“Bəzi şirkətlər həmişə çalışır ki, kiçik məbləğdə əməkhaqqı versinlər, amma namizəddə olan kriteriyaları, gözləntiləri çox yüksək olur”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında iş elanları, vakansiyalarda işə qəbul olmaq istəyən şəxslərdən tələb olunan yüksək kriteriyalar haqda danışan insan resursları üzrə mütəxəssis Röyal Əhmədov deyib.
Onun sözlərinə görə, hazırda əmək bazarını araşdrırarkən əsas iş elanları, vakansiyalarda bir çox problemlə qarşılaşır:
“İş elanlarının çoxunda, demək olar ki, axtarılan işçiyə qarşı qoyulan tələblər çox yüksəkdir. Dil bilikləri ən azı rus, ingilis dili və sair bu artıq şirkətdəki pozisiyasından asılı olaraq dəyişir. Aşağı pozisiyalarda daha çox dil biliyi tələb olunur. Hətta bəzən satıcı, fəhlə, satış təmsilçisi və daha orta təbəqədə olan vakansiyalarda da dil biliklərinin üstünlüyünü elanlarda görə bilirik.
Yuxarı kateqoriyalarda demək olar ki, bir çoxunda iki dil biliyi tələb olunur və vəzifə öhdəliklərinə fikir verdikdə isə vəzifə öhdəliklərinin ağırlığı şirkətin təklif etdiyi əmək haqqıya nisbətən daha çox olur. Məsələn, bir namizəd üçün rus dili və ya ingilis dili tələbi qoyulur, vəzifə öhdəlikləri çox ağır olduğu təqdirdə həmin şirkətin təklif etdiyi əmək haqqı 700, 800-1000 manat aralığında olur. Düşünürəm ki, bu çox az məbləğdir. Çünki rus dili və ya ingilis dilini bilən və həmin pozisiyaya uyğun olan bir namizəd üçün minimal maaş 1000 manatdan 1500 manatadək olmalıdır. Bu, iş təcrübəsindən asılı olaraq da dəyişə bilər.
Əgər bir şirkət işə götürmək istədiyi şəxsdən minimum 3 illik təcrübə, rus və ingilis dili biliyi istəyirsə, kriteriyaları yüksək və ağırdırsa, artıq bu məbləğ 1500 manatdan yuxarı olmalıdır. Bu yanaşmanın əsas səbəbi şirkətlərin həmişə gənc kadrlar dəvət etməsinə çalışmasıdır. Lakin gənc olduğu təqdirdə, iş təcrübəsi olmuş namizədləri həmin pozisiyaya tələb edirlər”.
R.Əhmədov qeyd edib ki, bununla yanaşı, bir çox şirkət, demək olar, ali təhsil müəssisəsini, hər hansı təcrübə proqramını yeni bitirmiş gəncləri minimal əməkhaqqı, hətta yenidən təcrübə proqramına müraciət etmək şərti ilə minimal əməkhaqqıya dəvət etmək istəyir:
“Düşünürəm ki, bu da uyğun pozisiya deyil. Fikrimcə, bir çox şirkət, ümumiyyətlə, təcrübə proqramı elan etməlidirlər. Bununla yanaşı, universiteti yeni bitirən tələbələr cəmiyyətdən kənarda qalır. Onların işləməsi üçün təcrübə proqramları kifayət qədər çox olmalıdır. Bəzi şirkətlər həmişə çalışır ki, kiçik məbləğdə əməkhaqqı versin, amma namizəddə olan kriteriyaları, gözləntiləri çox yüksək olur. Kompüter, dil biliyi, əlavə olaraq, digər bacarıqların yüksək səviyyədə olmasını istəyirlər. Bu da doğru addım deyil. Bu, birbaşa işsizliyin və onun faiz dərəcəsinin artımına təsir göstərir.
Bunun çıxış yolu rəhbərlərin istiqamətləndirilməsidir. Ümumiyyətlə, hökümət tərəfindən şirkətlərin və rəhbərlərinin və işçilərinin əməkhaqqı nisbətlərini tənzimləyən qanunvericilik və ya bununla bağlı akt formalaşdırılmalıdır”.
İsmayıl Bakuvi