“Donuq sifət, tərpənməyən qaş, heç nə ifadə etməyən donuq gözlərlə hansı emosiyanı tamaşaçıya çatdıra bilərsən?! Əlbəttə ki, belə məqamda yalnız özünə qarşı qıcıq doğura bilərsən…”
Bunu son vaxtlar sənət adamlarının ifrat dərəcədə estetik və plastik əməliyyat etdirməsi ilə bağlı səngiməyən müzakirələrə qatılaraq aktrisa Aynur Naz Yenicag.az-a açıqlamasında deyib.
Aktrisa bildirib ki, xüsusən sənət adamlarının estetik prosedurlar etdirdiyi vaxt diqqətli olmalı və həddi aşmamalıdırlar:
“Bəlli bir yaşa çatanda qadın mütləq şəkildə özünə baxmalıdır və onun baxım məqsədilə prosedurlardan istifadə etməsi normaldır. Xüsusən də səhnə adamları hər zaman gözəl görünüşünü qorumalıdır ki, tamaşaçı zövqünü oxşaya bilsin. Amma hər şeyin bir dərəcəsi var. Baxım üçün edilən estetik və plastik prosedurlar ifrat dərəcədə olanda artıq tamaşaçını özündən itələyirsən və hətta mən deyərdim ki, qıcıq yaradırsan. Adi bir misal çəkim. Hər hansı bir obraza çəkilən aktrisanın əhval-ruhiyyəsi bilinməlidir, obrazın daxili dünyasını tamaşaçıya çatdırmaq üçün müəyyən mimikalar olmalıdır. Yoxsa ki, donuq sifətlə hər hansı bir obrazın daxili aləmini necə açmaq mümkündür? Təsəvvür edin, üz donub qalıb, qaşlar tərpənmir, gözlər heç nə ifadə edə bilmir, nə gülə bilir, nə ağlaya bilirsə, bu halda tamaşaçını necə öz obrazına inandıra bilərsən?! Tamaşaçı görür ki, obrazı təəccübünü bildirir, amma üzündə heç bir təəccüb ifadəsi yoxdur, sifət sanki donub qalıb. Yəni sözümün canı budur ki, xanımların hər zaman gözəl, baxımlı olmasının tərəfdarıyam, amma qədərində. Dahi Nizami Gəncəvinin məşhur misralarında deyildiyi kimi: “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da…”
Cəvahir