AYNA-nın boş buraxdığı 197 nömrəli marşrut avtobusu: Sürücülərin plan davası sərnişinləri boğaza yığıb – ŞİKAYƏT
Bakı şəhərinin ictimai nəqliyyatında yaşanan problemlər bitmək bilmir. Xüsusilə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə Maştağa qəsəbəsi arasında hərəkət edən 197 nömrəli marşrut avtobusunda sərnişinlərin narazılığı pik həddə çatıb.
Yenicag.az-a daxil olan şikayətdə bildirilir ki, bu xətt üzrə hərəkət edən avtobus sürücüləri sanki sərnişindaşıma ilə deyil, əksinə, şəxsi maraqlarının çəkişməsi ilə məşğuldurlar.
Şikayətçilər deyirlər ki, plan davasına çıxan sürücülər dayanacaqlara eyni anda yaxınlaşaraq vaxt üstündə mübahisə edirlər. Bu səbəbdən sərnişinlər uzun-uzadı gözləməli, ya da başqa avtobus axtarmağa məcbur olurlar.
Xüsusilə pik saatlarda yaşanan bu xoşagəlməz hallar ictimai nəqliyyatdan istifadə edən vətəndaşlara ciddi problem yaradır. Sürücülərin vaxt üstündə dava etməsi nəticəsində avtobusların hərəkət cədvəli pozulur, sərnişinlər planlaşdırdıqları marşrut üzrə gedə bilmirlər. Hətta elə hallar olur ki, sərnişinlər bir avtobusdan digərinə keçməyə məcbur qalır, bu isə əlavə vaxt itkisinə və narahatlığa səbəb olur.
Ən acınacaqlısı isə odur ki, aidiyyəti qurum – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu problemə göz yumur. Sürücülərin intizamsız davranışlarına, sərnişinlərə qarşı məsuliyyətsiz yanaşmalarına heç bir nəzarət edilmir. Nəticədə nəqliyyat sistemi xaos içində qalır və ən çox əziyyət çəkən yenə də vətəndaşlar olur.
Bəllidir ki, sərnişindaşıma xidməti sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etməlidir, lakin görünən odur ki, bəzi marşrutlarda nə sürücülər, nə də nəzarət orqanları bu məsuliyyəti dərk edir.