Aylıq ödəniləcək 12 manat: “Hər kəsin sığorta xidmətlərindən yararlanması üçün…” – İZAH

Azərbaycanda toy aparıcıları, çalğıçılar, rəqqaslar, dərzilər və bərbərlərin icbari tibbi sığorta ilə əhatə olunması ilə bağlı “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi qəbul edilib. Sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əmək haqqının 4 faizi miqdarında məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında bildirib ki, icbari tibbi sığortanın xidmətlərindən hər kəsin yararlanması məqsədəuyğundur:

“Öncəliklə qeyd edim ki, toy aparıcıları, çalğıçılar, rəqqaslar, dərzilər və bərbərlərin fəaliyyəti rəsmi şəkildə qeydiyyata alınır. Yeni dəyişikliyə görə, həmin qrupa daxil olan şəxslər məhz qeydiyyatdan sonra 12 manat həcmində ödəniş həyata keçirəcəklər. Bu qərarı doğru hesab etmək olar. Çünki hər kəsin sığorta xidmətlərindən yararlanması üçün icbari sığortanın əhatə dairəsinin genişləndirilməsi mütləqdir. Nəzərə alaq ki, tibbi sığorta son dərəcədə vacibdir. Bu sistem işə düşübsə, xidmət səviyyəsi bütün təbəqələri əhatə etməlidir. Bu halda həm insanlar tibbi sığortadan faydalana biləcək, həm də sistem təkminləşdirilmiş şəkildə fəaliyyət göstərəcək”.

Qeyd edək ki, əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda aşağıda qeyd olunan əhali qruplarının sığorta haqları dövlət büdcəsi hesabına ödənilir: – 18 yaşınadək şəxslər; – 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər; – Pensiyaçılar; – Sosial müavinət almaq hüququna malik olan şəxslər; – Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; – Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar; – Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar. Digər şəxslər isə sığorta haqqı ödəmədən bu xidmətdən istifadə edə bilmir.

Gülşən Şərif