Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
Yenicag.az-ın məlumatına görə, azad edilmiş torpaqlarda iqtisadi fəaliyyətin təşkili işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu İqtisadi məsələlər üzrə İşçi Qrup əmlakın inventarlaşdırılması, işğaldan əvvəl mövcud olan xəritələrin vektorlaşdırılması, habelə iqtisadi fəallığın dəstəklənməsi kimi proseslər üzərində işləyir.
Aidiyyəti qurumlar tərəfindən Qrupun sahəvi tədbirlər planının icrasına başlanılıb. Belə ki, Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bir çox əmlakın çöl inventarlaşdırma işləri tamamlanıb, bir necə infrastruktur, nəqliyyat və təchizat, eləcə də torpaq sahələrinin inventarlaşdırılması başa çatdırılıb. Veb əsaslı, mətn və qarfiki komponentlərdən ibarət Qarabağ İnventar Proqramı hazırlanıb və dövr ərzində təkmilləşdirilib. Hazırda müvafiq dövlət qurum və təşkilatları ilə texniki inteqrasiya mühiti qurulur.
İşğaldan əvvəl mövcud vəziyyətə dair xəritə materiallarının vektorlaşdırılması, bu sahədə zəruri işlərin davam etdirilməsi məqsədilə kənd yaşayış məntəqələrinin kağız xəritələrin koordinat sisteminə gətirilməsi üçün işlər aparılır.
Bu ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi işləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin edilir.
Artıq investisiya layihələri ilə bağlı 400-dən artıq müraciət daxil olmuşdur. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.
Yeni təşviq alətlərinin formalaşdırılması, o cümlədən sənaye parkları, sənaye məhəllələri, aqroparkların yaradılması ilə bağlı təkliflər hazırlanır.
Sahəvi Tədbirlər Planına uygun olaraq, işğaldan azad edilmiş ərazilərin turizm potensialının qiymətləndirilməsi, bölgənin regional turizm strategiyasının formalaşdırılması, turizm marşrutlarının hazırlanması istiqamətində Dövlət Turizm Agentliyi tərəfindən müvafiq işlər görülür.
Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər İşçi Qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.