“Azad Suriya Ordusunun da Türkiyə ilə birlikdə hərəkət etməsi…” – Azərbaycanlı polkovnik

“ABŞ və bəzi başqa ölkələrin Türkiyənin bu addımına qarşı bəyanatlar verməsi gözlənilməz deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyənin Suriyanın şimalında başladığı “Barış pınarı” əməliyyatını dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Şair Ramaldanovun sözlərinə görə, Türkiyənin bu əməliyyata başlaması çox ciddi amillərlə şərtlənir:

“O istiqamətdə PKK-nın Suriya qanadı Türkiyə üçün təhlükə yaradırdı və Ankara bu təhdidi ortadan qaldırmaq üçün onları neytrallaşdırmalı idi. Digər tərəfdən, həmin ərazidəki kürd separatçı dəstələri Türkiyədə yaşayan kürdləri də terrora cəlb edirdilər.

Əməliyyatın keçirilməsi ilə əlaqədar Türkiyə, Rusiya və İran rəhbərləri arasında müzakirə aparılmışdı və müəyyən razılıq əldə olunmuşdu. Eyni zamanda, Türkiyə əməliyyata başlayacağı haqda ABŞ-a da xəbərdarlıq etmişdi. Nəticədə ABŞ Türkiyənin qətiyyəti nəticəsində məcbur olub öz qüvvələrini oradan çəkdi.

ABŞ və bəzi başqa ölkələrin Türkiyənin bu addımına qarşı bəyanatlar verməsi gözlənilməz deyil. Ancaq unutmayaq ki, Türkiyə, Türkiyədir. Nəzərə alaq ki, Türkiyənin Silahlı Qüvvələri öz döyüş qabiliyyətinə görə NATO ölkələri arasında ikinci yerdədir. Türkiyə gücünə inanır, əsgərlərinin əhval-ruhiyyəsi çox yüksəkdir və onlar öz Ali Baş Komandanlarının əmrini uğurla yerinə yetirəcəklər.

Azad Suriya Ordusunun da Türkiyə ilə birlikdə hərəkət etməsi çox mühüm məqamdır. Bu fakt da göstərir ki, Türkiyənin məqsədi başqa ölkənin ərazisini tutmaq yox, terrorun kökünü kəsməkdir.

Azərbaycan isə hər zaman Türkiyəninin yanındadır və qardaş ölkəni birmənalı olaraq, dəstəkləyir. Ümumiyyətlə, hesab edirəm ki, bütün müsəlman dövlətləri bu məsələdə Türkiyəni dəstəkləməlidirlər. Çünki Türkiyənin bu əməliyyatı keçirməkdə məqsədi həm Suriyada sabitliyin yaradılması, həm də öz təhlükəsizliyini təmin etməkdir”.

Səxavət Məmməd

COP29