Azad olunmuş ərazilərə qayıdışın ölkə iqtisadiyyatının inkişafına təsirləri

 

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın 30 ilə yaxın bir müddətdə ermənilərin darmadağın etdikləri, demək olar ki. heç bir həyat olmayan ərazilərdə sürətli quruculuq və abadlıq işlərinə başlaması Qarabağın iqtisadi potensialı ilə bağlı fikirləri gündəmə gətirdi.

Qeyd edək ki, işğaldan əvvəl Qarabağ və onun ətrafında olan rayonların iqtisadiyyatı ölkə iqtisadiyyatında müstəsna yer tuturdu. Xüsusi ilə də aqrar sahədə bu bölgənin böyük potensialı var idi. İstər kənd təsərrüfatı sahəsində, istərsə də heyvandarlığın inkişafı sahəsində münbit torpaqları olan Qarabağ bölgəsi həm də iqtisadiyyatın şaxələndirilməsi, yeni müəssisələrin yaradılması baxımından da böyük potensiala malikdir. Odur ki, iqtisadçı ekspertlər Qarabağa Böyük Qayıdışa paralel olaraq bölgədə iqtisadi inkişafın da gedəcəyini proqnozlaşdırırlar. Onu da deyək ki, bölgədə olan təbii ehtiyatların da səmərəli istifadəsinin ölkə iqtisadiyyatına böyük vəsaitlər gətirəcəyi proqnozlaşdırılır.

Bundan başqa bölgənin strateji yerdə olması bölgənin loqistik və yüklərin daşınması baxımından da əhəmiyyətli olduğunu göstərir. Ekspertlərə görə, Şərqi Zəngəzur dəhlizinin açılması bölgəni böyük bir loqistik mərkəzə çevirəcək. Bundan başqa bölgə öz təbii imkanlarına görə turizmin inkişafı baxımından da böyük yatırımların cəlb edilməsi baxımından əhəmiyyətlidir. Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsi qədim tarixi, zəngin maddi mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi irsi, eləcə də adət-ənənələri ilə fərqlənir. İşğaldan azad edilmiş torpaqların iqtisadi potensialı çoxspektrli olub, kənd təsərrüfatının, sənayenin və turizmin müxtəlif sahələrini əhatə edir. Bu  torpaqlar üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Burada qarğıdalı, noxud və üzüm regionun xarakterik bitkilərindəndir. Xatırladaq ki, Füzuli, Ağdam rayonları işğaldan əvvəlki dövrlərdə pambıq, taxıl, üzüm istehsalına görə ölkədə aparıcı rayonlar sırasında idilər. Cəbrayıl, Qubadlı, Zəngilan rayonları da üzümçülükdə fərqlənirdi. Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanda hey­vandarlıq çox inkişaf etmişdi. Göründüyü kimi, işğaldan azad edilən ərazilərimizin təbii imkanları, kənd təsərrüfatı potensi­alı bölgədə iqtisadiyyatın daha tez bərpa olunmasına şərait yarada bilər.

Azərbaycanın mineral su ehtiyatlarının 40 faizinə qədəri Qarabağda – Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşsu, Şırlan və başqa mineral sular diqqəti xüsusilə cəlb edir. Bu suların həm qablaşdırılaraq satılması, həm də bulaqların üzərində kurort-rekreasiya zonalarının yaradılması mümkündür. Qarabağ bölgəsi bir sıra efiryağlı, aromatik, dərman, bəzək və digər qeyri-ənənəvi bitkilərin də vətənidir. Şuşa şəhərində bitən xarı bülbül Qarabağın rəmzi hesab olunur. Bu unikal bitki artıq həm də Vətən müharibəsi şəhidlərimizin ruhuna ehti­ram olaraq anım gününün simvoludur.

Qarabağ böyük xammal bazasına malikdir. Regionun sənaye potensialına nəzər salaq. Bundan başqa bölgədə zəngin su təchizatı, elektrik enerjisi, sənaye rekreasiya imkanları və zəngin faydalı qazıntıların emalı imkanları var.

Qarabağ füsunkar təbiəti ilə yanaşı, yeraltı və yerüstü sərvətlərə, zəngin iqtisadi potensiala, geniş turizm imkanlarına malikdir. Bu rayonlarımız aqrar üstünlüyü, xammal bazası və emaledici sənaye istehsalı baxımından əlverişlidir. Həmin ərazilərin iqtisadi potensialının əsas parametrlərinə diqqət yetirsək görərik ki, Ermənistanın talançılığı, istismarı nəticəsində regionun infrastrukturu yox səviyyəsinə gətirilib. İşğal nəticəsində minlərlə hektar əkinəyararlı ərazi hərbi tullantılarla çirkləndirilmiş, Azərbaycan iqtisadiyyatına və dünyanın genofonduna milyardlarla manat həcmində ziyan vurulmuşdur.

Bununla belə artıq işğal dövrü geridə qalıb və 44 günlük Vətən müharibəsini Zəfərlə başa vuran qalib Azərbaycan xalqı və dövləti ancaq irəliyə, doğma yurd yerlərimizin qurulması, bərpası, insanların öz yurdlarına geri dönüşü mərhələsini yaşayır. Artıq bir çox ərazilərimizə Böyük Qayıdış başlayıb və insanlarımız öz yurdlarına böyük həvəs və istəklə qayıdırlar. Həmçinin qayıdışla paralel insanların məşğulluğunu təmin etmək üçün yeni müəssislər açılır. Bütün bunlar isə həm ölkəmizin iqtisadiyyatı, həm də Qarabağ bölgəmizin gələcəyi üçün böyük inam və əminlik yaradır.

 

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Cənubi Qafqazda sülh gənclərin gözü ilə” layihəsi çərçivəsində hazırlanıb.

 

 

COP29