşdiyi mənbələrdə qeyd olunur və dəlil kimi də “Qəmər” surəsi sübut kimi təqdim olunur. Halbuki “Qəmər” (Ay) surəsi peyğəmbərliyin 9-cu ilində göndərilib. Arada illər var.
  9. Quranın 54-cü surəsi olan “Qəmər” (Ay) surəsinin ilk ayəsində belə buyurulur: “O Saat yaxınlaşdı və ay bölündü”. O saat, yəni qiyamət yaxınlaşmadığına görə demək ki, Ay da hələ bölünməyib. Aydın olur ki, bu surə iddia olunduğu kimi Ayın bölünməsi ilə əlaqəli deyil, əksinə Qiyamət günü barəsindədir. Bütün bunlardan sonra deyə bilərik ki, Sonuncu peyğəmbərimizin Ayı iki yerə bölmək kimi bir möcüzəsi olmayıb.
  10. Ərəb dilində keçmiş zaman olaraq adlandırılan mazi feilləri gələcəkdə olacağı qəti olan hadisələrlə əlaqəli olaraq istifadə ediləndə keçmiş zamanda yazılır.
  11. «Ay yarıldı» ifadəsi ərəblərdə məsəldir. «Həqiqət ortaya çıxdı» mənasında işlədilir. Dilimizdəki «Güvəndiyim dağlara qar yağdı» məsəlində olduğu kimi…
  12. Digər versiyalardan biri həmin vaxtı Ayın tutulması hadisəsidir. Hətta mənbələrdə məkkəlilərin Ayın tutulmasını görüb Muhəmməd peyğəmbərin sehr etdiyini iddia ediblər və əllərində qab qaşıqlarla küçələrlə səs salıblar.
  13. Ayənin tərcüməsini əlimizdə mövcud olan tərcümlərdən yazmışam, mən isə ayəni tərcümə edərkən keçmiş zaman deyil, bizim oxucuların asan başa düşməsi üçün gələcək zaman feili ilə işlədərdim…
  14. «İsra» surəsinin 59 və “Ənkəbut” surəsinin 50-51-ci ayələrində Muhəmməd peyğmbərə Qurandan başqa möcüzənin verilmədiyi açıq-aşkar bildirilir. Ay yarılsaydı, bütün gecəni yaşayan dünyadadkı bütün insanlar görməli idi…

Daha sonra ilahiyyatçı yaranmış mübahisəni bu fikirlərlə yekunlaşdırıb…

Heç ilk mənbələrdə möcüzə termini barədə bircə cümlə də olsa, məlumat yoxdur. Hicrətin ilk əsrində Qurandan başqa möcüzədən söhbət edilmədiyi halda, 2-ci əsrdə 3 dənə möcüzə, 3-cü əsrdə 10 möcüzə, 5-ci əsrdə 40 möcüzə, hicrətin 6-cı ilində 120, hicrətin 8-ci əsrində isə mindən artıq möcüzə törədilib, daha doğrusu uydurulub. Görürsənmi, bu yalanlar 1400 il deyil…

din.az

COP29