“Ayrı salınmış bacılar” filmi ətrafında QALMAQAL – Nazirlikdən RƏSMİ MÖVQE

Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş “Ayrı salınmış bacılar” (“Sisters apart”) filmini nümayiş etdirməkdən imtina etsə də, Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə “Landmark”da nümayiş etdirəcək. Bununla bağlı səfirlik sosial şəbəkədə elan yayıb.

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini icra edən Nuridə Allahyarova “Ayrı salınmış bacılar” filminin yayımlanması ilə bağlı Yenicag.az-a verdiyi məlumatda mövqeyini bildirib.

O, sözügedən filmin nümayişinin qeyri-kino profilli hansısa məkanda nümayişinin Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə aid olmadığını qeyd edib:

“Mövcud qanunvericiliyə əsasən ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq Yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur.

“Ayrı salınmış bacılar” filmi ilə bağlı bildiririk ki, sözügedən filmə Nazirlik tərəfindən Yayım vəsiqəsi verilməyib və istər Nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb.

Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə isə bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil.

Bununla belə, Nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir”.

Cəvahir