AYP başqanı: “Hələ çox binanın tikintisinə yüzmilyonlar sərf olunacaq”

“Hamı ümid edirdi ki, Qarabağda əldə olunan zəfərdən sonra mülki həyatın bütün sahələrində yeni səhifələr açılacaq, vəzifə sahibləri tamamilə yeni və xalqın gözləntilərinə uyğun siyasət həyata keçirəcəklər. Ancaq real həyatda gördüklərimiz bunun belə olmadığını deməyə əsas verir”.

Bunu Mərkəzi Bankın yeni binasının tikintisinə 450 milyon manat xərclənəcəyi xəbərinin cəmiyyət tərəfindən haqlı olaraq etirazla qarşılanmasına münasibət bildirən Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli Yenicag.az-a açıqlamasında deyib.

AYP başqanı vurğulayıb ki, vətəndaşların bu məsələdə etirazı başadüşüləndir. Əks halda, hələ çox binanın tikintisinə yüzmilyonlarla manat sərf olunacaq və vətəndaşlara sadəcə tənqid etmək qalacaq:

“İqtisadçılar dəqiq hesablamalarla bu rəqəmin həddindən artıq şişirdilmiş olduğunu göstərirlər. Misal üçün, bu məbləğə xaricdə minlərlə gənc alim və mütəxəssisin təhsil xərcini ödəmək, onminlərlə qaçqın və məcburi köçkünün azad olunmuş torpaqlarda evini inşa etmək, real istehsal sahələri olan bir neçə orta çaplı fabrik-zavodların qurulmasını, işlədilməsini təmin etmək olardı. Amma olmayacaq.
Niyə? Ona görə yox ki, iqtidar mənsubları büdcə vəsaitlərini səmərəsiz və səhlənkar şəkildə israf edirlər. Bunu onlar çoxdandır, edirlər. Yəni, bir növ vərdiş ediblər. Ona görə yox ki, Mərkəzi Bankın rəhbərliyində hesab-kitab işini bilən yoxdur. Var, özü də lap əlasından. Özlərinə lazım olan “hesabları” çox gözəl bilirlər.
Ona görə olmayacaq ki, həmin potensial minlərlə gənc alim və mütəxəssisin, onminlərlə qaçqın və məcburi köçkünün, yüzlərlə kiçik və orta sahibkarın heç on nəfəri belə bir araya gəlib haqqını, hüququnu qoruyacaq siyasi birlik ruhunda, əzmində deyil.

Biz dəfələrlə Azərbaycanda sosial, iqtisadi, mədəni, elmi, hüquqi və digər problemlərin hamısının kökünün siyasi müstəvidə olduğunu deyirdik. Bir problem milyonlarla insanın yaşayışına təsir edirsə, bu, siyasi problemdir, siyasi məsələlər ictimai hərəkatlarla deyil, daha çox siyasi partiyaların fəaliyyəti ilə aşılmalıdır. Bunun üçün də heç kim siyasi proseslərdən kənarda qalmamalıdır, “hər bir vətəndaş siyasi partiya daxilində təşkilatlanmalıdır” deyərkən bu günlərimizi nəzərdə tuturduq.
Alimlər də, iş adamları, sənətkarlar, müəllimlər, həkimlər, aqrar işçilər, dövlət qulluqçuları da – hamı və hər kəs anlamalıdır ki, vətəndaşı olduqları ölkənin taleyi öz əllərindədir. Ölkə sadəcə, torpaq, ərazi demək deyil. Ölkə elə əhali deməkdir. O əhali ki, öz taleyinə laqeyd qalmamalıdır. Əks təqdirdə hələ çox binanın tikintisinə yüzmilyonlarla manat sərf olunacaq və bizə isə sadəcə, tənqid etmək qalacaq”.

Gülşən Şərif

COP29