Məmurların çərçivələdiyi “azad” iqtisadi zonalar

Ötən gün Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli qanununun tətbiqi barədə fərman imzalayıb.

Məhz bundan sonra azad iqtisadi zonaların yaradılmasıyla bağlı şərtlər, bunun ölkə iqtisadiyyatına gətirəcəyi fayda və perspektivləri müzakirə mövzusuna çevrilib.

Sözügedən məsələlərə aydınlıq gətirmək üçün Yenicag.az keçmiş millət vəkili, iqtisadçı Nazim Bəydəmirliyə müraciət edib.

İqtisadçı Ələt azad iqtisadi zonasının Çindən Avropaya gedən yüklərin alternativ daşınması üçün də nəzərdə tutulduğunu bildirib. “Dünya təcrübəsindən çıxış edərək deyə bilərik ki, azad iqtisadi zonalar müxtəlif ölkələrdə müxtəlif məqsədlər daşıyır. Bəzi ölkələrdə bu zonalar nəqliyyat kəsişmələrinin üzərində qurulur, bəzi ölkələrdə işsizliklə mübarizə, bəzilərində isə yeni texnologiyaların gətirilməsi və s. üçün yaradılır. Demək olar ki, bütün azad iqtisadi zonalarda gömrük və vergi dərəcələri çox aşağı olur, investisiya müraciətləri yaxşı olur. Lakin bu zonalarda bir çox əmək hüquqlarıyla bağlı məhdudiyyətlər özünü göstərir. Yəni, həmin bölgələrdə Həmkarlar İttifaqı yaradıla bilmir, işçinin hüququ işəgötürənin xeyrinə olaraq daha da azaldılır. Ələtdə yaradılmış azad iqtisadi zona əslində xüsusi iqtisadi zonadır.

Mən sözügedən zonayla bağlı böyük perspektivlər görmürəm. Belə ki, Rusiyanın, Qazaxıstanın üzərindən Çin mallarının Avropa daşınmasıyla bağlı artıq həmin proyekt işə düşüb. Bizdə bir neçə illər ərzində süründürməçiliyə məruz qalan bu layihə çox gec də olsa həyata keçdi. Bunun özü də müsbət addımdır. Eyni zamanda təcrübə onu göstərir ki, azad iqtisadi zonada infrastrukturla bağlı əsas investisiya qoyan dövlət olsa da belə, onun idarəetməsi digər vəsaitləri qoyan tanınmış şirkətlərdə olur. İndiki zamanda Ələtdə logistik şirkətlərin marağı daha böyük olmalıdı. Çünki bu zona nəqliyyat dəhlizi üzərində yerləşir”.

N.Bəydəmirli qeyd edib ki, iqtisadiyyatı inkişaf etdirmək üçün ilk olaraq məmur sahibkarlığı ləğv edilməli, gömrük və sərhəddə islahatlar aparılmalıdır: “Azərbaycanda ümumi məmur sahibkarlığı yüksək olduğuna görə “bir güllə bahar olmaz” misalını yadınıza salmaq istərdim. Bu baxımdan, zonanın Azərbaycan iqtisadiyyatı üçün böyük önəm daşıyacağına ümid bəsləmirəm. Çünki kökündən dəyişiklik olması üçün məmur sahibkarlığı ləğv olunmalıdır.

Ümumiyyətlə, bazar iqtisadiyyatı onu tələb edir ki, Azərbaycanın iqtisadiyyatı azad olsun. Beynəlxalq reytinq agentliklərinin reytinqinə baxdıqda görürük ki, biz iqtisadiyyatı qismən azad olan ölkələr arasındayıq. Liberal bazar dəyərləri yüksək olmayan ölkələrdə, əsasən, qeyri-neft serktorunda çalışan və böyük həcmdə investisiya yatıra bilən transmilli şirkətlər fəaliyyət göstərir. Onlar hər hansı bölgə ilə bağlı yaxşı və ya pis fikirlər deyilməsinə bir o qədər də önəm vermirlər, reytinq agentliklərinin açıqladığı hesabatlara baxırlar: həmin ölkədə biznes dözümlülüyü nə dərəcədədir, iqtisadi mübahisələr məhkəmələrdə necə həll olunur, məhkəmələr bu mənada azaddırlarmı, icra strukturları biznesə nə qədər müdaxilə edir, müxtəlif biznes üçün icazələr və lisenziyaların verilməsi qaydası nə qədər düzgündür və bank sektoru nə qədər əl çatandır. Bir çox faktorlar üzrə monitorinq apararaq buna əsasən ölkəyə investisiya qoymaq barədə düşünürlər. Hesab edirəm ki, hökumət daha dərin islahat apararaq ümumiyyətlə Azərbaycanı azad iqtisadi zonaya, iqtisadiyyatını azad iqtisadiyyata qovuşdurmalıdır ki, heç bir yerdə bu və ya digər formada xüsusi iqtisadi zona, azad iqtisadi zona yaratmağa ehtiyac qalmasın. Qonşu ölkələrlə olan keçid məntəqələrində kiçik ticarətlə məşğul olan vətəndaşların keçidi ilə bağlı gömrük orqanlarının əməkdaşlarının yaratdığı süni əngəllər bir daha onu göstərir ki, əslində iqtisadiyyatı azad etmək gömrükdən və sərhəddən başlamalıdır. Sərhədyanı ticarəti stimullaşdırmaq daha vacibdir. Çünki əgər ölkə vətəndaşı gündəlik istehlak malları üçün qonşu ölkələrə gedirsə, deməli ölkənin iqtisadiyyatı xəstədir”.

COP29