“Biz öz gücümüzə arxalanırıq, Azərbaycan xalqımızın iradəsi ilə idarə olunur. Bizim bütün uğurlarımızın təməlində vətəndaş birliyidir”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iyunun 17-də təşkil olunan iftar mərasimində deyib.
Prezident İlham Əliyev qeyd edib ki, vətəndaş birliyi millətlərarası, dinlərarası birlik olmadan mümkün deyil, xüsusilə, çoxmillətli və çoxkonfessiyalı ölkələrdə: “Biz fəxr edirik ki, çoxmillətli ölkəyik. Biz fəxr edirik ki, Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələri rahat yaşayırlar. Onlar fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdır. Onlar həm ölkə daxilində, həm xaricdə ölkəmizin inkişafına çox böyük töhfələr verirlər”.
Dövlət rəhbəri qeyd edib ki, Azərbaycanda heç vaxt ksenofobiya, antisemitizm olmayıb və olmayacaq da.
“Ayrı-seçkiliyə, ekstremizmə yol vermək olmaz. Biz ancaq birlikdə ölkəmizi gücləndirə bilərik, ancaq birlikdə xoşbəxt gələcəyə nail ola bilərik. Bizim üçün bu, həm həyat tərzidir, həm dövlət siyasətidir. Bu siyasət Azərbaycan xalqı tərəfindən bəyənilir, dəstəklənir”, – deyə prezident İlham Əliyev qeyd edib. /APA